Ana Sayfa > Manşet / Siyasət > Göydəniz Qəhrəmanov: “Azərbaycan-Slovakiya münasibətlərinin inkişafı çoxşaxəli xarakter daşıyır”

Göydəniz Qəhrəmanov: “Azərbaycan-Slovakiya münasibətlərinin inkişafı çoxşaxəli xarakter daşıyır”


Bu gün, 11:48. Yazar: azer
Göydəniz Qəhrəmanov: “Azərbaycan-Slovakiya münasibətlərinin inkişafı çoxşaxəli xarakter daşıyır”

“Dünyada geosiyasi proseslərin sürətlə dəyişdiyi, dövlətlərarası münasibətlərdə etibarlı tərəfdaşlığın xüsusi əhəmiyyət qazandığı bir dövrdə Azərbaycanın xarici siyasətində formalaşdırdığı çoxtərəfli əməkdaşlıq modeli öz real nəticələrini verməkdədir. Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirdiyi görüş və səsləndirdiyi bəyanatlar da göstərdi ki, Azərbaycan-Slovakiya münasibətləri artıq ənənəvi diplomatik çərçivəni aşaraq strateji məzmun kəsb edən əməkdaşlıq mərhələsinə yüksəlib. Son illər iki ölkə arasında siyasi dialoqun intensivləşməsi təsadüfi deyil. Qarşılıqlı səfərlərin müntəzəm xarakter alması, dövlət başçıları arasında davamlı təmaslar və müxtəlif sahələr üzrə aparılan müzakirələr tərəflərin bir-birini etibarlı tərəfdaş kimi qiymətləndirdiyini göstərir. Məhz bu siyasi iradənin nəticəsidir ki, 2024-cü ildə imzalanmış Strateji tərəfdaşlığa dair Birgə Bəyannamə qısa müddətdə konkret nəticələr verməyə başlayıb. Bu gün münasibətlər yalnız siyasi bəyanatlarla deyil, həyata keçirilən layihələr və genişlənən əməkdaşlıq imkanları ilə xarakterizə olunur.”

Millət vəkili Göydəniz Qəhrəmanov aia.az-a açıqlamasında belə deyib.

Fikirlərini davam etdirən deputat bildirib ki, Şuşada keçirilən görüşün xüsusi məna daşımasının başqa bir səbəbi də məhz bu şəhərin Azərbaycanın yeni inkişaf strategiyasının simvollarından birinə çevrilməsidir: “Vaxtilə dağıntılarla üz-üzə qalan Şuşa bu gün beynəlxalq tədbirlərin, yüksək səviyyəli görüşlərin və diplomatik təmasların keçirildiyi mühüm məkandır. Xarici dövlət başçılarının Qarabağa səfərləri Azərbaycanın azad edilmiş ərazilərdə yaratdığı yeni reallığın beynəlxalq səviyyədə qəbul olunduğunu və dəstəkləndiyini nümayiş etdirir. Bu baxımdan Slovakiyanın Qarabağın bərpasında iştirakı xüsusi diqqət çəkir. Ağdam rayonunun Baş Qərvənd kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi göstərir ki, Bratislava Azərbaycanın bərpa və yenidənqurma siyasətinə sözlə deyil, əməli fəaliyyəti ilə dəstək verir. Müasir texnologiyalara əsaslanan bu layihə kənd yaşayışının yeni modelini formalaşdırmaqla yanaşı, azad edilmiş ərazilərin iqtisadi potensialının reallaşdırılmasına da xidmət edir. Bu əməkdaşlıq həm də beynəlxalq tərəfdaşlığın real nəticələrinin necə görünməli olduğunun uğurlu nümunəsidir. Prezident İlham Əliyevin çıxışında iqtisadiyyat, energetika, ticarət və hərbi-texniki əməkdaşlıq istiqamətlərinin xüsusi vurğulanması onu göstərir ki, Azərbaycan-Slovakiya münasibətlərinin inkişafı çoxşaxəli xarakter daşıyır. Xüsusilə enerji sahəsində Azərbaycanın Avropanın etibarlı tərəfdaşına çevrilməsi Slovakiya ilə əməkdaşlığın perspektivlərini daha da genişləndirir. Bununla yanaşı, sənaye, yüksək texnologiyalar və qarşılıqlı investisiyalar sahəsində də əhəmiyyətli imkanlar mövcuddur. Prezident Peter Pelleqrinin Azərbaycana növbəti dəfə səfər etməsi də münasibətlərin davamlılığının göstəricisidir. Onun əvvəlki vəzifələrdə də ölkəmizə səfərlər etməsi, COP29-da iştirak etməsi və indi Prezident kimi yenidən Azərbaycana gəlməsi şəxsi səviyyədə formalaşmış qarşılıqlı etimadın dövlətlərarası münasibətlərə də müsbət təsir göstərdiyini təsdiqləyir. Diplomatiyada belə ardıcıllıq uzunmüddətli əməkdaşlığın vacib amillərindən hesab olunur. Şuşada keçirilən görüş bir daha nümayiş etdirdi ki, Azərbaycan ilə Slovakiya arasında münasibətlər möhkəm siyasi iradəyə, qarşılıqlı hörmətə və ortaq maraqlara əsaslanır. Ən vacibi isə odur ki, bu tərəfdaşlıq artıq konkret nəticələr verir. Məhz buna görə də Bakı ilə Bratislava arasında əməkdaşlığın yaxın illərdə daha da genişlənəcəyi, yeni layihələr və təşəbbüslərlə zənginləşəcəyi heç bir şübhə doğurmur” – deyə, Göydəniz Qəhrəmanov fikirlərini tamamlayıb.
Geri dön