Ana Sayfa > İdman > Pelenin əfsanəvi DÇ forması 4,9 milyona satıldı -

Pelenin əfsanəvi DÇ forması 4,9 milyona satıldı -


Bu gün, 09:31. Yazar: Subhan
Pelenin əfsanəvi DÇ forması 4,9 milyona satıldı -

Braziliya futbolunun əfsanəsi Pelenin 1958-ci il dünya çempionatı finalında geyindiyi forma hərracda rekord məbləğə satılıb.

aia.az xəbər verir ki, Pelenin İsveçə qarşı final matçında geyindiyi köynək Nyu-Yorkda keçirilən hərracda 4,88 milyon dollara yeni sahibini tapıb.

Bu satış Pelenin şəxsi kolleksiya əşyaları arasında indiyədək qeydə alınmış ən yüksək məbləğ hesab olunur. Bununla da forma 2022-ci ildə 1,33 milyon dollara satılan Pelenin ilk futbol kartının rekordunu geridə qoyub.

1958-ci ildə cəmi 17 yaşı olan Pele final matçında iki qol vuraraq, Braziliyanın ev sahibi İsveç üzərində 5:2 hesablı qələbəsində əsas rol oynamışdı. O, həmin görüşdə 55-ci və 90-cı dəqiqələrdə fərqlənərək, DÇ finalında qol vuran ən gənc futbolçu kimi tarixə düşüb.

Əfsanəvi futbolçu qarşılaşmadan sonra formasını komanda yoldaşı Didaya hədiyyə edib. Daha sonra forma Rio-de-Janeyrodakı idman muzeyinə təqdim olunub və 2004-cü ildə keçirilən hərracda cəmi 105 min 600 dollara satılmışdı.

Hərracı təşkil edən “Sotheby’s” hərrac evinin nümayəndəsi Brendan Houks bildirib ki, bu forma təkcə futbol tarixinin ən önəmli anlarından birini simvolizə etmir, həm də Peleni qlobal idman ikonuna çevirən hadisənin canlı xatirəsidir.

Braziliyanın ilk dünya çempionluğu zamanı geyinilən bu köynək hazırda futbol tarixinin ən bahalı ikinci formasıdır. Rekord isə hələ də Dieqo Maradonanın 1986-cı il DÇ-də İngiltərəyə qarşı geyindiyi məşhur “Tanrının əli” formasına məxsusdur. Həmin forma 2022-ci ildə 9,28 milyon dollara satılmışdı.

Eyni hərracda Maradonanın 1986-cı il DÇ-də kapitan sarğısı da satışa çıxarılıb. İngiltərə və Qərbi Almaniya ilə oyunlarda istifadə olunan sarğı 512 min dollara alıcı tapıb.

aia.az
Geri dön