Ana Sayfa > Təhsil > Ekspertdən xəbərdarlıq: "Süni intellekt müəllimi əvəz etməməlidir"

Ekspertdən xəbərdarlıq: "Süni intellekt müəllimi əvəz etməməlidir"


Bu gün, 16:55. Yazar: vasif
Ekspertdən xəbərdarlıq: "Süni intellekt müəllimi əvəz etməməlidir"


Məlum olduğu kimi süni intellekt artıq Azərbaycan məktəblərinin də gündəlik həyatına daxil olmağa hazırlaşır. Yaxın gələcəkdə şagirdlərin dərsə davamiyyəti və məktəbə giriş-çıxışı süni intellekt vasitəsilə izlənə, müəllimlərin qiymətləndirmə yükü avtomatlaşdırıla, hər bir şagird isə bilik səviyyəsinə uyğun fərdiləşdirilmiş təhsil ala bilər. Bu istiqamətdə ilk böyük addım atılıb.

Elm və Təhsil Nazirliyi yanında Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi təhsil sistemində səmərəliliyin artırılması məqsədilə süni intellektin tətbiqi xidmətlərinin satın alınması ilə bağlı açıq tender elan edib. Satınalmanın ehtimal olunan dəyəri 2 milyon 499 min 299 manat təşkil edir.

Bəs süni intellekt müəllim və şagirdlərin işini həqiqətən asanlaşdıracaq, yoxsa yeni problemlər yaradacaq? Təhsil ekspertləri bu yeniliyin üstünlüklərini necə qiymətləndirir?

Mövzu ilə bağlı təhsil eksperti Rizvan Fikrətoğlu Musavat.com-a danışıb. Ekspertin fikrincə, bu təşəbbüs uğurla icra olunarsa, düşünürəm ki, təhsil sistemində həm idarəetmə, həm də tədris prosesinin keyfiyyətinə bir sıra müsbət təsirlər göstərə bilər:

“Lakin əldə olunacaq nəticələr layihənin tətbiqinin keyfiyyətindən, müəllimlərin hazırlıq səviyyəsindən və məlumatların təhlükəsizliyinin necə təmin olunacağından asılı olacaq. Burada əsas üstünlük ondan ibarətdir ki, fərdiləşdirilmiş təhsil modeli formalaşır. Yəni adaptiv öyrənmə platformaları hər bir şagirdin bilik səviyyəsini, öyrənmə tempini və çətinlik çəkdiyi mövzuları analiz edərək ona uyğun tapşırıqlar təqdim edə bilər. Bu isə həm zəif, həm də yüksək nəticə göstərən şagirdlərin ehtiyaclarına daha uyğun tədris imkanının yaranmasına şərait yaradır. Bununla yanaşı, müəllimlərin iş yükü də azalır. Çünki süni intellekt testlərin yoxlanılması, qiymətləndirilməsi və statistik hesabatların hazırlanması kimi vaxt aparan prosesləri avtomatlaşdıra bilir. Müəllimlər isə daha çox dərslərin planlaşdırılmasına və şagirdlərlə fərdi işləməyə vaxt ayıra bilirlər”.

Ekspertin sözlərinə görə, burada digər mühüm üstünlük daha obyektiv qiymətləndirmənin təmin olunmasıdır:

“Standartlaşdırılmış tapşırıqlarda avtomatik qiymətləndirmə insan amilindən irəli gələn bəzi subyektivliyi azalda, nəticələrin daha ardıcıl və şəffaf olmasına kömək edə bilər. Burada erkən xəbərdarlıq sistemi də mühüm rol oynayır. Çünki davamiyyət, qiymətlər və digər göstəricilər analiz edilərək təhsildən yayınma və ya akademik geriləmə riski olan şagirdlər erkən mərhələdə müəyyən edilə bilir. Bu isə vaxtında dəstək tədbirlərinin görülməsinə imkan yaradır.

Eyni zamanda, bu yanaşma davamiyyətə nəzarətin və təhlükəsizliyin yaxşılaşdırılmasına da xidmət edir. Süni intellekt əsaslı giriş-çıxış və davamiyyət sisteminin, mənim fikrimcə, valideynlərin operativ məlumatlandırılmasını sürətləndirməsi, məktəb rəhbərliyinə isə daha effektiv nəzarət imkanı yaratması mümkündür. Bu sistem həm də 24/7 fəaliyyət göstərən tədris köməkçisi rolunu oynaya bilər. Generativ süni intellekt əsaslı platforma şagirdlərin dərslərlə bağlı suallarını günün istənilən vaxtında cavablandıra, mövzuları sadə dildə izah edə və əlavə məşq tapşırıqları hazırlaya bilər. Bundan başqa, süni intellekt məlumatlara əsaslanan qərarların qəbulunu da asanlaşdırır. Məktəb rəhbərləri və təhsil qurumları toplanan məlumatlar əsasında hansı fənlərdə və ya regionlarda problemlərin daha çox olduğunu müəyyən edə, resursları daha səmərəli şəkildə bölüşdürə bilərlər”.

Bununla belə, Rizvan Fikrətoğlu vurğulayıb ki, burada diqqət tələb edən məsələlər də var:

“Süni intellekt müəllimi əvəz etməməli, onu dəstəkləyən bir alət kimi istifadə olunmalıdır. Həmçinin şagirdlərin şəxsi məlumatlarının qorunması və kibertəhlükəsizliyin yüksək səviyyədə təmin edilməsi vacibdir. Bundan əlavə, süni intellektin təqdim etdiyi cavablar və qiymətləndirmələr müəllim nəzarəti altında olmalıdır. Çünki bu sistemlər bəzən səhv və ya qeyri-dəqiq nəticələr də verə bilər. Eyni zamanda, müəllimlər və məktəb rəhbərləri yeni platformadan səmərəli istifadə edə bilmələri üçün müvafiq təlimlərdən keçməlidirlər. Mən düşünürəm ki, nəticə etibarilə bu layihə düzgün icra olunarsa, tədrisin fərdiləşdirilməsi, müəllimlərin iş yükünün optimallaşdırılması, şagird nailiyyətlərinin artırılması və təhsil idarəçiliyinin daha effektiv təşkili baxımından əhəmiyyətli fayda verə bilər. Bununla belə, uğur texnologiyanın özündə deyil, onun pedaqoji baxımdan düzgün tətbiqindən və etibarlı şəkildə idarə olunmasından asılıdır”.
Geri dön