Ana Sayfa > Siyasət > Etibarlı Tərəfdaşlığın Təntənəsi- Şuşa Qlobal Media Forumu
Etibarlı Tərəfdaşlığın Təntənəsi- Şuşa Qlobal Media ForumuBu gün, 15:35. Yazar: azer |
![]() 13 İyul 2026-cı il tarixində Şuşada “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilmişdir. Bu il Forumda 53 ölkədən 160 qonaq, o cümlədən 30 xəbər agentliyinin nümayəndələri, 60-dan artıq media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisatın təmsil olunması tədbirin nüfuzunun davamlı şəkildə artdığını təsdiqləyir. Son dörd ildə 81 ölkədən 600-ə yaxın media nümayəndəsinin Şuşaya səfər etməsi Azərbaycanın təşəbbüsü ilə yaradılan bu platformanın artıq beynəlxalq media məkanında mühüm yer tutduğunu göstərir. Şuşa Qlobal Media Forumu həm də informasiya diplomatiyasının mühüm vasitəsidir. Dünyanın müxtəlif ölkələrindən gələn jurnalistlər, media rəhbərləri və ekspertlər burada yalnız aktual beynəlxalq məsələləri müzakirə etmir, həm də Qarabağ həqiqətləri ilə yaxından tanış olur, obyektiv məlumatların beynəlxalq ictimaiyyətə çatdırılmasına töhfə verirlər. Bu baxımdan Forum Azərbaycanın yumşaq güc siyasətinin mühüm elementinə çevrilib. Ənənəvi olaraq keçirilən Şuşa Qlobal Media Forumunun əsas məqamlardan biri, təbii ki, dövlətimizin başçısı İlham Əliyevin yerli və xarici media nümayəndələrinin suallarını cavablandırması, regionda baş verən siyasi proseslər, Azərbaycanın xarici siyasəti, iqtisadi inkişafı, işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa və yenidənqurma işləri, regional təhlükəsizlik, enerji siyasəti və digər aktual məsələlərlə bağlı geniş məlumat verməsidir: “Şuşa Qlobal Media Forumunun sual-cavab formatında təşkili iştirakçılar tərəfindən yüksək dəyərləndirilir. Bu format, eyni zamanda, Azərbaycanla bağlı obyektiv informasiyanın beynəlxalq auditoriyaya çatdırılmasına, ölkənin mövqeyinin daha geniş şəkildə təqdim edilməsinə xidmət göstərir. Forum çərçivəsində səsləndirilən çağırışlar dünyanın aparıcı media qurumlarında geniş işıqlandırılır, beynəlxalq ekspert dairələrində müzakirə olunur və qlobal informasiya məkanında böyük maraq doğurur. Prezident İlham Əliyevin çıxışında toxunduğu məsələlərdən biri Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu olub. Dövlətimizin başçısı bildirib ki, bu ildən etibarən Almaniya və Avstriyaya qaz ixracına başlamışıq. Bununla Azərbaycanın boru kəmərləri vasitəsilə qaz ixrac etdiyi ölkələrin sayı 16-ya çatıb və ölkəmiz bu göstəriciyə görə dünyada lider mövqedədir. Bu faktor dövlətimizin uzun illər ərzində həyata keçirdiyi enerji strategiyasının uğurunun növbəti təsdiqidir. Müasir geosiyasi şəraitdə Avropa üçün enerji mənbələrinin şaxələndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan isə etibarlı tərəfdaş kimi bu ehtiyacın qarşılanmasında mühüm rol oynayır. Avropa İttifaqına üzv olan bir sıra dövlətlərlə həm yeni qaz tədarükü, həm də mövcud ixrac həcmlərinin artırılması istiqamətində danışıqlar aparılır. Bu isə ölkəmizin enerji sektorunun qarşıdakı illərdə daha da genişlənəcəyinin göstəricisidir. Prezident İlham Əliyev çıxışında yaşıl enerji sahəsində həyata keçirilən layihələrə də toxunub. Azərbaycanın 2032-ci ilədək bərpaolunan enerji üzrə 8 giqavat generasiya gücü yaratmaq hədəfi ölkənin enerji siyasətində keyfiyyətcə yeni mərhələnin başlanğıcını ifadə edir. Günəş və külək enerjisindən əldə olunacaq elektrik enerjisi hesabına milyardlarla kubmetr təbii qaza qənaət ediləcək və həmin qaz ixrac üçün əlavə resursa çevriləcək. Beləliklə, ölkə həm enerji təhlükəsizliyini möhkəmləndirəcək, həm də ixrac imkanlarını artıracaqdır. Forumda vurğulanan digər mühüm mesaj Cənubi Qafqazda yaranan yeni geosiyasi reallıqlarla bağlı idi. Prezident İlham Əliyev vurğulayıb ki, Azərbaycan ilə Ermənistan arasında sülhün təmin olunması yeni imkanlar açır. Xüsusilə Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək TRIPP layihəsinin həyata keçirilməsi regionun nəqliyyat xəritəsini əsaslı şəkildə dəyişdirəcək. Bu layihə yalnız iqtisadi əlaqələri genişləndirməyəcək, həm də Cənubi Qafqazda etimadın, sabitliyin və əməkdaşlığın möhkəmlənməsinə xidmət edəcək. Dövlətimizin başçısı layihənin reallaşmasına göstərilən dəstəyə görə ABŞ Prezidenti Donald Trampa və onun komandasına təşəkkürünü ifadə edib. Bu faktor Azərbaycanın beynəlxalq tərəfdaşlarla qarşılıqlı etimada əsaslanan əməkdaşlığının yeni nəticələr verdiyini göstərən mühüm mesajlardan biri idi. Azərbaycan bu gün beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin təminatçısı və qlobal dialoqa mühüm töhfələr verən məsuliyyətli dövlət kimi öz mövqeyini daha da möhkəmləndirir. Şuşa Qlobal Media Forumu isə bu siyasətin dünyaya təqdim olunduğu nüfuzlu beynəlxalq platforma kimi ildən-ilə daha böyük əhəmiyyət qazanır. Şövqi Həsənov, YAP Şəmkir rayon Təşkilatı Aparatının əməkdaşı Geri dön |