Ana Sayfa > Siyasət > Şuşadan ucalan sülh sədası

Şuşadan ucalan sülh sədası


Bu gün, 14:12. Yazar: azer
Şuşadan ucalan sülh sədası

Son illərdə Azərbaycanın beynəlxalq mövqeyini gücləndirən əsas amillərdən biri ölkəmizin qlobal proseslərə münasibətini yalnız bəyanatlar vasitəsilə deyil, konkret siyasi təşəbbüslər və real fəaliyyətlə nümayiş etdirməsidir. IV Şuşa Qlobal Media Forumu da bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Forum bir daha sübut etdi ki, Şuşa artıq təkcə tarixi Zəfərin simvolu deyil, həm də beynəlxalq dialoq, müasir diplomatiya və yeni siyasi yanaşmaların formalaşdığı nüfuzlu platformaya çevrilib. Uzun illər işğalın ağır nəticələrini yaşamış şəhərin bu gün müxtəlif ölkələrdən gələn jurnalistləri, media rəhbərlərini və ekspertləri bir araya gətirməsi yalnız uğurlu bərpa prosesinin göstəricisi deyil. Bu, eyni zamanda Azərbaycanın dünyaya ünvanladığı mühüm mesajdır: müharibənin yaratdığı dağıntıları bərpa etmək mümkündür, lakin ən böyük nailiyyət həmin torpaqlarda etimadın, əməkdaşlığın və açıq fikir mübadiləsinin bərqərar olmasıdır.

Forumun əsas diqqət mərkəzində cənab Prezident İlham Əliyevin media nümayəndələri ilə keçirdiyi açıq dialoq dayandı. Dövlət başçısının cavabları göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində baş verən dəyişiklikləri sadəcə izləyən deyil, onları düzgün təhlil edərək milli maraqlarına uyğun şəkildə qiymətləndirən dövlət kimi çıxış edir. Bu siyasətin əsasını müstəqil qərarvermə, etibarlı tərəfdaşlıq və uzaqgörən strateji yanaşma təşkil edir. Cənab Prezident İlham Əliyevin Orta Dəhlizlə bağlı səsləndirdiyi fikirlər xüsusilə diqqət çəkdi. Qlobal iqtisadiyyatda baş verən dəyişikliklər, yeni nəqliyyat marşrutlarına artan maraq və beynəlxalq ticarətdə yaranan çağırışlar Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırıb. Dövlət başçısı vurğuladı ki, ölkəmiz bu tendensiyaları öncədən nəzərə alaraq limanlarını, dəmir yolu infrastrukturunu və logistika imkanlarını müasir standartlara uyğun inkişaf etdirib. Nəticədə Azərbaycan bu gün Şərqlə Qərbi, eləcə də Şimalla Cənubu birləşdirən etibarlı nəqliyyat və logistika mərkəzi kimi çıxış edir. Bu mövqe təsadüfi deyil, uzun illər həyata keçirilən məqsədyönlü dövlət siyasətinin nəticəsidir.

Forum çərçivəsində enerji təhlükəsizliyi ilə bağlı səsləndirilən fikirlər də Azərbaycanın beynəlxalq nüfuzunu möhkəmləndirən əsas istiqamətlərdən biri kimi diqqət çəkdi. Təbii qaz ixracının genişləndirilməsi, yaşıl enerji sahəsində reallaşdırılan layihələr və yeni enerji marşrutlarının yaradılması ölkəmizin etibarlı tərəfdaş statusunu daha da gücləndirir. Bu gün Avropanın enerji təhlükəsizliyindən bəhs edərkən Azərbaycanın oynadığı rolu nəzərə almadan tam mənzərəni təsəvvür etmək mümkün deyil.

Ölkə Prezident İlham Əliyevin ABŞ və Avropa ilə münasibətlərə dair fikirləri də Azərbaycanın müstəqil xarici siyasət kursunun mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısı bir daha bəyan etdi ki, Azərbaycan qarşıdurmanı deyil, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığı dəstəkləyir. Bununla yanaşı, belə əməkdaşlığın yalnız bərabərhüquqlu prinsiplər üzərində qurulmasının mümkün olduğunu vurğuladı. Milli maraqların qorunması, dövlət suverenliyinə hörmət və ikili standartların qəbul edilməməsi Azərbaycanın xarici siyasətində dəyişməz prioritetlər olaraq qalır.

Azərbaycan–Türkiyə münasibətləri ilə bağlı səsləndirilən fikirlər Forumun mühüm siyasi istiqamətlərindən biri oldu. İki qardaş ölkə arasında formalaşmış müttəfiqlik modeli artıq regionun təhlükəsizlik və inkişaf sisteminin əsas dayaqlarından birinə çevrilib. Bu model sübut edir ki, ortaq tarix, mədəniyyət və milli dəyərlər strateji əməkdaşlıq üçün möhkəm təməl yaradır, siyasi iradə isə həmin əməkdaşlığı uzunmüddətli və dayanıqlı tərəfdaşlığa çevirir.

Forumun əsas mövzusu medianın sülhün təşviqində rolu olsa da, burada informasiya təhlükəsizliyi ilə bağlı mühüm mesajlar da səsləndirildi. Müasir dövrdə həqiqətin qorunması uğrunda mübarizə dövlətlərin təhlükəsizlik siyasətinin ayrılmaz hissəsinə çevrilib. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, hadisələri yerində izləyən və faktlara əsaslanan jurnalistika dezinformasiyaya qarşı ən effektiv vasitədir. Qarabağın bərpasını öz gözləri ilə görən media nümayəndələri artıq yalnız xəbərləri çatdıran jurnalistlər deyil, həm də həqiqətin canlı şahidlərinə çevrilirlər.

Cənab Prezident İlham Əliyevin Ukrayna ilə bağlı səsləndirdiyi "işğalla heç vaxt barışmamaq" fikri isə Forumun ən prinsipial siyasi mesajlarından biri kimi yadda qaldı. Bu mövqe Azərbaycanın öz tarixi təcrübəsindən qaynaqlanır. Ərazi bütövlüyünü təmin etmiş dövlət kimi Azərbaycan beynəlxalq hüququn aliliyini müdafiə edir və suverenliyin toxunulmazlığını qlobal təhlükəsizliyin əsas prinsiplərindən biri hesab edir.

IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, müasir Azərbaycan artıq regional prosesləri kənardan izləyən ölkə deyil. O, qlobal əməkdaşlıq proseslərinin fəal iştirakçısı, etibarlı tərəfdaş və yeni geosiyasi reallıqların formalaşmasına töhfə verən dövlətdir. Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın xarici siyasət kursunu, diplomatik prioritetlərini və strateji inkişaf baxışını aydın şəkildə ortaya qoydu. Bu gün Şuşa artıq təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın beynəlxalq siyasi dialoq məkanına çevrilib. Buradan verilən mesajlar dünya ictimaiyyəti üçün yalnız siyasi bəyanatlar deyil, həm də müstəqil dövlətçilik, etibarlı tərəfdaşlıq və sülh naminə əməkdaşlıq prinsiplərinin praktik ifadəsidir.

Gülər Sultanzadə,
YAP Yasamal rayon təşkilatının fəalı.
Geri dön