Ana Sayfa > Karusel / Siyasət > “Orada heç bir məhdudiyyət və senzura yox idi" -
“Orada heç bir məhdudiyyət və senzura yox idi" -Bu gün, 12:27. Yazar: Subhan |
![]() “Azərbaycanla Pakistan arasında geostrateji və siyasi əlaqələr yüksək səviyyədədir. Lakin bəzi sahələr üzrə əməkdaşlığın inkişafında daha çox iş görməliyik”. aia.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində Pakistanın “PakTVGlobal” televiziya kanalına müsahibəsində deyib. Bildirib ki, Prezident İlham Əliyev Şuşa Qlobal Media Forumunda şəffaflıq və strateji kommunikasiya nümayiş etdirib: “Orada heç bir məhdudiyyət və senzura yox idi. Hər kəs istədiyi sualı verməkdə azad idi. Bu, Azərbaycanın strateji kommunikasiyası idi və mən cənab Prezidentin köməkçisi olduğuma görə fəxr edirəm. Gündəlik olaraq onun müdrikliyindən nəsə öyrənirik. Cənab Prezidentin mediaya yanaşması da bunlardan biridir. Dövlət başçısı iqtisadiyyatda, xarici siyasətdə, sosial və hərbi sahələrdə də eyni ruhu nümayiş etdirir. Reallıq budur ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü lideri var. Azərbaycan Prezidentinin sonuncu forumda suallara cavab verməsi, sadəcə, kommunikasiya deyildi, bu, beynəlxalq media ilə real dialoq idi”. Prezidentin köməkçisi Azərbaycan-Pakistan əlaqələrinə də toxunub və ikitərəfli əlaqələrin səviyyəsindən məmnunluq ifadə edib: “Pakistan və Azərbaycan arasında qardaşlıq əlaqələri mövcuddur və bizim strateji tərəfdaşlığımız var. Mən həm də Baş nazir Şahbaz Şərif, feldmarşal Asim Munir və Prezident İlham Əliyev arasında dostluq və dərin hörmətin şahidi olmaq şərəfinə nail olmuşam. Azərbaycan əraziləri işğal altında olanda qardaş Pakistan Azərbaycana dəstək nümayiş etdirdi. Pakistan işğalçı ölkə ilə diplomatik münasibətlər qurmadı və Ermənistanı təcavüzkar ölkə kimi tanıdı. Bu təkcə Azərbaycan dövlətinin yox, xalqının da yaddaşında qalıb və biz həmişə bunu xatırlayacaq, yüksək qiymətləndirəcəyik. Eyni zamanda, biz Pakistanın uğurlarına sevinirik. Son zamanlarda Körfəz regionunda ABŞ və İran arasında yaşanan hərbi münaqişədə Pakistan strateji səbr və müdriklik göstərərək, bu konfliktin həlli üçün vasitəçilik platforması yaratdı, anlaşma memorandumunun imzalanması və münaqişənin sonlandırılmasını təmin etdi. Pakistan burada güclü dövlət keyfiyyətlərini, strateji uzaqgörənliyini nümayiş etdirdi. Pakistanın qlobal məsələlərdə vacib geostrateji əhəmiyyəti üzə çıxdı. Sizin qardaşlarınızın olaraq, biz buna çox sevinirik. Pakistanlı qardaşlarımızın bacarığına güvənirik. Pakistan dövləti sülhün təmin olunmasına çalışır və bu da onların qlobal və regional sülhlə bağlı yaxşı bir iş görmək üçün səmimi hisslərindən doğur. Bu konfliktin qlobal təsirləri var. Pakistanın səyləri olmasaydı münaqişə region sərhədlərindən kənara çıxa və eskalasiyaya yeni elementlər daxil ola bilərdi. Pakistan diplomatiyası buna görə də təqdir olunmalıdır. İnanırıq ki, Pakistanın səyləri müsbət nəticə verəcək. Eyni zamanda, bilməliyik ki, vasitəçi mesaj aparıb-gətirir, amma yekun qərarı tərəflər verir”. aia.az Geri dön |