Ana Sayfa > Manşet / Siyasət > Manaf Manafov: "Azərbaycan–Slovakiya əlaqələrinin təməlində hər iki ölkənin maraqlarına cavab verən iqtisadi əməkdaşlıq dayanır"

Manaf Manafov: "Azərbaycan–Slovakiya əlaqələrinin təməlində hər iki ölkənin maraqlarına cavab verən iqtisadi əməkdaşlıq dayanır"


Bu gün, 16:08. Yazar: azer
Manaf Manafov: "Azərbaycan–Slovakiya əlaqələrinin təməlində hər iki ölkənin maraqlarına cavab verən iqtisadi əməkdaşlıq dayanır"

Şuşada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti Peter Pelleqrinin mətbuata verdikləri bəyanatlar ilk baxışdan iki ölkə arasındakı əlaqələrin inkişafına həsr olunmuş növbəti diplomatik çıxış təsiri yaradır. Lakin mahiyyət etibarilə bu bəyanatlar Azərbaycanın regionda formalaşdırdığı yeni geosiyasi reallıqların beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm siyasi mesaj idi. Çünki həm çıxışların edildiyi məkan, həm də səsləndirilən fikirlər xüsusi rəmzi, siyasi və strateji məna daşıyırdı.

Bu fikirləri aia.az-a açıqlamasında Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi, Yeni Azərbaycan Partiyasının üzvü Manaf Manafov deyib.


Fikirlərini davam etdirən hakim partiya təmsilçisi bildirib ki, bu gün Şuşa yalnız Azərbaycanın mədəniyyət paytaxtı kimi deyil, eyni zamanda ölkənin xarici siyasətinin, beynəlxalq diplomatik fəaliyyətinin və postmünaqişə dövrünün əsas siyasi mərkəzlərindən biri kimi çıxış edir. Xarici dövlət başçılarının məhz Şuşada qəbul olunması Azərbaycanın Qarabağ üzərində tam suverenliyinin beynəlxalq səviyyədə qəbul edilməsinin növbəti əyani təsdiqidir. Dövlət başçısının çıxışında diqqəti cəlb edən əsas məqamlardan biri Azərbaycan–Slovakiya münasibətlərinin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu nümayiş etdirməsi idi. Dövlət başçısının 2024-cü ildə imzalanmış Strateji Tərəfdaşlığa dair Birgə Bəyannaməni xüsusi vurğulaması təsadüfi deyildi. Həmin sənəd iki ölkə arasında münasibətlərin adi siyasi dialoq çərçivəsindən çıxaraq uzunmüddətli və çoxşaxəli strateji əməkdaşlıq mərhələsinə keçdiyini göstərir. Bəyanatda yer alan “güclü siyasi iradə” ifadəsi də xüsusi məna daşıyır. Müasir beynəlxalq münasibətlər sistemində strateji tərəfdaşlıqlar yalnız iqtisadi maraqlar üzərində qurulmur. Belə münasibətlərin əsasını qarşılıqlı etimad, beynəlxalq hüquqa hörmət və ortaq geosiyasi baxışlar təşkil edir. Azərbaycan ilə Slovakiya arasında son illərdə inkişaf edən əlaqələr də məhz bu prinsiplərə əsaslanır.

Ölkə Prezidentinin çıxışında Slovakiyanın Qarabağın bərpası prosesinə verdiyi dəstəyin xüsusi qeyd olunması da təsadüfi xarakter daşımırdı. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən həyata keçirilən “Ağıllı kənd” layihəsinin vurğulanması yeni siyasi və iqtisadi reallığın göstəricisi kimi diqqət çəkir. Bir vaxtlar işğalın və dağıntıların hökm sürdüyü Qarabağ bu gün beynəlxalq investisiyaların yönəldildiyi, qabaqcıl texnologiyaların tətbiq olunduğu və xarici şirkətlərin fəaliyyət göstərdiyi inkişaf bölgəsinə çevrilməkdədir. Bu ərazilərdə fəaliyyət göstərən hər bir xarici şirkət faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını öz əməli fəaliyyəti ilə təsdiqləmiş olur. Bu baxımdan Slovakiya şirkətinin Qarabağda həyata keçirdiyi layihə yalnız iqtisadi deyil, həm də mühüm siyasi əhəmiyyətə malikdir.

Manaf Manafov onu da bildirib ki,bəyanatda diqqət çəkən digər istiqamət iqtisadi əməkdaşlığın əhatə dairəsinin genişliyidir. Energetika, ticarət, hərbi-texniki sahə, investisiyalar və digər istiqamətlərin xüsusi qeyd olunması onu göstərir ki, tərəflər münasibətləri yalnız diplomatik təmaslarla məhdudlaşdırmaq niyyətində deyillər. Əksinə, bu əlaqələrin konkret iqtisadi layihələr vasitəsilə daha da möhkəmləndirilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayan tərəfdaş kimi mövqeyini getdikcə gücləndirir. Slovakiya isə Mərkəzi Avropanın mühüm sənaye və logistika mərkəzlərindən biridir. Bu səbəbdən enerji, nəqliyyat, sənaye və digər istiqamətlər üzrə əməkdaşlıq gələcək dövrdə daha geniş imkanlar vəd edir. Cənab Prezident İlham Əliyevin nümayəndə heyətlərinin geniş tərkibi ilə bağlı səsləndirdiyi fikirlər də sadəcə diplomatik nəzakət ifadəsi deyildi. Bu, iki ölkə arasındakı əməkdaşlığın artıq yalnız xarici siyasət qurumlarının fəaliyyəti ilə məhdudlaşmadığını göstərir. Hazırda iqtisadiyyat, kənd təsərrüfatı, müdafiə sənayesi, energetika, rəqəmsal inkişaf və digər sahələr üzrə konkret proqramlar və əməkdaşlıq mexanizmləri formalaşdırılır. Bu isə münasibətlərin çoxşaxəli xarakter aldığını və davamlı inkişaf etdiyini göstərir. Bəyanatın mühüm siyasi məqamlarından biri də Prezident Peter Pelleqrinin Qarabağa səfərinin xüsusi vurğulanması oldu. Azərbaycan Prezidenti bunu iki ölkə arasında mövcud olan səmimi münasibətlərin göstəricisi kimi qiymətləndirdi. Lakin bu səfərin daha geniş siyasi və geostrateji əhəmiyyəti də vardır. Avropa İttifaqına üzv ölkənin Prezidentinin Qarabağa səfər etməsi Azərbaycanın postmünaqişə dövründə yaratdığı reallıqların beynəlxalq səviyyədə qəbul olunmasının növbəti nümunəsidir. Xarici dövlət başçılarının və yüksək vəzifəli nümayəndələrin Şuşaya və Qarabağın digər bölgələrinə səfərlərinin artması beynəlxalq ictimaiyyətin regionda yaranmış yeni vəziyyəti qəbul etdiyini açıq şəkildə nümayiş etdirir.
Bu səfərin digər mühüm tərəfi ondan ibarətdir ki, Şuşa artıq yalnız tarixi Zəfərin simvolu deyil, həm də beynəlxalq diplomatiyanın yeni ünvanlarından birinə çevrilib. Son illərdə müxtəlif ölkələrin dövlət və hökumət başçıları, beynəlxalq təşkilat rəhbərləri və nüfuzlu siyasi xadimlərin Qarabağa, xüsusilə də Şuşaya səfərləri Azərbaycanın formalaşdırdığı yeni reallığın dünya tərəfindən qəbul olunduğunu əyani şəkildə göstərir. Bu gün Qarabağda həyata keçirilən genişmiqyaslı quruculuq layihələrində xarici şirkətlərin iştirakı, “Ağıllı kənd” kimi innovativ təşəbbüslərin beynəlxalq tərəfdaşlarla birlikdə icrası onu göstərir ki, işğaldan azad edilmiş ərazilər artıq yalnız Azərbaycanın sosial-iqtisadi inkişaf proqramlarının tərkib hissəsi deyil. Eyni zamanda həmin ərazilər beynəlxalq əməkdaşlığın, investisiya təşəbbüslərinin və dayanıqlı inkişaf modellərinin formalaşdığı mühüm bir məkana çevrilməkdədir. Dövlət başçısının bu məsələləri xüsusi vurğulaması Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin əsas məqsədini – Qarabağı regionun təhlükəsizlik, əməkdaşlıq və inkişaf mərkəzlərindən birinə çevirmək strategiyasını bir daha nümayiş etdirir.

Cənab Prezident İlham Əliyevin çıxışının sonunda Peter Pelleqrinin əvvəlki vəzifələrində də Azərbaycana bir neçə dəfə səfər etdiyini xatırlatması da təsadüfi deyildi. Bununla dövlət başçısı iki ölkə arasındakı münasibətlərin qısamüddətli və ya təsadüfi xarakter daşımadığını, uzun illər ərzində qarşılıqlı etimad əsasında formalaşdığını diqqətə çatdırdı. Bəyanatın ümumi məzmunu göstərir ki, Azərbaycan xarici siyasətində etibarlı tərəfdaşlıq modelini ardıcıl şəkildə genişləndirir. Bu model qarşılıqlı hörmətə, daxili işlərə qarışmamaq prinsipinə, beynəlxalq hüquqa və konkret iqtisadi maraqlara əsaslanır. Məhz bu yanaşma sayəsində Azərbaycan Avropa ilə münasibətlərini yeni siyasi məzmunla inkişaf etdirmək imkanı qazanır. Şuşada səsləndirilən bu bəyanat yalnız Azərbaycan–Slovakiya münasibətlərinin yeni mərhələsini əks etdirmir. Eyni zamanda Qarabağın beynəlxalq əməkdaşlıq məkanına çevrildiyini, Azərbaycanın diplomatik təşəbbüslərinin uğurlu nəticələr verdiyini və ölkəmizin Avropa ilə strateji tərəfdaşlığının daha da dərinləşdiyini nümayiş etdirən mühüm siyasi sənəd kimi qiymətləndirilə bilər- deyə, Manaf Manafov açıqlamasını tamamlayıb.
Geri dön