Ana Sayfa > Siyasət > Azərbaycan-Slovakiya əlaqələri dərinləşir
Azərbaycan-Slovakiya əlaqələri dərinləşirBu gün, 15:29. Yazar: azer |
![]() Müasir beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaşlıq anlayışı getdikcə daha böyük əhəmiyyət kəsb edir. Qlobal siyasi və iqtisadi proseslərin sürətlə dəyişdiyi bir dövrdə dövlətlər arasındakı əlaqələrin davamlılığı qarşılıqlı etimad, siyasi iradə və ortaq maraqlar əsasında formalaşır. Prezident İlham Əliyev ilə Slovakiya Prezidenti Peter Pelleqrininin Şuşada verdikləri birgə bəyanatlar da Azərbaycan-Slovakiya münasibətlərinin məhz bu prinsiplər üzərində inkişaf etdiyini nümayiş etdirdi. Şuşanın belə mühüm görüş üçün seçilməsi də özlüyündə siyasi məna daşıyır. Azərbaycanın mədəni paytaxtında keçirilən yüksək səviyyəli görüş ölkəmizin işğaldan azad olunmuş ərazilərdə yaratdığı yeni reallığın beynəlxalq tərəfdaşlar tərəfindən qəbul edildiyini və dəstəkləndiyini bir daha təsdiqlədi. Prezident Peter Pelleqrininin Qarabağa səfəri Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə verilən növbəti siyasi dəstək kimi də qiymətləndirilə bilər. Cənab Prezident İlham Əliyevin bəyanatında xüsusi vurğulanan məqamlardan biri münasibətlərin ardıcıllığı və davamlı inkişafıdır. Son illərdə qarşılıqlı səfərlərin intensivləşməsi, 2024-cü ildə strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanması və bu sənədin praktik nəticələr verməsi göstərir ki, Bakı ilə Bratislava arasında dialoq artıq yeni məzmun qazanıb. Bu gün tərəflər yalnız siyasi məsələləri deyil, iqtisadiyyat, energetika, sənaye, müdafiə sənayesi, innovasiya və digər istiqamətlər üzrə də konkret layihələri müzakirə edir. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Slovakiya üçün də mühüm əhəmiyyət daşıyır. Prezidentlərin görüşündə energetika sahəsinin prioritet istiqamətlərdən biri kimi qeyd olunması təsadüfi deyil. Avropa ölkələrinin enerji mənbələrinin şaxələndirilməsinə böyük önəm verdiyi indiki şəraitdə Azərbaycan etibarlı tərəfdaş statusunu daha da möhkəmləndirir. Slovakiya ilə bu sahədə əməkdaşlığın genişlənməsi həm ikitərəfli münasibətlərə, həm də Avropanın enerji təhlükəsizliyinə töhfə verə bilər. Görüşün diqqətçəkən nəticələrindən biri də Qarabağın bərpası istiqamətində əməkdaşlığın genişlənməsidir. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkətinin həyata keçirdiyi “Ağıllı kənd” layihəsi iki ölkə arasında əməkdaşlığın konkret nəticələrindən biridir. Bu layihə göstərir ki, Slovakiya Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin dirçəldilməsi prosesində iştirak etməyə və öz təcrübəsini bölüşməyə hazırdır. Bu isə tərəfdaşlığın siyasi bəyanatlardan əməli fəaliyyət müstəvisinə keçdiyini göstərən mühüm göstəricidir. Şuşada verilən birgə bəyanatlar göstərdi ki, Azərbaycan və Slovakiya əlaqələri artıq ayrı-ayrı sahələr üzrə əməkdaşlıq çərçivəsini xeyli aşaraq strateji məzmun qazanıb. Qarşılıqlı siyasi etimad, ortaq maraqlar və konkret layihələrə söykənən bu tərəfdaşlıq gələcək illərdə də hər iki ölkənin milli maraqlarına xidmət edən mühüm əməkdaşlıq modeli kimi inkişaf edəcək. Emil Tağıyev YAP Xaçmaz rayon təşkilatının sədri. Geri dön |