Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Azərbaycanın azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı quruculuq işləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir”
Novruzəli Aslanov: “Azərbaycanın azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı quruculuq işləri beynəlxalq səviyyədə yüksək qiymətləndirilir”Bu gün, 13:35. Yazar: azer |
![]() “Beynəlxalq münasibətlərdə elə tərəfdaşlıqlar var ki, onların möhkəmliyi verilən bəyanatlarla deyil, həyata keçirilən layihələrlə ölçülür. Azərbaycan ilə Slovakiya arasında son illərdə formalaşan münasibətlər də məhz belə əməkdaşlıq modelinin nümunəsinə çevrilməkdədir. Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirdiyi görüş bir daha göstərdi ki, iki ölkə arasında siyasi dialoq artıq konkret iqtisadi, humanitar və strateji nəticələr doğuran əməkdaşlıq müstəvisinə keçib. Diqqət çəkən əsas məqamlardan biri odur ki, Bakı ilə Bratislava arasında münasibətlər ardıcıl və sistemli şəkildə inkişaf edir. Son illərdə dövlət başçılarının qarşılıqlı səfərləri, hökumətlərarası təmasların intensivləşməsi və müxtəlif sahələr üzrə yaradılmış əməkdaşlıq mexanizmləri bunu açıq şəkildə təsdiqləyir. Strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin imzalanmasından sonra əlaqələrin daha da sürətlənməsi isə göstərir ki, tərəflər qəbul etdikləri qərarların icrasına böyük məsuliyyətlə yanaşırlar. Şuşada aparılan müzakirələr bir daha nümayiş etdirdi ki, Azərbaycan ilə Slovakiya arasında əməkdaşlığın gündəliyi kifayət qədər genişdir. Ticarət, energetika, sənaye, hərbi-texniki əməkdaşlıq, investisiya və digər istiqamətlər üzrə müzakirələrin aparılması onu göstərir ki, münasibətlər yalnız siyasi müstəvidə deyil, iqtisadi maraqlar baxımından da yeni mərhələyə daxil olub. Bu isə tərəfdaşlığın uzunmüddətli perspektivinə inamı daha da gücləndirir.” Bunları Milli Məclisin deputatı Novruzəli Aslanov aia.az-a verdiyi açıqlamasında deyib. Millət vəkili bildirib ki, Prezident İlham Əliyevin Qarabağın bərpasında Slovakiyanın iştirakını xüsusi qeyd etməsi də təsadüfi deyildi: “İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması Azərbaycanın milli prioritetidir və bu prosesə dost ölkələrin qoşulması xüsusi əhəmiyyət daşıyır. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkətinin həyata keçirdiyi “Ağıllı kənd” layihəsi göstərir ki, Slovakiya Azərbaycanın postmünaqişə inkişaf strategiyasına real töhfə verən tərəfdaşlardan biridir. Bu layihə yalnız yeni yaşayış məntəqəsinin qurulması deyil, həm də müasir texnologiyaların tətbiqi və dayanıqlı inkişaf prinsiplərinin həyata keçirilməsi baxımından mühüm nümunədir. Prezident Peter Pelleqrinin Qarabağa səfəri və bərpa prosesini yerində izləməsi də siyasi baxımdan mühüm əhəmiyyət daşıyır. Bu addım Azərbaycanın azad olunmuş ərazilərdə apardığı genişmiqyaslı quruculuq işlərinin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini göstərir. Eyni zamanda, Slovakiyanın bu prosesdə iştirakı Avropa dövlətlərinin regionda sülhün, sabitliyin və inkişafın möhkəmlənməsinə verdiyi dəstəyin praktik ifadəsidir. Bugünkü geosiyasi reallıqlar fonunda Azərbaycanın Avropa ilə əməkdaşlığı getdikcə daha böyük əhəmiyyət qazanır. Enerji təhlükəsizliyi, nəqliyyat marşrutlarının inkişafı və iqtisadi əlaqələrin genişləndirilməsi sahəsində ölkəmizin oynadığı rol Slovakiya üçün də yeni imkanlar açır. Prezident Pelleqrinin çıxışında Azərbaycanın regionun sabitliyinə mühüm töhfə verən dövlət kimi qiymətləndirilməsi məhz bu reallığın ifadəsidir. Bu yanaşma Azərbaycanın beynəlxalq nüfuzunun və etibarlı tərəfdaş imicinin daha da möhkəmləndiyini göstərir. Şuşada keçirilən görüşün nəticələri göstərdi ki, Azərbaycan ilə Slovakiya münasibətlərinin inkişafı təsadüfi proses deyil. Qarşılıqlı etimada əsaslanan siyasi dialoq, konkret layihələrə söykənən iqtisadi əməkdaşlıq və ortaq maraqlar bu tərəfdaşlığın əsas dayaqlarını təşkil edir” – deyə, Novruzəli Aslanov açıqlamasını tamamlayıb. Geri dön |