Ana Sayfa > Manşet / Siyasət > Azər Kərimli: “Bakı ilə Bratislava arasında formalaşmış münasibətlər uzunmüddətli strateji maraqlara əsaslanır”
Azər Kərimli: “Bakı ilə Bratislava arasında formalaşmış münasibətlər uzunmüddətli strateji maraqlara əsaslanır”Bu gün, 13:06. Yazar: azer |
![]() “Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərarası əlaqələrin səviyyəsi təkcə imzalanan sənədlərlə deyil, onların real məzmunu və praktik nəticələri ilə ölçülür. Azərbaycan ilə Slovakiya arasında son illərdə müşahidə olunan intensiv siyasi dialoq da məhz bu baxımdan diqqəti cəlb edir. Prezident İlham Əliyevin Slovakiya Prezidenti Peter Pelleqrini ilə Şuşada keçirdiyi görüş və səsləndirilən bəyanatlar göstərdi ki, iki ölkə münasibətləri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər ərzində qarşılıqlı səfərlərin intensiv xarakter alması, hökumətlərarası təmasların genişlənməsi və müxtəlif istiqamətlər üzrə konkret layihələrin həyata keçirilməsi Bakı ilə Bratislava arasında formalaşmış yüksək siyasi etimadın göstəricisidir. Dövlət başçısının da qeyd etdiyi kimi, ötən il imzalanmış strateji tərəfdaşlığa dair Birgə Bəyannamənin müddəalarının artıq praktik müstəvidə həyata keçirilməsi münasibətlərin təsadüfi deyil, uzunmüddətli strateji maraqlara söykəndiyini nümayiş etdirir.” Bu fikirlər Milli Məclisin deputatı Azər Kərimlinin aia.az-a açıqlamasında yer alıb. Millət vəkili bunu da deyib ki, Şuşada keçirilən görüşün rəmzi əhəmiyyəti də xüsusi diqqətə layiqdir: “Bir zamanlar işğalın acı nəticələrini yaşamış bu şəhər bu gün Azərbaycanın beynəlxalq əməkdaşlıq platformalarından birinə çevrilib. Xarici dövlət başçılarının Qarabağa səfərləri və burada aparılan yenidənqurma işləri ilə yaxından tanış olmaları Azərbaycanın həyata keçirdiyi bərpa siyasətinə beynəlxalq inamın artdığını göstərir. Slovakiya Prezidentinin rəsmi səfərinə məhz Qarabağdan başlaması da bu baxımdan mühüm siyasi mesaj hesab oluna bilər. İkitərəfli münasibətlərin mühüm istiqamətlərindən biri Slovakiyanın Qarabağın bərpasına verdiyi töhfədir. Ağdam rayonunun Baş Qərvənd kəndində Slovakiya şirkəti tərəfindən icra olunan “Ağıllı kənd” layihəsi bunun konkret nümunəsidir. Bu əməkdaşlıq təkcə infrastrukturun qurulmasına xidmət etmir. Eyni zamanda, müasir texnologiyaların tətbiqi, dayanıqlı yaşayış mühitinin formalaşdırılması və azad olunmuş ərazilərin sosial-iqtisadi inkişafına beynəlxalq tərəfdaşların cəlb edilməsi baxımından da mühüm əhəmiyyət daşıyır. Görüş zamanı iqtisadiyyat, ticarət, energetika, hərbi-texniki əməkdaşlıq və digər istiqamətlər üzrə aparılan müzakirələr göstərdi ki, Azərbaycan və Slovakiya münasibətləri artıq yalnız siyasi dialoqla məhdudlaşmır. Tərəflər qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün konkret fəaliyyət proqramı formalaşdırırlar. Xüsusilə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolu Slovakiya ilə əməkdaşlıq üçün də yeni imkanlar yaradır. Prezident Peter Pelleqrinin Azərbaycanın regionda sabitliyin və inkişafın təmin olunmasında oynadığı rola verdiyi yüksək qiymət də diqqətdən kənarda qalmadı. Bu yanaşma Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətin, regionda formalaşdırdığı yeni reallıqların və beynəlxalq tərəfdaşlıq modelinin Avropa ölkələri tərəfindən obyektiv dəyərləndirildiyini göstərir. Qarşılıqlı hörmət və etimada əsaslanan münasibətlər hər iki ölkənin milli maraqlarına xidmət etməklə yanaşı, Avropa ilə Cənubi Qafqaz arasında əməkdaşlığın möhkəmlənməsinə də töhfə verir. Şuşada səslənən fikirlər bir daha təsdiqlədi ki, Azərbaycan-Slovakiya əlaqələri yeni siyasi dinamika qazanıb. Bu dinamikanın əsasında isə formal bəyanatlardan daha çox, konkret layihələrə, qarşılıqlı etimada və ortaq strateji maraqlara söykənən əməkdaşlıq dayanır. Məhz bu amillər gələcək illərdə iki ölkə arasında tərəfdaşlığın daha da dərinləşəcəyinə və yeni məzmun qazanacağına əminlik yaradır” – deyə, Azər Kərimli fikirlərini başa çatdırıb. Geri dön |