Ana Sayfa > Manşet / Siyasət > “Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı”
“Şuşa Qlobal Media Forumu reallıqların beynəlxalq ictimaiyyətə çatdırılmasına imkanı yaratdı”Bu gün, 11:46. Yazar: azer |
![]() IV Şuşa Qlobal Media Forumu işini uğurla başa vurdu. Qlobal informasiya məkanında vacib məsələlərin müzakirə olunduğu nüfuzlu platforma olan forum çərçivəsində Prezident İlham Əliyev beynəlxalq media nümayəndələrinin suallarını cavablandıraraq Azərbaycanın xarici siyasəti, regional proseslər və qlobal çağırışlarla bağlı mühüm mesajlar səsləndirdi. Dövlət başçısı çıxışında dəyişən beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyini, milli maraqlara söykənən xarici siyasət kursunu, regional əməkdaşlıq perspektivlərini və qlobal geosiyasi proseslər fonunda ölkənin artan rolunu geniş şəkildə şərh etdi. Bir daha vurğulandı ki, Azərbaycan artıq Avrasiya məkanının mühüm siyasi və iqtisadi aktorlarından biridir. Cənab Prezidentin diqqət çəkən mesajlarından biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində “orta güc” statusuna yüksəlməsi ilə bağlı olub. Bu status ölkənin müstəqil siyasət yürütməsi, milli maraqlarını qətiyyətlə müdafiə etməsi, güclü iqtisadi və hərbi potensiala malik olması, eləcə də regional və beynəlxalq təhlükəsizliyə verdiyi töhfələrin məntiqi nəticəsi kimi qiymətləndirilib. Qeyd olunub ki, Azərbaycan artıq regional proseslərin gedişinə təsir göstərən vacib tərəfdaşlardan biridir. Çıxışda ölkənin geostrateji mövqeyindən səmərəli istifadə etməsinin yaratdığı üstünlüklər də ön plana çəkilib. Prezident İlham Əliyev bildirib ki, son illərdə həyata keçirilən iri infrastruktur layihələri, müasir nəqliyyat-logistika sistemi, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı, eləcə də qonşu dövlətlərlə qarşılıqlı etimada əsaslanan əməkdaşlıq Azərbaycanın Avrasiyanın əsas tranzit və logistika mərkəzlərindən birinə çevrilməsini təmin edib. Enerji təhlükəsizliyi də Prezidentin çıxışında xüsusi yer tutub. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan hazırda 16 ölkəyə təbii qaz ixrac edir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaş kimi çıxış edir. Rusiya-Ukrayna müharibəsindən sonra Azərbaycanın enerji resurslarına marağın əhəmiyyətli dərəcədə artdığı, hasilatın və ixrac coğrafiyasının genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçirildiyi diqqətə çatdırılıb. Çıxışın mühüm istiqamətlərindən biri də Avropa təsisatları ilə münasibətlər olub. Rəsmi Bakı Avropa İttifaqı ilə qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıqda maraqlı olduğunu bir daha bəyan edib. Eyni zamanda, Avropa Komissiyasının bəzi sabiq nümayəndələrinin Azərbaycana qarşı qərəzli yanaşmasının münasibətlərə mənfi təsir göstərdiyi qeyd olunub. Bununla yanaşı, hazırkı mərhələdə daha konstruktiv əməkdaşlıq üçün əlverişli şəraitin yarandığı da vurğulanıb. Avropa Şurası Parlament Assambleyası və Avropa Parlamentinin Azərbaycana münasibətdə sərgilədiyi qərəzli yanaşma da Prezidentin diqqət çəkdiyi məsələlərdən olub. Dövlət başçısı bildirib ki, ölkəmizə qarşı qəbul edilən bəzi qərarlar hüquqi deyil, siyasi xarakter daşıyır və Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra davam etdirilən bu yanaşma ikili standartların təzahürü kimi qiymətləndirilə bilər. Azərbaycanın həmin təşkilatlarla gələcək əməkdaşlığının yalnız qarşılıqlı hörmət və bərabərhüquqlu münasibətlər əsasında mümkün olacağı vurğulanıb. ABŞ ilə münasibətlərə toxunan Prezident İlham Əliyev Bakı ilə Vaşinqton arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu bildirib. Yeni dialoq mühiti, yüksək səviyyəli qarşılıqlı təmaslar və strateji tərəfdaşlığın inkişafı istiqamətində atılan addımların ikitərəfli münasibətlər üçün yeni imkanlar yaratdığı qeyd olunub. Eyni zamanda, Azadlığa Dəstək Aktına edilmiş “907-ci düzəliş”in mövcud geosiyasi reallıqlara uyğun gəlmədiyi və onun ləğvinin zəruri olduğu bir daha diqqətə çatdırılıb. Ən mühüm mesajlardan biri isə milli birlik və daxili həmrəyliklə bağlı olub. Prezident vurğulayıb ki, mürəkkəb beynəlxalq şəraitdə Azərbaycanın əsas gücü xalqın birliyi, dövlətlə cəmiyyət arasında mövcud həmrəylik və milli maraqlar ətrafında sıx birləşməsidir. Gənclərin milli-mənəvi dəyərlərə sadiq, yüksək vətənpərvərlik ruhunda formalaşdırılmasının ölkənin gələcək inkişafı baxımından həlledici əhəmiyyət daşıdığı xüsusi qeyd edilib. Bununla yanaşı, IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, bəzi qərəzli dairələrin və anti-Azərbaycan qüvvələrinin forumun nüfuzuna kölgə salmaq, tədbirin beynəlxalq əhəmiyyətini azaltmaq istiqamətində apardıqları kampaniyalar heç bir nəticə vermədi. Dünyanın onlarla ölkəsindən nüfuzlu media nümayəndələrinin, ekspertlərin və beynəlxalq təşkilat təmsilçilərinin Şuşaya gələrək forumda fəal iştirak etməsi bu cəhdlərin tamamilə iflasa uğradığını nümayiş etdirdi. Xarici qonaqlar Qarabağda yaradılmış yeni reallıqları öz gözləri ilə gördülər, bölgədə aparılan genişmiqyaslı quruculuq işləri ilə tanış oldular və bu həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı əldə etdilər. Bu isə dezinformasiya və qərəzli təbliğatın faktlar qarşısında davamlı ola bilmədiyini bir daha sübut etdi. Prezident İlham Əliyevin IV Şuşa Qlobal Media Forumundakı çıxışı və forum çərçivəsində aparılan müzakirələr bir daha nümayiş etdirdi ki, Azərbaycan qlobal geosiyasi dəyişikliklər fonunda milli maraqlarına söykənən müstəqil siyasət kursunu ardıcıl şəkildə davam etdirir. Şuşa Qlobal Media Forumu isə həqiqətlərin beynəlxalq auditoriyaya çatdırılması, media əməkdaşlığının inkişafı, sülh və qarşılıqlı etimadın təşviqi baxımından öz əhəmiyyətini ildən-ilə daha da artıran nüfuzlu beynəlxalq platforma kimi mövqeyini möhkəmləndirir. Geri dön |