Ana Sayfa > Siyasət > Şuşa Qlobal Media Forumu: Sülhün carçısı

Şuşa Qlobal Media Forumu: Sülhün carçısı


Bu gün, 11:09. Yazar: azer
Şuşa Qlobal Media Forumu: Sülhün carçısı

Müasir beynəlxalq münasibətlər sistemində informasiya məkanı artıq siyasi, iqtisadi və təhlükəsizlik məsələləri ilə yanaşı, qlobal proseslərə təsir göstərən əsas amillərdən birinə çevrilib. Rəqəmsal texnologiyaların sürətlə inkişaf etməsi, sosial media platformalarının təsir imkanlarının genişlənməsi və süni intellekt tətbiqlərinin gündəlik həyatın ayrılmaz hissəsinə çevrilməsi informasiyanın yayılma sürətini görünməmiş səviyyəyə çatdırıb. Lakin bu inkişafla paralel olaraq dezinformasiya, saxta xəbərlər və ictimai rəyə təsir göstərməyə yönəlmiş manipulyasiya cəhdləri də beynəlxalq təhlükəsizlik üçün ciddi təhdidlər yaradıb. Belə mürəkkəb şəraitdə Şuşada keçirilən IV Qlobal Media Forumu qlobal informasiya gündəliyinin ən vacib məsələlərinin müzakirə olunduğu nüfuzlu beynəlxalq platforma kimi xüsusi diqqət cəlb edib.

Forumun açılış mərasimində çıxış edən cənab Prezident İlham Əliyev informasiya məkanında baş verən müasir proseslərə toxunaraq vurğulayıb ki, həqiqətin müdafiəsi, obyektiv jurnalistika prinsiplərinə sadiqlik və cəmiyyətin dəqiq məlumatlandırılması medianın dəyişməz missiyası olaraq qalır. Dövlət başçısının səsləndirdiyi bu fikirlər yalnız peşəkar media nümayəndələri üçün deyil, həm də beynəlxalq münasibətlərdə qarşılıqlı etimadın möhkəmləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Çünki dezinformasiyanın geniş yayıldığı indiki dövrdə yanlış və qərəzli məlumatlar siyasi gərginliyin artmasına, münaqişələrin dərinləşməsinə və ictimai rəyin manipulyasiya olunmasına səbəb ola bilir. İnformasiya müharibəsinin müxtəlif formaları ilə uzun illər qarşılaşan Azərbaycan bu təhlükələrin mahiyyətini və nəticələrini yaxşı bilir. Xüsusilə keçmiş münaqişə dövründə ölkəmiz barədə qərəzli informasiyaların yayılması, faktların məqsədli şəkildə təhrif edilməsi və beynəlxalq aləmdə ikili standartların tətbiqi Azərbaycanın informasiya siyasətinin daha məqsədyönlü və sistemli şəkildə formalaşdırılmasını zəruri edib. Bu baxımdan cənab Prezident İlham Əliyevin Şuşadan səsləndirdiyi fikirlər ölkəmizin həqiqətə söykənən informasiya siyasətinin və prinsipial mövqeyinin ardıcıl davamı kimi qiymətləndirilə bilər. Azərbaycanın əsas məqsədi obyektiv informasiyanın təşviqinə, həqiqətə əsaslanan media mühitinin formalaşdırılmasına və beynəlxalq media ictimaiyyəti ilə açıq, səmərəli əməkdaşlığın daha da genişləndirilməsinə töhfə verməkdir.

Forumun məhz Şuşada təşkil olunması da xüsusi siyasi və mənəvi məna daşıyır. Şuşa bu gün yalnız Azərbaycanın mədəniyyət paytaxtı kimi deyil, həm də beynəlxalq dialoq, fikir mübadiləsi və media əməkdaşlığının mühüm mərkəzlərindən biri kimi öz mövqeyini möhkəmləndirir. Dünyanın müxtəlif ölkələrindən jurnalistlərin, ekspertlərin və media nümayəndələrinin bu şəhərdə bir araya gəlməsi Azərbaycanın qlobal informasiya əməkdaşlığına verdiyi önəmin real göstəricisidir. Forum çərçivəsində keçirilən müzakirələr regional sərhədləri aşaraq beynəlxalq informasiya təhlükəsizliyi, peşəkar jurnalistika və media məsuliyyəti ilə bağlı yeni yanaşmaların formalaşmasına xidmət edir. Müasir dövrdə informasiya təhlükəsizliyi artıq təkcə texnoloji məsələ deyil, eyni zamanda dövlətlərin milli maraqlarının qorunması, ictimai sabitliyin təmin olunması və beynəlxalq münasibətlərdə etimad mühitinin möhkəmləndirilməsi ilə birbaşa əlaqəlidir. IV Şuşa Qlobal Media Forumu və Prezident İlham Əliyevin səsləndirdiyi mühüm mesajlar göstərir ki, Azərbaycan bu sahədə beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, peşəkar jurnalistikanın inkişafına, obyektiv informasiya mühitinin gücləndirilməsinə və həqiqətin müdafiəsinə bundan sonra da ardıcıl töhfə vermək niyyətindədir. Şuşadan səslənən bu çağırış qlobal media məkanında məsuliyyət, şəffaflıq, obyektivlik və etibarlılıq prinsiplərinin daha da möhkəmləndirilməsinə xidmət edən mühüm siyasi və mənəvi mesaj kimi xüsusi əhəmiyyət daşıyır.

Bəxtiyar Mustafayev,
YAP Mingəçevir şəhər təşkilatının sədri.

Geri dön