Ana Sayfa > Siyasət > Forumda Azərbaycanın yeni geosiyasi gündəliyi və diplomatik prioritetləri səsləndirildi

Forumda Azərbaycanın yeni geosiyasi gündəliyi və diplomatik prioritetləri səsləndirildi


Bu gün, 15:54. Yazar: azer
Forumda Azərbaycanın yeni geosiyasi gündəliyi və diplomatik prioritetləri səsləndirildi

IV Şuşa Qlobal Media Forumu təkcə media platforması deyil, həm də Azərbaycanın regional və qlobal siyasətə baxışını təqdim etdiyi mühüm beynəlxalq dialoq məkanına çevrilib. Prezident cənab İlham Əliyevin forum çərçivəsində səsləndirdiyi fikirlər ölkənin xarici siyasət prioritetləri, təhlükəsizlik strategiyası, enerji diplomatiyası, nəqliyyat-logistika siyasəti və beynəlxalq münasibətlər sistemində tutduğu mövqe barədə geniş təsəvvür formalaşdırır. Bu il forumun miqyası da diqqət çəkir. 53 ölkədən 160 nümayəndənin, onlarla beynəlxalq media qurumunun və təşkilatın iştirakı Şuşa Forumunun artıq regional deyil, qlobal platformaya çevrildiyini göstərir. Son dörd ildə isə tədbirin 81 ölkədən 600-ə yaxın media nümayəndəsini bir araya gətirməsi onun beynəlxalq nüfuzunun ildən-ilə artdığını nümayiş etdirir.

Cənab Prezident forumun əsas məqsədinin yalnız qlobal media nümayəndələri arasında fikir mübadiləsi olmadığını, eyni zamanda Qarabağın bərpasını yerində nümayiş etdirməkdən ibarət olduğunu vurğuladı. Onun fikrincə, ilk illərdə bölgəyə gələn qonaqlar dağıdılmış şəhərləri görürdülərsə, bu gün artıq yenidən qurulan yaşayış məntəqələri, müasir infrastruktur və doğma torpaqlarına qayıdan sakinlərlə tanış olurlar. Bu yanaşma Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi siyasətin mühüm informasiya komponentidir. Rəsmi Bakı beynəlxalq auditoriyaya yalnız siyasi mövqeyini deyil, həm də bərpa prosesinin real nəticələrini nümayiş etdirməyə çalışır. Cənab Prezident çıxışında Azərbaycanın son onillikdə həyata keçirdiyi nəqliyyat siyasətini ölkənin əsas geosiyasi üstünlüklərindən biri kimi təqdim etdi. Dövlət başçısı vurğuladı ki, tranzit ölkəyə çevrilmək yalnız coğrafi mövqedən deyil, həm də qonşularla qarşılıqlı etimada əsaslanan əməkdaşlıqdan keçir. Azərbaycanın təşəbbüsü ilə yaradılan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutları, Xəzər hövzəsində ən böyük ticarət limanının fəaliyyət göstərməsi, gəmiqayırma sənayesinin inkişafı və limanın ötürücülük qabiliyyətinin 25 milyon tona çatdırılması istiqamətində aparılan işlər ölkənin regional logistika mərkəzi statusunu daha da möhkəmləndirir. Dövlət başçısının sözlərinə görə, Yaxın Şərqdə davam edən gərginlik və dəyişən geosiyasi reallıqlar Azərbaycanın tranzit əhəmiyyətini daha da artırır. Forumda enerji təhlükəsizliyi məsələləri də əsas mövzulardan biri oldu. Prezident cənab İlham Əliyev bildirdi ki, Azərbaycan hazırda boru kəmərləri vasitəsilə 16 ölkəyə təbii qaz ixrac edir və coğrafi əhatəsinə görə dünyada birinci yerdədir. Bu ildən Almaniya və Avstriyaya qaz ixracının başlanması Avropa bazarında Azərbaycanın mövqeyinin daha da gücləndiyini göstərir. Dövlət başçısı eyni zamanda Avropa İttifaqını uzunmüddətli müqavilələrin bağlanmasına və qaz nəqli infrastrukturunun genişləndirilməsi üçün maliyyə mexanizmlərinin yaradılmasına çağırdı.

Cənab Prezident həmçinin vurğuladı ki, bərpaolunan enerji istiqamətində həyata keçirilən layihələr nəticəsində 2032-ci ilə qədər 8 giqavatlıq yaşıl enerji gücünün yaradılması planlaşdırılır. Bu isə əlavə qaz həcmlərinin ixrac imkanlarını genişləndirəcək. Çıxışın mühüm hissələrindən biri Azərbaycan-Türkiyə münasibətlərinə həsr olundu. Prezident cənab İlham Əliyev iki ölkənin münasibətlərini təkcə dostluq və qardaşlıq deyil, strateji müttəfiqlik modeli kimi qiymətləndirdi. Şuşa Bəyannaməsinin imzalanmasından sonra münasibətlərin keyfiyyətcə yeni mərhələyə yüksəldiyini bildirən dövlət başçısı vurğuladı ki, iki ölkədən birinə qarşı təhlükə yaranacağı halda digər tərəf bütün imkanları ilə onun yanında olacaq. Cənab Prezident çıxışında Avropa Komissiyası ilə münasibətlərdə müsbət dinamikanın yarandığını qeyd etdi. Onun sözlərinə görə, bu ilin mart-iyul aylarında Avropa İttifaqının yüksək səviyyəli rəhbərliyinin Azərbaycana ardıcıl səfərləri qarşılıqlı marağın artmasının göstəricisidir. Bununla yanaşı, dövlət başçısı Avropa Şurası Parlament Assambleyasının Azərbaycana münasibətini sərt tənqid edərək, nümayəndə heyətinin səsvermə hüququndan məhrum edilməsini siyasi qərar kimi qiymətləndirdi və Azərbaycanın təşkilatda gələcək iştirakının yenidən nəzərdən keçirildiyini bildirdi. Forumda ABŞ-Azərbaycan münasibətləri də geniş müzakirə olundu. Prezident cənab İlham Əliyev son dövrdə Vaşinqtonla münasibətlərin tarixdə ən yüksək səviyyəyə çatdığını vurğulayaraq strateji tərəfdaşlıq sənədinin imzalanmasını, iqtisadiyyat, enerji, süni intellekt, rəqəmsal transformasiya, müdafiə sənayesi və nəqliyyat sahələrində yaradılmış birgə işçi qruplarını əməkdaşlığın yeni mərhələsinin göstəricisi kimi dəyərləndirdi. Prezident eyni zamanda ABŞ Konqresinin 907-ci düzəlişinin artıq siyasi və hüquqi baxımdan köhnəldiyini bildirərək onun tam ləğv edilməsinin vacibliyini qeyd etdi. Dövlət başçısı Azərbaycanın artıq “orta güc” kimi qiymətləndirilməsi ilə bağlı ekspert rəylərinə münasibət bildirərək bunun əsas meyarlarını sadaladı. Onun fikrincə, milli maraqları müstəqil şəkildə müdafiə etmək, hərbi və siyasi potensiala malik olmaq, regional proseslərə təsir göstərə bilmək və beynəlxalq məsuliyyət daşımaq bu statusun əsas elementləridir.

Cənab Prezident eyni zamanda vurğuladı ki, Azərbaycanın döyüş meydanında sübut etdiyi müdafiə qabiliyyəti və diplomatik müstəvidə nümayiş etdirdiyi çeviklik ölkənin artan nüfuzunun əsas səbəblərindəndir. Cənab Prezident daha sonra çıxışında Azərbaycan-Ermənistan münasibətlərinə, Cənubi Qafqazın gələcəyinə və beynəlxalq hüququn roluna da geniş yer ayırdı. Dövlət başçısı qeyd etdi ki, Azərbaycan suverenliyini bərpa etdikdən sonra daha irəli getməyərək müharibənin genişlənməsinin qarşısını alıb. Onun fikrincə, istənilən münaqişənin həllində əsas prinsip beynəlxalq hüquq və dövlətlərin ərazi bütövlüyünə hörmət olmalıdır.

Prezident cənab İlham Əliyev Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü dəstəklədiyini bir daha bəyan edərək beynəlxalq hüququn bütün dövlətlər üçün universal prinsip olduğunu vurğuladı. Dövlət başçısı Çinlə münasibətlərin hərtərəfli strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyini, Çin şirkətlərinin Azərbaycanda energetika, logistika, yaşıl enerji və sənaye layihələrində fəal iştirak etdiyini bildirdi. Eyni zamanda Özbəkistan, Qazaxıstan və digər Mərkəzi Asiya dövlətləri ilə münasibətlərin yeni mərhələyə qədəm qoyduğu, Qarabağın bərpasında qardaş ölkələrin fəal iştirak etdiyi vurğulandı. Cənab Prezident qeyd etdi ki, Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığı artıq təkcə siyasi deyil, həm də geoiqtisadi məzmun daşıyır. Xüsusi ilə vurğulamaq lazımdır ki, cənab Prezidentin çıxışında əsas xətt Azərbaycanın milli təhlükəsizliyinin möhkəmləndirilməsi, iqtisadi dayanıqlığın artırılması və müstəqil xarici siyasətin davam etdirilməsi idi. Dövlət başçısı bildirdi ki, Azərbaycanın əsas riskləri daxildə deyil, xarici geosiyasi proseslərdən qaynaqlanır. Bu səbəbdən müdafiə potensialının gücləndirilməsi, milli birliyin qorunması və dövlət maraqlarının müdafiəsi qarşıdakı dövrün əsas prioritetləri olaraq qalacaq. Çıxışının sonunda cənab Prezident Azərbaycan xalqına ünvanladığı mesajında milli həmrəyliyin, dövlətə inamın və müstəqilliyin qorunmasının gələcək nəsillər üçün ən mühüm vəzifə olduğunu vurğuladı. Onun sözlərinə görə, Azərbaycanın əldə etdiyi uğurlar yalnız milli birlik, güclü dövlətçilik və müstəqil siyasət sayəsində mümkün olub və ölkənin gələcək inkişafı da məhz bu prinsiplərə söykənəcək.

Tahir Mirkişili,
Milli Məclisin deputatı

Geri dön