Ana Sayfa > Manşet / Siyasət > Şuşadan dünyaya verilən mesajlar: Azərbaycanın yüksələn nüfuzu və “orta güc” reallığı

Şuşadan dünyaya verilən mesajlar: Azərbaycanın yüksələn nüfuzu və “orta güc” reallığı


Bu gün, 15:23. Yazar: azer
Şuşadan dünyaya verilən mesajlar: Azərbaycanın yüksələn nüfuzu və “orta güc” reallığı

IV Şuşa Qlobal Media Forumu artıq ənənəvi media tədbiri olmaqdan çıxaraq qlobal siyasi dialoqun, beynəlxalq münasibətlərin və müasir geosiyasi proseslərin müzakirə olunduğu nüfuzlu platformaya çevrilib. Məhz buna görə Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər yalnız Azərbaycan ictimaiyyəti üçün deyil, beynəlxalq auditoriya üçün də mühüm siyasi mesajlar daşıyır. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan artıq regional gündəmi müəyyən edən deyil, qlobal proseslərə təsir göstərə bilən dövlətlər sırasında yer alır.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanın artıq beynəlxalq ekspert dairələrində “orta güc” (middle power) kimi qiymətləndirilməsi ilə bağlı fikirləri oldu. Dövlət başçısı vurğuladı ki, bu anlayışın beynəlxalq münasibətlərdə vahid meyarları tam formalaşmasa da, onun əsas mahiyyəti ölkənin öz potensialı hesabına milli maraqlarını qoruya bilməsi ilə ölçülür: “Mənim fikrimcə, bu terminologiya ölkənin potensialının, böyük güclərin necə düşündüyü və ya etdiyindən asılı olmayaraq, onun öz milli maraqlarını müdafiə etmək bacarığının, əgər kimsə sizə zərər vurmaq istəyirsə, bütün potensialınızla müqavimət göstərmək qabiliyyətinin etiraf olunmasını nəzərdə tutur.”

Bu fikirlər təsadüfi deyil. Son illərdə Azərbaycanın keçdiyi inkişaf yolu göstərir ki, ölkəmiz artıq yalnız Cənubi Qafqazın deyil, daha geniş coğrafiyanın siyasi, iqtisadi və enerji xəritəsində strateji aktora çevrilib. Dövlətimizin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət, güclü iqtisadi potensialı, müasir ordu quruculuğu, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, enerji diplomatiyası və beynəlxalq təşəbbüslərdə fəal iştirakı Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırıb.
Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verən etibarlı tərəfdaşdır. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri kimi ölkəmizin geostrateji əhəmiyyəti davamlı şəkildə artır. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma layihələri, “yaşıl enerji” zonalarının yaradılması və rəqəmsal transformasiya istiqamətində atılan addımlar Azərbaycanın inkişaf modelinin dayanıqlı və gələcəyə hesablanmış xarakter daşıdığını nümayiş etdirir.
Prezident İlham Əliyev “orta güc” anlayışının əsas meyarlarını da konkret şəkildə ifadə etdi: “Müdafiə qabiliyyəti, özü də təkcə hərbi paradda deyil, döyüş meydanında göstərilmiş həmin qabiliyyət vacibdir. Əlbəttə, fikrimcə, mühüm meyarlardan biri hüdudlarınızdan kənarda baş verən hadisələrə təkcə bir sözünüzlə və ya bəyanatınızla təsir göstərmək qabiliyyəti də olmalıdır. Eyni zamanda, bu terminologiyaya aid edilə biləcək meyarlardan biri də məsuliyyətdir.”

Əslində, Prezidentin sadaladığı bu meyarların hər biri bu gün Azərbaycanın timsalında öz real təsdiqini tapır. Vətən müharibəsində əldə olunan tarixi Zəfər ölkəmizin yalnız hərbi gücünü deyil, siyasi iradəsini və milli həmrəyliyini də nümayiş etdirdi. Qoşulmama Hərəkatına uğurlu sədrliyi dövründə 120 üzv ölkənin etimadını qazanması, sədrliyinin yekdil qərarla bir il uzadılması Azərbaycanın müxtəlif siyasi qütblər arasında etibarlı tərəfdaş kimi qəbul edildiyini göstərdi. COP29 kimi qlobal əhəmiyyətli tədbirə uğurla ev sahibliyi etməsi və fərqli maraqlara malik tərəflər arasında konsensusun əldə olunmasına töhfə verməsi isə Azərbaycanın beynəlxalq dialoq platforması kimi artan nüfuzunun bariz göstəricisidir.
Müasir beynəlxalq münasibətlərdə “orta güc” anlayışı yalnız iqtisadi və ya hərbi imkanlarla ölçülmür. Burada əsas göstəricilərdən biri də etibarlılıq, təşəbbüskarlıq, diplomatik çeviklik və beynəlxalq məsuliyyətdir. Azərbaycan bu keyfiyyətləri öz fəaliyyəti ilə sübut edib. Ölkəmiz regional sabitliyin təmin olunmasına, enerji təhlükəsizliyinin möhkəmləndirilməsinə, nəqliyyat əlaqələrinin inkişafına və sivilizasiyalararası dialoqun təşviqinə mühüm töhfələr verir.
Bu baxımdan, Qlobal Media Forumunun məhz Şuşada keçirilməsi də xüsusi rəmzi məna daşıyır. Bir zamanlar işğal altında olan şəhər bu gün beynəlxalq media nümayəndələrinin, ekspertlərin və siyasətçilərin qlobal məsələləri müzakirə etdiyi nüfuzlu platformaya çevrilib. Bu, Azərbaycanın qazandığı Zəfərin, həyata keçirdiyi quruculuq siyasətinin və artan beynəlxalq nüfuzunun ən parlaq təzahürlərindən biridir.
Bu gün Azərbaycan artıq hadisələrin gedişini izləyən deyil, onları formalaşdıran, təşəbbüslər irəli sürən və beynəlxalq gündəliyə təsir göstərən dövlətdir. Prezident İlham Əliyevin Şuşadan verdiyi mesajlar da məhz bu reallığı təsdiqləyir. Güclü iqtisadiyyat, qüdrətli ordu, müstəqil xarici siyasət, beynəlxalq etimad və milli maraqların qətiyyətlə müdafiəsi Azərbaycanın orta güc statusunu nəzəri mülahizə deyil, real geosiyasi həqiqətə çevirib.Millət vəkili Tamam Cəfərova belə deyib.
Geri dön