Ana Sayfa > Siyasət > Adəm İsmayıl Bakuvi: "Şuşa Forumu Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfə verir"

Adəm İsmayıl Bakuvi: "Şuşa Forumu Azərbaycanın beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfə verir"


Bu gün, 14:08. Yazar: azer
Adəm İsmayıl Bakuvi: "Şuşa Forumu Azərbaycanın  beynəlxalq nüfuzunun daha da möhkəmlənməsinə mühüm töhfə verir"

Bəzi beynəlxalq tədbirlərin əhəmiyyəti iştirakçıların sayı və ya qəbul olunan yekun sənədlərlə qiymətləndirilir. Lakin elə forumlar da var ki, onların tarixdə tutduğu yeri məhz səsləndirilən fikirlər və verilən siyasi mesajlar müəyyən edir. IV Şuşa Qlobal Media Forumu da belə platformalardan biridir. Forum çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müxtəlif ölkələrdən gəlmiş media nümayəndələri ilə keçirdiyi açıq və səmimi dialoq bir daha nümayiş etdirdi ki, Azərbaycan artıq yalnız beynəlxalq hadisələri izləyən və onlara münasibət bildirən ölkə deyil, həm də qlobal siyasi proseslərin formalaşmasına real təsir göstərən mühüm aktorlardan birinə çevrilib.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.

Fikirlərini davam etdirən partiya sədri bildirib ki, Şuşa bu gün təkcə tarixi Zəfərin rəmzi kimi deyil, eyni zamanda beynəlxalq dialoqun, fikir mübadiləsinin və informasiya diplomatiyasının mühüm mərkəzi kimi tanınır. Uzun illər işğalın ağır nəticələrini yaşamış bu şəhərin bu gün belə mötəbər tədbirlərə ev sahibliyi etməsi həm rəmzi, həm də siyasi baxımdan xüsusi məna daşıyır. Azərbaycan bununla göstərir ki, dağıdılmış yaşayış məntəqələrini yenidən qurmaq mümkündür, lakin onları qlobal əməkdaşlıq və beynəlxalq müzakirə platformasına çevirmək daha böyük nailiyyətdir. Prezident İlham Əliyevin Forum çərçivəsində verdiyi müsahibədə diqqət çəkən əsas məqamlardan biri də beynəlxalq münasibətlər sistemində baş verən dəyişikliklərin düzgün qiymətləndirilməsi idi. Dövlət başçısı vurğuladı ki, yeni geosiyasi və geoiqtisadi reallıqlar şəraitində əlverişli coğrafi mövqe yalnız üstünlük deyil, eyni zamanda böyük məsuliyyət tələb edir. Azərbaycan isə bu məsuliyyəti genişmiqyaslı infrastruktur layihələri, etibarlı tərəfdaşlıq siyasəti və uzunmüddətli inkişaf strategiyası vasitəsilə uğurla həyata keçirir.

Prezident İlham Əliyevin Orta Dəhlizlə bağlı səsləndirdiyi fikirlər də xüsusi əhəmiyyət daşıyırdı. Son illərdə dünya ticarət marşrutlarında baş verən dəyişikliklər fonunda Orta Dəhliz Avropa ilə Asiyanı birləşdirən ən etibarlı və perspektivli nəqliyyat marşrutlarından birinə çevrilməkdədir. Dövlət başçısı liman infrastrukturunun genişləndirilməsi, dəmir yolu şəbəkəsinin modernləşdirilməsi, Xəzər dənizində gəmiçilik imkanlarının artırılması və tranzit potensialının gücləndirilməsi barədə danışarkən, əslində Azərbaycanın uzunmüddətli iqtisadi təhlükəsizlik strategiyasının əsas istiqamətlərini açıqlayırdı. Bu siyasət nəticəsində ölkəmiz sadəcə tranzit ölkəsi deyil, beynəlxalq logistika sistemində mühüm qərarverici mərkəzlərdən birinə çevrilməkdədir.

Forumda enerji təhlükəsizliyi məsələləri də əsas müzakirə mövzularından biri oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Təbii qaz ixracının artırılması, yaşıl enerji layihələrinin həyata keçirilməsi və yeni ixrac marşrutlarının formalaşdırılması göstərir ki, Azərbaycanın enerji siyasəti artıq yalnız iqtisadi məqsədlərə xidmət etmir, eyni zamanda beynəlxalq təhlükəsizlik sisteminin mühüm elementlərindən birinə çevrilib. Enerji sahəsində etibarlı tərəfdaş kimi formalaşmış nüfuz ölkəmizin beynəlxalq mövqeyini daha da gücləndirir.

Müsahibədə ABŞ və Avropa ölkələri ilə münasibətlərə dair verilən mesajlar da xüsusi diqqət doğurdu. Prezident İlham Əliyev açıq şəkildə bəyan etdi ki, Azərbaycan heç bir qarşıdurmada maraqlı deyil və bütün dövlətlərlə qarşılıqlı hörmətə, bərabərhüquqlu əməkdaşlığa əsaslanan münasibətlərin tərəfdarıdır. Bununla yanaşı, dövlət başçısı ikili standartların və siyasi təzyiq cəhdlərinin qəbuledilməz olduğunu qətiyyətlə vurğuladı. Bu mövqe Azərbaycanın müstəqil və balanslaşdırılmış xarici siyasət kursunun əsas prinsiplərindən biri kimi çıxış edir.

Forum zamanı Türkiyə ilə strateji müttəfiqlik münasibətlərinə dair səsləndirilən fikirlər də mühüm siyasi əhəmiyyət daşıyırdı. Şuşa Bəyannaməsi ilə formalaşan əməkdaşlıq modeli artıq təkcə Azərbaycan və Türkiyənin milli maraqlarına xidmət etmir. Bu model regionda sabitliyin möhkəmləndirilməsi, iqtisadi inteqrasiyanın genişləndirilməsi və təhlükəsizlik sahəsində əməkdaşlığın inkişafı baxımından uğurlu nümunəyə çevrilib. Prezident İlham Əliyevin fikirlərindən aydın olur ki, Azərbaycan regionda qarşıdurma deyil, əməkdaşlıq və qarşılıqlı faydalı tərəfdaşlıq mühitinin formalaşdırılmasını strateji hədəf hesab edir.

Müsahibimiz onu da bildirib ki,forumun diqqət çəkən istiqamətlərindən biri də informasiya siyasətinə dair irəli sürülən yanaşmalar oldu. Müasir dövrdə mübarizə yalnız döyüş meydanında deyil, informasiya məkanında da aparılır. Prezident İlham Əliyev jurnalistlərin hadisələri yerində müşahidə etməsinin vacibliyini vurğulayaraq bildirdi ki, həqiqətin ən etibarlı müdafiəçisi peşəkar və obyektiv fəaliyyəti ilə seçilən media nümayəndələridir. Qarabağda aparılan bərpa və quruculuq işlərini öz gözləri ilə görən jurnalistlər dezinformasiyanın deyil, real faktların beynəlxalq ictimaiyyətə çatdırılmasına xidmət edirlər.Müsahibədə xüsusi diqqət çəkən məqamlardan biri də Azərbaycanın "orta güc" statusuna dair səsləndirilən fikirlər idi. Prezident İlham Əliyevin yanaşmasına görə, bu anlayış yalnız iqtisadi göstəricilər və ya hərbi imkanlarla ölçülmür. Burada əsas meyar müstəqil qərarlar qəbul etmək, milli maraqları qətiyyətlə müdafiə etmək və eyni zamanda beynəlxalq əməkdaşlığa töhfə vermək bacarığıdır. Azərbaycanın COP29-a ev sahibliyi etməsi, Qoşulmama Hərəkatına uğurlu sədrlik etməsi, Türk Dövlətləri Təşkilatında fəal iştirakı və Şuşa Qlobal Media Forumu kimi beynəlxalq platformalar təşkil etməsi bu statusun praktik ifadəsi kimi çıxış edir.

Prezident İlham Əliyevin Ukrayna ilə bağlı səsləndirdiyi "işğalla heç vaxt barışmamaq" fikri isə Forum çərçivəsində verilən ən mühüm siyasi və mənəvi mesajlardan biri oldu. Bu fikir yalnız konkret bir ölkəyə ünvanlanmış çağırış deyil, Azərbaycanın öz tarixi təcrübəsinə söykənən prinsipial dövlət mövqeyinin ifadəsidir. Təxminən otuz il ərzində torpaqları işğal altında qalan və sonradan ərazi bütövlüyünü öz gücü hesabına bərpa edən Azərbaycanın bu yanaşması beynəlxalq hüququn prinsiplərinə verilən mühüm siyasi dəstək kimi qiymətləndirilə bilər. IV Şuşa Qlobal Media Forumu bir daha nümayiş etdirdi ki, müasir Azərbaycan artıq regional prosesləri sadəcə izləyən ölkə deyil. Ölkəmiz qlobal gündəliyin formalaşmasına töhfə verən, etibarlı tərəfdaş kimi qəbul olunan və yeni geosiyasi reallıqların müəyyən edilməsində mühüm rol oynayan dövlətə çevrilib. Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər isə ayrı-ayrı suallara verilmiş cavablar deyil, Azərbaycanın gələcək inkişaf strategiyasını, xarici siyasət prioritetlərini və beynəlxalq münasibətlər sisteminə baxışını əks etdirən mühüm siyasi yol xəritəsi kimi dəyərləndirilə bilər- deyə Adəm İsmayıl Bakuvi fikirlərini yekunlaşdırıb.
Geri dön