Ana Sayfa > Siyasət > Şuşadan yüksələn diplomatiya
Şuşadan yüksələn diplomatiyaBu gün, 13:16. Yazar: azer |
![]() Son illər Azərbaycanın beynəlxalq nüfuzunu müəyyən edən ən mühüm amillərdən biri ölkəmizin qlobal məsələlərə münasibətini təkcə bəyanatlarla deyil, konkret siyasi təşəbbüslərlə ortaya qoymasıdır. IV Şuşa Qlobal Media Forumu da bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Bu Forum bir daha nümayiş etdirdi ki, Şuşa artıq yalnız tarixi Zəfərin rəmzi deyil, eyni zamanda yeni siyasi düşüncənin, beynəlxalq dialoqun və müasir diplomatiyanın ünvanlarından biridir. Bir vaxtlar işğalın ağrılarını yaşayan şəhərin bu gün müxtəlif qitələrdən gələn jurnalistləri, media rəhbərlərini və ekspertləri qəbul etməsi təkcə uğurlu bərpa siyasətinin nəticəsi deyil. Bu, Azərbaycanın dünyaya verdiyi mühüm mesajdır: müharibədən sonra dağıntıları bərpa etmək mümkündür, lakin ən böyük qələbə həmin torpaqlarda etimad, əməkdaşlıq və fikir mübadiləsi üçün yeni platforma yaratmaqdır. Forumun əsas hadisəsi cənab Prezident İlham Əliyevin media nümayəndələri ilə açıq dialoqu oldu. Dövlət başçısının cavabları göstərdi ki, Azərbaycan beynəlxalq münasibətlər sistemində baş verən dəyişiklikləri diqqətlə izləyən deyil, onları düzgün qiymətləndirərək öz milli maraqları ilə uzlaşdıran dövlət kimi çıxış edir. Bu yanaşmanın mərkəzində isə müstəqil siyasət, etibarlı tərəfdaşlıq və uzunmüddətli strateji baxış dayanır. Cənab Prezident İlham Əliyevin çıxışında Orta Dəhliz haqqında səsləndirilən fikirlər xüsusilə diqqət çəkirdi. Son illər dünya iqtisadiyyatında baş verən dəyişikliklər, yeni nəqliyyat marşrutlarına artan tələbat və qlobal ticarətdə yaranan çağırışlar Azərbaycanın geoiqtisadi əhəmiyyətini daha da artırıb. Dövlət başçısı göstərdi ki, ölkəmiz bu reallıqlara əvvəlcədən hazırlaşaraq limanlarını, dəmir yollarını və logistika imkanlarını müasir tələblərə uyğun inkişaf etdirib. Bu gün Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən etibarlı körpü kimi çıxış edir və bu mövqe təsadüfi deyil, ardıcıl dövlət siyasətinin nəticəsidir. Forum zamanı enerji təhlükəsizliyi ilə bağlı verilən mesajlar da Azərbaycanın beynəlxalq nüfuzunun əsas dayaqlarından birini nümayiş etdirdi. Təbii qaz ixracının genişlənməsi, yaşıl enerji layihələrinin həyata keçirilməsi və yeni enerji marşrutlarının formalaşdırılması ölkəmizin etibarlı tərəfdaş kimi mövqeyini daha da gücləndirir. Bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışarkən Azərbaycanın rolunu ayrıca qeyd etmədən bütöv mənzərəni təsəvvür etmək mümkün deyil. Cənab Prezident İlham Əliyevin ABŞ və Avropa ilə münasibətlər barədə söylədiyi fikirlər də müstəqil diplomatiyanın mahiyyətini aydın şəkildə ortaya qoydu. Dövlət başçısı bir daha vurğuladı ki, Azərbaycan qarşıdurma siyasətinin deyil, qarşılıqlı hörmətə əsaslanan əməkdaşlığın tərəfdarıdır. Lakin bu əməkdaşlıq yalnız bərabərlik prinsipi üzərində qurula bilər. Milli maraqların qorunması, suverenliyə hörmət və ikili standartların rədd edilməsi Azərbaycanın xarici siyasətinin dəyişməz prinsipləridir. Azərbaycan–Türkiyə münasibətləri barədə səsləndirilən fikirlər isə Forumun ən mühüm siyasi istiqamətlərindən biri oldu. İki qardaş ölkə arasında formalaşmış müttəfiqlik modeli artıq regionun təhlükəsizlik və inkişaf arxitekturasının əsas sütunlarından birinə çevrilib. Bu model göstərir ki, ortaq tarix və mədəniyyət strateji əməkdaşlıq üçün möhkəm zəmin yaradır, siyasi iradə isə onu uzunmüddətli tərəfdaşlığa çevirir. Forumun mövzusu medianın sülhün təşviqində roluna həsr olunsa da, burada səslənən fikirlər informasiya təhlükəsizliyinin yeni məzmununu da ortaya qoydu. Müasir dünyada həqiqət uğrunda mübarizə artıq dövlətlərin təhlükəsizlik siyasətinin ayrılmaz hissəsidir. Cənab Prezident İlham Əliyevin vurğuladığı kimi, hadisələri yerində görən və faktlara söykənən jurnalistika dezinformasiyaya qarşı ən təsirli cavabdır. Qarabağın bərpasını müşahidə edən media nümayəndələri artıq yalnız xəbər hazırlayan jurnalistlər deyil, həqiqətin canlı şahidlərinə çevrilirlər. Cənab Prezident İlham Əliyevin Ukrayna ilə bağlı "işğalla heç vaxt barışmamaq" fikri isə müsahibənin ən prinsipial siyasi mesajlarından biri kimi yadda qaldı. Bu mövqe Azərbaycanın öz tarixindən doğan həyat həqiqətidir. Ərazi bütövlüyünü bərpa etmiş dövlət kimi Azərbaycan beynəlxalq hüququn aliliyini müdafiə edir və suverenliyin toxunulmazlığını qlobal təhlükəsizliyin əsas prinsiplərindən biri hesab edir. IV Şuşa Qlobal Media Forumu bir daha göstərdi ki, müasir Azərbaycan artıq regional proseslərin kənar müşahidəçisi deyil. O, qlobal əməkdaşlığın fəal iştirakçısı, etibarlı tərəfdaş və yeni geosiyasi reallıqların formalaşmasına töhfə verən dövlətdir. Cənab Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər isə Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərini, diplomatik prioritetlərini və gələcəyə hesablanmış strateji baxışını aydın şəkildə ortaya qoydu. Artıq Şuşa təkcə Qarabağın deyil, bütövlükdə Azərbaycanın dünyaya açılan siyasi pəncərəsidir. Buradan səslənən fikirlər beynəlxalq auditoriya üçün yalnız siyasi mesaj deyil, həm də müstəqil dövlətçilik, etibarlı tərəfdaşlıq və sülh naminə əməkdaşlıq fəlsəfəsinin ifadəsidir. Rəşad Əsgərov, “Kompleks qazma işləri” trestinin YAP ”Dəniz Neftçiləri” ərazi partiya təşkilatının sədri. Geri dön |