Ana Sayfa > Gündəm > Balıq məhsullarının satışı ilə bağlı yeni qaydalar müəyyən edildi

Balıq məhsullarının satışı ilə bağlı yeni qaydalar müəyyən edildi


Bu gün, 11:49. Yazar: Subhan
Balıq məhsullarının satışı ilə bağlı yeni qaydalar müəyyən edildi


Balıqçılıq, qida təhlükəsizliyi və damazlıq heyvandarlıq sahəsində müəyyən olunmuş tələblərə cavab verən balıqçılıq obyektlərinin ticarət dövriyyəsinə daxil edilməsinə icazə veriləcək.

aia.az xəbər verir ki, bu, Milli Məclisin bugünkü iclasında müzakirəyə çıxarılan "Balıqçılıq haqqında" yeni qanun layihəsində əksini tapıb.

Layihəyə əsasən, balıq məhsulları "Qida təhlükəsizliyi haqqında" qanunun tələblərinə uyğun şəkildə qablaşdırılmalı və etiketlənməlidir. Məhsullar ticarət dövriyyəsinə buraxılarkən "Baytarlıq haqqında" qanuna uyğun olaraq müvafiq baytarlıq sənədləri ilə müşayiət olunacaq.

Yeni qaydalara əsasən, balıqçılıq subyektləri tərəfindən balıq ovu və ya akvakultura fəaliyyəti nəticəsində əldə olunan balıq və digər su bioresurslarının satışı üçün onların mənşəyi, cinsi, növü, partiya miqdarı, çəkisi və orta ölçüləri barədə məlumatlar aidiyyəti qurumun informasiya sisteminə daxil ediləcək.

Bildirilib ki, informasiya sisteminə daxil edilən məlumatlar əsasında balıq və digər su bioresurslarının növü və həcminə nəzarət həyata keçiriləcək. Satılan məhsulların minimum keyfiyyət və təhlükəsizlik tələblərinə uyğunluğu isə qida təhlükəsizliyi sahəsində müəyyən olunmuş qaydalar əsasında yoxlanılacaq.

Layihəyə görə, ticarət dövriyyəsinə buraxılmış balıqçılıq obyektlərinin satışı yalnız Qida Təhlükəsizliyi Reyestrinə daxil edilmiş kənd təsərrüfatı məhsullarının satış yerlərində həyata keçiriləcək. Buraya müvafiq avadanlıqlarla təmin olunmuş bazarlar, yarmarkalar, mağazalar və digər xüsusi ayrılmış satış məntəqələri daxildir.

Həmçinin balıq məhsullarının idxalı və ixracı "Qida təhlükəsizliyi haqqında" qanunda nəzərdə tutulan qaydada həyata keçiriləcək. Dondurulmuş və soyudulmuş balıq məhsullarının ixracı zamanı isə aidiyyəti qurumun rəyi nəzərə alınacaq.

Balıq və digər su bioresurslarının, balıq körpələrinin və inkubasiya edilən kürülərin idxal və ixracı da müvafiq qurumun rəyi əsasında həyata keçiriləcək. Ölkəyə gətirilən və ölkədən çıxarılan törədici balıq növlərinin, balıq körpələrinin və inkubasiya olunan kürülərin damazlıq xüsusiyyətləri isə aidiyyəti qurum tərəfindən müəyyən ediləcək.

Qeyd olunub ki, yeni mexanizm balıq məhsullarının mənşəyi, növü və həcmi barədə məlumatların elektron sistemlərdə qeydiyyata alınmasını və izlənməsini təmin edəcək. Bu isə həm qida təhlükəsizliyinə nəzarətin gücləndirilməsinə, həm də bazar münasibətlərinin daha şəffaf tənzimlənməsinə imkan yaradacaq.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq III oxunuşda qəbul edilib.

aia.az
Geri dön