Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib
Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilibDünən, 19:03. Yazar: azer |
![]() İyulun 13-də parlamentin spikeri Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib. Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib. Milli Məclisin sədri Sahibə Qafarova iclasın gündəliyinin təsdiqindən sonra ilk məsələnin “Azərbaycan Respublikası Hökuməti ilə Sudan Respublikası Hökuməti arasında diplomatik pasport sahiblərinin vizadan qarşılıqlı azad edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi olduğunu bildirib. Layihə barədə məlumat verən Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Azərbaycanın Afrika qitəsindəki aktivliyinin strateji əhəmiyyətindən söz açıb, ölkəmizin vizasız rejim coğrafiyasının genişləndiyini də xüsusi vurğulayıb. Onun sözlərinə görə, vətəndaşlarımız artıq diplomatik və xidməti pasportlarla 87 ölkəyə, ümumvətəndaş pasportları ilə 22 ölkəyə tam sərbəst gedə bilərlər. Vurğulanıb ki, 19 may 2026-cı il tarixində Bakı şəhərində imzalanan bu sənəd iki ölkə arasındakı münasibətləri keyfiyyətcə yeni mərhələyə qaldırmaqla, müxtəlif sahələrdə əməkdaşlığın genişlənməsinə əlavə töhfə verəcək. Qanun layihəsi səsə qoyularaq qəbul edilib. Parlamentin sədri gündəliyin növbəti 4 məsələsinin üçüncü oxunuşda qanun layihələri olduğunu deyib. Gündəliyin ikinci məsələsi olan “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumatı Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov təqdim edib. Komitə sədri qanun layihəsinin ikinci oxunuşundan sonra sənədin mətni ilə bağlı komitəyə rəy və təklifin daxil olmadığını diqqətə çatdırıb və layihənin üçüncü oxunuşda da dəstəklənməsini xahiş edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Növbəti məsələ - Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (üçüncü oxunuş) ilə bağlı məlumatı parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov təqdim edib. Komitə sədri qanun layihəsinin ikinci oxunuşundan sonra sənədin mətni ilə bağlı komitəyə rəy və təklifin daxil olmadığını diqqətə çatdırıb və layihənin üçüncü oxunuşda da dəstəklənməsini xahiş edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Dördüncü məsələ - Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə (üçüncü oxunuş) dair məlumat verən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov bildirib ki, bu layihə ilə də bağlı komitəyə rəy və təklif daxil olmayıb və layihənin üçüncü oxunuşda da dəstəklənməsini xahiş edib. Qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Sonra komitə sədri Azər Əmiraslanov “Dövlət satınalmaları haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) də təqdim edərək, bildirilib ki, layihə ilə bağlı əvvəlki oxunuşlarda ətraflı məlumat verilib. O, ikinci oxunuş zamanı qaldırılan məsələlərə aydınlıq gətirildiyini diqqətə çatdırıb. Sonra qanun layihəsi üçüncü oxunuşda qəbul edilib. Parlamentin sədri gündəliyin qalan 17 məsələsinin ikinci oxunuşda qanun layihələri olduğunu deyib. Bildirilib ki, növbəti beş məsələ möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və onların dördü mahiyyətcə bir-birinə yaxındır. Bu dörd məsələ və 10-cu məsələ ilə bağlı iclasda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov və Agentliyin Hüquq departamentinin müdiri Kaul Məmmədov dəvət olunublar. Beləliklə, gündəliyin 6-cı məsələsi olan “Kraudfandinq haqqında”, 7-ci məsələsi olan Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə, 8-ci məsələsi olan Əmək Məcəlləsində, Mülki Məcəllədə, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə və 9-cu məsələsi olan Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə ikinci oxunuşda olan qanun layihələrinin təqdimatları və müzakirələri birgə, səsvermələri ayrı-ayrı keçirilib. Onların birgə təqdimatını İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov edib. Komitə sədri bildirib ki, kraudfandinq, vençur kapitalı fondu və innovasiya ekosisteminin hüquqi əsaslarının yaradılmasına yönəlmiş dörd qanun layihəsi rəqəmsal iqtisadiyyatın inkişafı baxımından mühüm əhəmiyyət daşıyır və onlar haqqında birinci oxunuşda konseptual şəkildə geniş məlumat verilib. O, müzakirələrdə innovativ qanunvericilik paketinin deputatlar tərəfindən ümumilikdə dəstəkləndiyini bildirib. Komitə sədri qeyd edib ki, hazırkı mərhələdə prioritet məsələ innovasiya ekosistemi üçün zəruri hüquqi əsasların formalaşdırılmasıdır. Azər Əmiraslanov birinci oxunuşda deputatların qaldırdıqları məsələlərlə bağlı qanunvericilik təşəbbüskarı subyekti ilə aparılan işlərin nəticələrini diqqətə çatdırıb. Qeyd olunub ki, innovativ iqtisadiyyat inkişaf etdikcə, onu tənzimləyən qanunvericilik bazası da yeni reallıqlar və təcrübə nəzərə alınmaqla təkmilləşdiriləcək. Kraudfandinq, vençur kapitalı fondu kimi maliyyə alətləri ölkəmizdə ilk dəfə tətbiq olunduğu üçün ilkin mərhələdə ehtiyatlı yanaşma sərgilənir. Layihələrdə əsas prinsip investorların, o cümlədən vətəndaşların hüquqlarının qorunması və maliyyə bazarlarında şəffaflığın təmin edilməsidir. Ümumilikdə, layihələrin qəbulu ilə kraudfandinq üzrə normativ hüquqi bazanın formalaşdırılması, innovativ layihələrin və startapların maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi, investorların hüquqlarının müdafiəsi təmin olunmaqla alternativ maliyyələşmə mexanizmlərinin inkişaf etdirilməsi nəzərdə tutulur. Bu isə ölkədə innovasiya fəaliyyətinin təşviqinə, kapital bazarının rəqəmsal alətlərlə genişlənməsinə, özəl investisiyaların innovasiya ekosisteminə yönəldilməsinə və Azərbaycanın rəqəmsal iqtisadiyyat və investisiya mühiti baxımından cəlbediciliyinin artırılmasına xidmət edəcək. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 7-ci, 8-ci və 9-cu məsələlərə dair, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 8-ci və 9-cu məsələlərə dair komitələrinin rəylərini təqdim ediblər. Müzakirədə deputatlar Nigar Arpadarai, Hikmət Məmmədov, Aydın Mirzəzadə, Nizami Səfərov çıxış edərək, layihələrlə bağlı fikirlərini və qeydlərini bildiriblər. Komitə sədri Azər Əmiraslanov və rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov səslənən fikirlərə münasibət bildirəndən sonra qanun layihələrinin dördü də ayrı-ayrı səsə qoyularaq ikinci oxunuşda qəbul olunub. Sonra Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. O, vurğulayıb ki, qanun layihəsi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, informasiya infrastrukturunun kibertəhdidlərdən qorunması, bu sahədə institusional mexanizmlərin yaradılması və rəqəmsal inkişaf proseslərinin hüquqi əsaslarının müəyyənləşdirilməsi məqsədilə hazırlanıb. Qanun layihəsi ikinci oxunuşda qəbul olunub. Spiker Sahibə Qafarova bildirib ki, növbəti iki məsələ möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub. O, qeyd edib ki, bu məsələlərlə əlaqədar iclasda kənd təsərrüfatı nazirinin müavini Seymur Səfərli və digər şəxslər iştirak edirlər. Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Toxumçuluq haqqında” Azərbaycan Respublikası qanununun layihəsini (ikinci oxunuş) təqdim edib. Diqqətə çatdırılıb ki, təqdim edilən qanun layihəsi 6 fəsil, 27 maddədən ibarətdir. Sənəd Azərbaycan Respublikasında toxumun istehsalı, emalı, tədarükü, saxlanması, daşınması, ticarət dövriyyəsi, o cümlədən idxalı və ixracı, sertifikatlaşdırılması və keyfiyyətinə nəzarətlə bağlı yaranan münasibətləri tənzimləyir, bu sahədə fəaliyyət göstərən subyektlərin və dövlət orqanlarının fəaliyyətinin hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edir. Bildirilib ki, yeni layihədə anlayışlar sistemi təkmilləşdirilib. Sənədin müvafiq maddələrində toxumçuluq sahəsində dövlət tənzimlənməsi və nəzarəti, toxumçuluğun elmi təminatı, toxumçuluq subyektlərinin mənafelərinin qorunması, toxumçuluğun maliyyələşdirilməsi, toxum müfəttişlərinin hüquq və vəzifələri ilə bağlı məsələlər öz əksini tapıb. Bununla yanaşı, layihədə toxum əməliyyatçılarının qeydiyyata alınması, onların vəzifə və hüquqları, toxum ehtiyatı fondlarının yaradılması, saxlanması və istifadəsi məsələləri ehtiva olunur. Həmçinin, toxum əməliyyatçılarının qeydiyyatdan keçməsi, toxumun istehsalı, saxlanılması və satışı, Elektron Hökumət İnformasiya Sistemi ilə sənədlərin toplanması məsələlərinə aydınlıq gətirilir. Layihədə toxumların sortluq və səpin keyfiyyətlərinin müəyyən edilməsi, laboratoriya müayinəsi və ekspertizası, super-elit və elit toxum sortlarının əldə edilməsi ilə bağlı vəzifələr də təsbit edilir. Qeyd olunub ki, qanun layihəsi aqrar sektorun dayanıqlı inkişafına əhəmiyyətli təsir göstərərək, toxumların keyfiyyət göstəricilərinin yüksəldilməsinə, vahid toxum sisteminin formalaşdırılması və tənzimlənməsinə nəzarət tədbirlərinin asanlaşdırılmasına, yerli toxumçuluğun inkişaf etdirilməsinə, idxaldan asılılığın aradan qaldırılmasına, ixracın artırılmasına xidmət edəcək. Növbəti məsələ - “Seleksiya nailiyyətləri haqqında”, “Dövlət rüsumu haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Texniki tənzimləmə haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı (ikinci oxunuş) məlumata əsasən, sənəd "Toxumçuluq haqqında" yeni qanunun tələblərindən irəli gələrək hazırlanıb və müvafiq dəyişiklikləri özündə ehtiva edir. Bu məsələ barədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov təmsil etdiyi komitənin rəyini açıqlayıb. O, bildirib ki, layihədə seleksiya və toxumçuluq sahəsində vahid informasiya ehtiyatının hüquqi əsasları müəyyən edilir. Toxum əməliyyatçılarının qeydiyyatı və toxum sertifikatlaşdırılması üzrə dövlət rüsumları təsbit olunur. Toxum əməliyyatçılarının qeydiyyatına dair çıxarış sahibkarlıq fəaliyyəti üçün tələb olunan icazələr siyahısına daxil edilir. Hər iki qanun layihəsi ayrı-ayrılıqda səsə qoyularaq, ikinci oxunuşda qəbul edilib. Gündəliyin növbəti iki məsələsinin də möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə təqdim edildiyi və mahiyyətcə bir-birinə yaxın olduğu bildirilib. Sonra Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev “Balıqçılıq haqqında” Azərbaycan Respublikasının qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, qanun layihəsi Azərbaycan Respublikasında balıqçılığın, o cümlədən balıq və digər su bioresurslarının ovunun və akvakulturanın təşkilinin, idarə edilməsinin, balıq və digər su bioresurslarının artırılmasının, istifadəsinin və mühafizəsinin hüquqi əsaslarını müəyyən edir. 8 fəsil, 30 maddədən ibarət layihədə yeni anlayışlar təsbit edilir, balıqçılıq sahəsində dövlət siyasətinin əsas prinsipləri, bu sahədə dövlətin vəzifələri və dövlət nəzarəti tədbirlərinə aydınlıq gətirilir. Balıqçılıq sahəsində məhsuldarlığın artırılması və ərzaq təhlükəsizliyinin təmin olunması məqsədi ilə istehsal metodlarının və innovativ texnologiyaların təşviqi məsələləri, habelə daxili bazar tələbatının ödənilməsi və ixrac potensialının artırılması, balıqçılıq və akvakultura sahəsində idarəetmənin təkmilləşdirilməsi və rəqəmsallaşdırılması ilə bağlı vəzifələr dövlət siyasətinin əsas prinsipləri kimi müəyyən edilir. Balıqçılıq sahəsində dövlət proqramlarının, milli fəaliyyət konsepsiyalarının və digər sənədlərin hazırlanması və həyata keçirilməsi, dövlət nəzarətinin gücləndirilməsi, dövlət dəstək tədbirlərinin göstərilməsi əsas vəzifələr kimi qarşıya qoyulur. Bununla yanaşı, sənəddə balıq ovu, akvakulturası və ticarət dövriyyəsi, balıqçılıq subyektlərinin hüquq və vəzifələri, balıqartırma, balıq və digər su bioresurslarının məskunlaşdığı mühitin mühafizəsi, balıqçılığın iqtisadi tənzimlənməsi, balıq və digər su bioresurslarının artırılması, istifadəsi və mühafizəsi ilə bağlı beynəlxalq əməkdaşlıq və digər məsələlər öz əksini tapıb. Məsələ barədə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bu komitənin rəyini təqdim edib. Sonra İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib. Bildirilib ki, sənəddə "Balıqçılıq haqqında" yeni qanun layihəsindən irəli gələrək bir sıra uyğunlaşdırma xarakterli dəyişikliklər nəzərdə tutulur. Dəyişikliklərdə akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsinin verilməsinə görə dövlət rüsumu müəyyən edilir. Bununla yanaşı, sahibkarlıq fəaliyyətinə verilən icazələrin siyahısına akvakultura təsərrüfatlarının qeydiyyat şəhadətnaməsi əlavə olunur. Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev bu sənəd barədə təmsil etdiyi komitənin müsbət rəy verdiyini açıqlayıb. Məsələlərin müzakirəsi zamanı deputat Məlahət İbrahimqızı bəzi fikirlərini səsləndirib. "Balıqçılıq və Akvakultura Mərkəzi" publik hüquqi şəxsin direktoru Ceyhun Əliyev qaldırılan məsələyə münasibət bildirib. Sonra qanun layihələri ayrı-ayrılıqda səsə qoyularaq, ikinci oxunuşda qəbul edilib. İclasda Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev Torpaq Məcəlləsində, Mülki Məcəllədə və “Qiymətləndirmə fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsindən (ikinci oxunuş) söhbət açıb. Qeyd edilib ki, layihədə təklif olunan dəyişikliklər əmlakdan və torpaq sahələrindən daha səmərəli istifadə edilməsini, dövlət və vətəndaş arasında qarşılıqlı razılıq əsasında əmlak mübadiləsinin aparılmasını nəzərdə tutur. Layihəyə əsasən, "Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında" Qanunla müəyyən edilmiş torpağın dövlət ehtiyacları üçün alınmasına əsas verən hallar, habelə qanunla özəlləşdirilməsi qadağan olunan dövlət əmlakı və dövlətin müstəsna mülkiyyətində olan torpaq sahələri istisna olmaqla, dövlət mülkiyyətində olan əmlak, o cümlədən torpaq sahəsi qarşılıqlı razılıq əsasında xüsusi mülkiyyətdə olan əmlakla və ya torpaq sahəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın təqdimatı əsasında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla razılaşdırmaqla müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın qərarı ilə dəyişdirilir. Dəyişdirilən əmlakların, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi "Qiymətləndirmə fəaliyyəti haqqında" Qanununa uyğun olaraq qiymətləndirici tərəfindən həyata keçirilir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bu komitələrin məsələ barədə rəylərini təqdim ediblər. Parlamentin komitə sədri Zahid Oruc məsələyə dair öz fikirlərini səsləndirdikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul olunub. Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev daha sonra Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Daşınmaz əmlakın dövlət kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Nəzərə çatdırılıb ki, qanun layihəsi torpaq ehtiyatlarından səmərəli və dayanıqlı istifadənin təmin edilməsi, torpaqların konsolidasiyası üçün hüquqi zəminin formalaşdırılması məqsədilə hazırlanıb. Sənəddə kənd təsərrüfatı təyinatlı torpaqların konsolidasiyası – kənd təsərrüfatı təyinatlı torpaqlardan səmərəli istifadə məqsədilə torpaq mülkiyyətçilərinin razılığı və ekvivalent bazar dəyəri əsasında torpaq sahələrinin birləşdirilməsi, bölünməsi, sərhədlərinin yenidən müəyyən edilməsi, torpaq sahələrinin və ya onların hissələrinin dəyişdirilməsi nəticəsində torpaq sahələri üzərində mülkiyyət və digər əşya hüquqlarının yenidən rəsmiləşdirilməsi, bu məqsədlərə nail olunması üçün ehtiyacdan asılı olaraq suvarma, meliorasiya, yol, enerji, işıqlandırma və digər mühəndis-kommunikasiya infrastrukturu ilə bağlı dəyişikliklərin həyata keçirilməsi prosesi olaraq müəyyən edilir. Bildirilib ki, qanun layihəsinin qəbulu kənd təsərrüfatında məhsuldarlığın artırılması, torpaq resurslarından səmərəli istifadənin təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və kənd yerlərinin inkişafı üçün mühüm əhəmiyyət kəsb edir. Məsələ barədə Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov bu komitələrin müsbət rəylərini diqqətə çatdırıblar. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub. Sonra komitə sədri Tahir Rzayev Torpaq Məcəlləsində, Mülki Məcəllədə, “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Daşınmaz əmlakın dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında” 2017-ci il 15 dekabr tarixli 918-VQD nömrəli və “Aqrar sığorta haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, qanun layihəsi "Daşınmaz Əmlakın Elektron Reyestri və Kadastrı" informasiya sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 noyabr 2023-cü il tarixli Fərmanının icrası çərçivəsində hazırlanıb və daşınmaz əmlakın kadastrı və reyestri sahəsində qanunvericilik bazasının təkmilləşdirilməsini nəzərdə tutur. Qeyd edilib ki, qanun layihəsində daşınmaz əmlakın dövlət reyestri və kadastrının vahid informasiya sistemində birləşdirilməsi, məlumatların əldə edilməsi və saxlanılması ilə bağlı dəyişikliklər təklif olunur. Nəzərə çatdırılıb ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Qanunun qüvvədə olan redaksiyasında hüquqların qeydiyyatı üçün 10 iş günü nəzərdə tutulmuşdur, dəyişikliklə təkrar qeydiyyatın icra müddəti azaldılaraq 1 iş günü olaraq təyin olunur. Dəyişiklik daşınmaz əmlak bazarında çeviklik və xərclərin azaldılmasına xidmət edir. Layihə ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Nurlan Həsənov bu komitələrin rəylərini səsləndiriblər. Qeyd edilib ki, dəyişikliklər daşınmaz əmlakın qeydiyyatı sahəsində şəffaflığın artırılmasına, elektron xidmətlərin genişləndirilməsinə, vətəndaşlar üçün daha çevik prosedurların yaradılmasına xidmət edəcək. Məsələ barədə komitə sədri Zahid Oruc bəzi fikirlərini açıqladıqdan sonra, qanun layihəsi ikinci oxunuşda qəbul olunub. İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş) barədə məlumat verib. Məsələyə dair birinci oxunuş zamanı ətraflı məlumat verildiyini deyən komitə sədri, İnzibati Xətalar Məcəlləsində təklif olunan dəyişikliklərin bu gün müzakirə olunan bir sıra qanunların tətbiqi, habelə Cinayət Məcəlləsinə edilən sonuncu dəyişikliklərlə bağlı olduğunu qeyd edib. O, layihəyə dair hər hansı əlavə təklifin daxil olmadığını söyləyib və onun səsə qoyulmasını xahiş edib. Qanun layihəsi ikinci oxunuşda qəbul olunub. Sonra Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Bildirilib ki, qanun layihəsində təklif olunan dəyişikliklər istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarında icbari sığortanın təkmilləşdirilməsi və beynəlxalq normalara uyğunlaşdırılmasına yönəlib. Dəyişikliklər könüllülərin, tələbə və şagirdlərin, eləcə də əlilliyi olan şəxslərin icbari tibbi sığortası zamanı onlara münasibətdə sığortanın təkmilləşdirillməsini nəzərdə tutur. Layihədə, eyni zamanda, sığorta hadisəsi zamanı birdəfəlik sığorta ödənişinin maksimum məbləği müəyyən edilir. Qanun layihəsi səsə qoyularaq ikinci oxunuşda qəbul olunub. Parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov “Tibbi sığorta haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsini (ikinci oxunuş) təqdim edib. Komitə sədri qanun layihəsi ilə bağlı əlavə rəy və təklifin daxil olmadığını deyib və onun dəstəklənməsini xahiş edib. Layihədə icbari tibbi sığorta fondu anlayışının əlavə olunması, icbari tibbi sığortanın tətbiqi ilə bağlı əməliyyatların elektron qaydada həyata keçirilməsinin hüquqi əsaslarının müəyyən edilməsi, habelə sığortaolunanlara ambulator şəraitdə istifadə olunan dərman vasitələrinin aptek təşkilatları tərəfindən elektron resept əsasında buraxılması, icbari tibbi sığorta şəhadətnaməsinin elektron formada yaradılması nəzərdə tutulur. Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qanun layihəsi barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini diqqətə çatdırıb. Deputat Vüqar Bayramov məsələ ilə bağlı bəzi fikir və təkliflərini səsləndirdikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul olunub. Sonra Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Miqrasiya Məcəlləsində, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” və “Dövlət rüsumu haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsindən (ikinci oxunuş) bəhs edib. Bildirilib ki, qanun layihəsində əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında müvəqqəti olma müddətinin uzadılması ilə bağlı inzibati prosedurların elektronlaşdırılması və normativ-hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə müvafiq dəyişikliklər təklif olunur. Sənəd dövlət xidmətlərinin rəqəmsallaşdırılmasına, sənəd dövriyyəsinin sadələşdirilməsinə, müraciətlərin elektron qaydada icrasının genişləndirilməsinə, inzibati prosedurların operativliyinin artırılmasına və qanunvericiliyin elektron idarəetmə prinsiplərinə uyğunlaşdırılmasına xidmət edir. İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov məsələ barədə bu komitənin müsbət rəy verdiyini bildirib. Deputat Sahib Alıyev məsələ ilə bağlı bəzi qeydlərini söylədikdən sonra, qanun layihəsi ikinci oxunuşda qəbul olunub. İclasda Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Bədəl Bədəlov “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (ikinci oxunuş) məlumat verib. O, layihə ilə bağlı əlavə heç bir qeyd və təklifin olmadığını deyib və onun səsə qoyulmasını xahiş edib. Sənəddə təklif olunan dəyişikliklər enerji səmərəliliyi sahəsində həyata keçirilən maarifləndirmə tədbirlərinin dayanıqlı və uzunmüddətli icrası üçün sabit maliyyə mexanizminin yaradılmasına, bununla da enerjidən səmərəli istifadə üzrə davranışların təşviqinə, əhalinin məlumatlılıq səviyyəsinin genişləndirilməsinə, yeni kommunikasiya alətlərinin tətbiqinə və enerjiyə qənaət mədəniyyətinin formalaşmasına yönəldilib. Qanun layihəsi ikinci oxunuşda qəbul olunub. Bununla Milli Məclisin bugünkü iclası başa çatıb. Geri dön |