Ana Sayfa > Manşet / Siyasət > Novruzəli Aslanov: “Şuşa beynəlxalq media diplomatiyasının yeni ünvanı kimi mövqeyini möhkəmləndirir”

Novruzəli Aslanov: “Şuşa beynəlxalq media diplomatiyasının yeni ünvanı kimi mövqeyini möhkəmləndirir”


Bu gün, 14:50. Yazar: azer
Novruzəli Aslanov: “Şuşa beynəlxalq media diplomatiyasının yeni ünvanı kimi mövqeyini möhkəmləndirir”

“Qlobal geosiyasi proseslərin sürətlə dəyişdiyi, informasiya məkanının isə beynəlxalq münasibətlərə birbaşa təsir göstərdiyi müasir dövrdə dövlətlər üçün etibarlı dialoq platformalarının yaradılması xüsusi əhəmiyyət kəsb edir. Bu baxımdan IV Şuşa Qlobal Media Forumu təkcə jurnalistlərin və media ekspertlərinin toplantısı deyil, həm də beynəlxalq fikir mübadiləsinin, qarşılıqlı anlaşmanın və media diplomatiyasının yeni mərhələsini ifadə edən mühüm platformadır. Dünyanın müxtəlif ölkələrindən nüfuzlu media nümayəndələrinin Şuşada bir araya gəlməsi Azərbaycanın təşəbbüslərinin beynəlxalq səviyyədə artan nüfuzunu bir daha təsdiqləyir. Forumun açılışında çıxış edən Prezident İlham Əliyev beynəlxalq media gündəmini düşündürən bir sıra vacib məsələlərə toxunaraq müasir informasiya mühitinin əsas çağırışlarını diqqətə çatdırdı. Dövlət başçısının fikirlərindən aydın olur ki, informasiya təhlükəsizliyi, obyektiv jurnalistika, dezinformasiyaya qarşı mübarizə və beynəlxalq etimadın gücləndirilməsi artıq yalnız media ictimaiyyətinin deyil, bütövlükdə dünya siyasətinin əsas mövzularındandır. Bu yanaşma medianın cəmiyyət qarşısında məsuliyyətini daha da artırmaqla yanaşı, onun beynəlxalq münasibətlərdə oynadığı rolu da yeni müstəviyə çıxarır.”

Bu fikirləri aia.az-a verdiyi açıqlamada Milli Məclisin deputatı Novruzəli Aslanov səsləndirib.

Millət vəkili bunu da qeyd edib ki, Azərbaycanın belə bir forumu ardıcıl olaraq Şuşada keçirməsi heç də təsadüfi seçim deyil: “Şuşa artıq təkcə tarixi və mədəni irsimizin rəmzi deyil, həm də ölkəmizin beynəlxalq humanitar və siyasi təşəbbüslərinin mühüm mərkəzlərindən birinə çevrilib. Burada keçirilən beynəlxalq konfranslar, forumlar və mədəni tədbirlər Azərbaycanın işğaldan azad olunmuş ərazilərdə yaratdığı yeni inkişaf modelini dünyaya nümayiş etdirir. Qlobal Media Forumu isə bu prosesə yeni məzmun qazandıraraq Şuşanı beynəlxalq media diplomatiyasının tanınmış ünvanlarından birinə çevirir. Forumun əsas üstünlüklərindən biri müxtəlif ölkələrdən gəlmiş jurnalistlərə Azərbaycanın mövqeyini birbaşa öyrənmək, regionda gedən proseslərlə yerində tanış olmaq və fərqli baxışların açıq müzakirəsinə qoşulmaq imkanı yaratmasıdır. Bu isə informasiya məkanında mövcud stereotiplərin aradan qaldırılmasına, birtərəfli yanaşmaların zəifləməsinə və faktlara əsaslanan obyektiv yanaşmanın güclənməsinə xidmət edir. Prezident İlham Əliyevin media nümayəndələri ilə açıq dialoqa üstünlük verməsi də məhz şəffaflıq və qarşılıqlı etimad prinsiplərinin praktik ifadəsidir. Bu gün beynəlxalq münasibətlərdə “yumşaq güc” amili getdikcə daha böyük rol oynayır. Mədəniyyət, humanitar əməkdaşlıq və media platformaları dövlətlərin beynəlxalq nüfuzunun formalaşmasında mühüm vasitəyə çevrilir. Azərbaycan da məhz bu istiqamətdə ardıcıl siyasət həyata keçirərək Şuşanı qlobal əməkdaşlığın mühüm mərkəzlərindən biri kimi inkişaf etdirir. IV Şuşa Qlobal Media Forumu bunun növbəti təsdiqidir. Prezident İlham Əliyevin Forum çərçivəsində səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan informasiya məkanında qarşıdurmanı deyil, dialoqu; manipulyasiyanı deyil, həqiqəti; qapalı münasibətləri deyil, açıq əməkdaşlığı təşviq edən ölkə kimi çıxış edir. Məhz bu yanaşma Şuşanın beynəlxalq media diplomatiyasının yeni ünvanına çevrilməsinin əsas siyasi məntiqini təşkil edir və Azərbaycanın qlobal informasiya məkanındakı mövqeyini daha da möhkəmləndirir” – deyə, Novruzəli Aslanov fikirlərini sona çatdırıb.
Geri dön