Ana Sayfa > Manşet / Siyasət > Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanat
Etnik ayrı-seçkiliyin yolverilməzliyi və vətəndaş həmrəyliyinin vacibliyi barədə bəyanatBu gün, 14:04. Yazar: azer |
![]() Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayevin Gürcüstan cəmiyyətinə müraciəti Son günlər ictimai məkanda etnik zəmində təhqir və zorakılıq halları ilə bağlı yayılan məlumatlar cəmiyyətdə ciddi narahatlıq doğurub. Hər bir belə fakt səlahiyyətli dövlət qurumları tərəfindən qanunvericiliyin tələblərinə uyğun, hərtərəfli və obyektiv araşdırılmalı, hüquqi qiymətini almalıdır. Lakin bütün hallarda dəyişməz və mübahisəsiz bir prinsip mövcuddur: insanın etnik mənsubiyyətinə, dilinə, dininə və ya mədəni kimliyinə görə ayrı-seçkiliyə məruz qalması qətiyyən yolverilməzdir. Belə hallar demokratik dövlətin, hüququn aliliyinin və insan hüquqlarının fundamental prinsiplərinə ziddir. Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri, tanınmış ictimai xadim Əli Babayev son hadisələrlə əlaqədar ictimaiyyətə müraciət edərək bildirib ki, Gürcüstan tarix boyu müxtəlif xalqların və mədəniyyətlərin dinc birgəyaşayış məkanı olub. Əsrlər boyu gürcülər, azərbaycanlılar, ermənilər, osetinlər, yunanlar, yəhudilər, kistlər, assuriyalılar, ruslar, ukraynalılar, yezidilər və digər etnik icmalar bu torpaqda qarşılıqlı hörmət, etimad və əməkdaşlıq şəraitində yaşayıb, ölkənin mədəni, iqtisadi və dövlətçilik ənənələrinin formalaşmasına mühüm töhfələr veriblər. Məhz bu etnik və mədəni müxtəliflik Gürcüstanın ən böyük üstünlüklərindən və zənginliklərindən biridir. Əli Babayev vurğulayıb ki, Gürcüstan təkcə etnik deyil, dini tolerantlığın da nadir nümunələrindən biridir. Paytaxt Tbilisidə pravoslav kilsəsi, məscid, sinaqoq və katolik kilsəsinin uzun illərdir yanaşı fəaliyyət göstərməsi ölkənin tolerantlıq ənənələrinin və yüksək mədəniyyətinin ən parlaq göstəricilərindəndir. Onun sözlərinə görə, bu gün Gürcüstan beynəlxalq aləmdə demokratik, açıq və Avropa dəyərlərinə sadiq dövlət kimi tanınır, eyni zamanda regionun ən cəlbedici turizm istiqamətlərindən biri hesab olunur. Belə bir şəraitdə ölkədə yaşayan və ya onu ziyarət edən hər bir insanın milliyyətindən, irqindən, dinindən və ana dilindən asılı olmayaraq özünü təhlükəsiz, azad və ləyaqətli hiss etməsi dövlətin və bütövlükdə cəmiyyətin ortaq məsuliyyətidir. "İstənilən şəxsin yalnız Azərbaycan, rus və ya başqa bir dildə danışdığına görə təhqirə, təhdidə, psixoloji təzyiqə və ya fiziki zorakılığa məruz qalması qəbuledilməzdir. Bu cür hallar yalnız konkret insanlara deyil, həm də Gürcüstanın beynəlxalq nüfuzuna, əsrlərlə formalaşmış tolerantlıq ənənələrinə və cəmiyyətimizin əsas dəyərlərinə ciddi zərbə vurur", – deyə Əli Babayev bildirib. O, dövlət qurumlarını, hüquq-mühafizə orqanlarını, vətəndaş cəmiyyətini, media nümayəndələrini və bütün vətəndaşları etnik nifrətin, ksenofobiyanın və nifrət nitqinin bütün formalarına qarşı prinsipial və qətiyyətli mövqe nümayiş etdirməyə çağırıb. Əli Babayev qeyd edib ki, cəmiyyətdə qarşıdurma yaratmağa yönəlmiş hər hansı təxribat cəhdləri vaxtında qarşısı alınmalı, qanun pozuntuları isə tam, obyektiv və qanunun bütün tələblərinə uyğun araşdırılmalıdır. Cəzasızlıq mühiti heç bir halda formalaşmamalıdır. "Eyni zamanda hesab edirəm ki, siyasi məsuliyyət hissini itirmiş bəzi radikal müxalif qüvvələrin etnik qarşıdurmanı alovlandırmağa yönəlmiş çağırışları cəmiyyət üçün ciddi təhlükə yaradır. Dar siyasi maraqlar naminə milli həmrəyliyi hədəfə alan bu cür yanaşmalar qəbuledilməzdir və ictimaiyyət tərəfindən qətiyyətlə rədd edilməlidir", – deyə o vurğulayıb. Bəyanatda qeyd olunur ki, Gürcüstanın gələcəyi qarşıdurma və parçalanmada deyil, qarşılıqlı hörmət, vətəndaş həmrəyliyi, hüququn aliliyi və ümummilli birlik üzərində qurulmalıdır. "Gürcüstanın gücü həmişə onun müxtəlifliyində və tolerantlığında olub. Bu, bizə əcdadlarımızdan miras qalan ən qiymətli sərvətdir. Hər birimizin borcu bu irsi qorumaq, gələcək nəsillərə ötürmək və bütün insanların hüquqlarının, təhlükəsizliyinin və ləyaqətinin etibarlı şəkildə təmin olunduğu güclü, sabit və vahid Gürcüstan qurmaqdır", – deyə Gürcüstan Azərbaycanlıları Milli Konqresinin sədri Əli Babayev bəyanatını yekunlaşdırıb. Sozcu.info Geri dön |