Ana Sayfa > Manşet / Siyasət / Özəl > Adəm İsmayıl Bakuvi: "Qarabağda yeni mərhələ, Zəfərin siyasi fəlsəfəsi və Böyük Qayıdışın dövlətçilik modeli"

Adəm İsmayıl Bakuvi: "Qarabağda yeni mərhələ, Zəfərin siyasi fəlsəfəsi və Böyük Qayıdışın dövlətçilik modeli"


Bu gün, 10:55. Yazar: azer
Adəm İsmayıl Bakuvi: "Qarabağda yeni mərhələ, Zəfərin siyasi fəlsəfəsi və Böyük Qayıdışın dövlətçilik modeli"

Cənab Prezident İlham Əliyevin Xocavənd və Şuşa rayonlarına növbəti səfəri, yeni yaşayış məntəqələrində görülən quruculuq işləri ilə tanış olması və doğma yurdlarına qayıdan sakinlərlə səmimi görüşləri bir daha göstərdi ki, Qarabağ artıq yalnız hərbi Qələbənin deyil, həm də böyük dövlət quruculuğu mərhələsinin əsas məkanına çevrilib. Bu səfər təkcə istifadəyə verilən sosial infrastruktur obyektlərinin və bərpa olunan kəndlərin təqdimatı deyildi. Cənab Prezidentin çıxışı Azərbaycanın postmüharibə inkişaf strategiyasını, milli dövlətçilik fəlsəfəsini və regionda formalaşmış yeni geosiyasi reallıqları əks etdirən mühüm siyasi sənəd təsiri bağışladı.

Bu sözləri aia.az-a verdiyi açıqlamasında Vəhdət Partiyasının sədri, ictimai-siyasi xadim Adəm İsmayıl Bakuvi deyib.

Fikirlərini davam etdirən partiya sədri bildirib ki, artıq Qarabağ haqqında danışarkən əsas mövzu işğal faktı deyil, quruculuq, məskunlaşma, iqtisadi inkişaf və insan həyatının bərpasıdır. Cənab Prezident İlham Əliyevin çıxışında bu məqam xüsusilə diqqəti cəlb edir. Dövlət başçısı keçmiş məcburi köçkünləri təbrik etməklə yanaşı, onların doğma torpaqda təhlükəsiz və firavan yaşayacağını, dövlət tərəfindən yaradılan şəraitdən istifadə edərək yeni həyat quracaqlarını xüsusi vurğulayır. Bu yanaşma göstərir ki, Böyük Qayıdış artıq siyasi proqram olmaqdan çıxaraq real dövlət siyasətinə çevrilib. Dövlətimizin başçısı çıxışında Böyük Qayıdışın mahiyyətini yalnız insanların öz evlərinə köçməsi kimi təqdim etmir. O, bu prosesi milli ədalətin bərpası, tarixi haqqın öz sahibinə qaytarılması və dövlətin vətəndaş qarşısında sosial məsuliyyətinin ən parlaq nümunəsi kimi qiymətləndirir. Məhz buna görə də kəndlərdə yolların, qazın, elektrik və su xətlərinin çəkilməsi, məktəblərin, uşaq bağçalarının, rabitə və internet infrastrukturunun qurulması sadəcə tikinti layihələri deyil, Azərbaycan dövlətinin gücünün və idarəçilik modelinin praktik nəticələridir. Çıxışın ən mühüm siyasi istiqamətlərindən biri milli birliyin dövlət siyasətinin əsas dayağı kimi təqdim olunmasıdır. Cənab Prezident İlham Əliyev vurğulayır ki, İkinci Qarabağ müharibəsində qazanılan tarixi Qələbə yalnız ordunun deyil, bütün xalqın həmrəyliyinin nəticəsi idi. "Hərə öz yerində bu tarixi günü yaxınlaşdırırdı" fikri təsadüfi səsləndirilmir. Bu yanaşma Azərbaycanın milli təhlükəsizlik modelinin əsas fəlsəfəsini ifadə edir: güclü dövlət yalnız güclü xalq birliyi üzərində qurula bilər. Dövlətimizin başçısının çıxışında geosiyasi məzmun da xüsusi yer tutur. O, bir daha xatırladır ki, Azərbaycan 44 gün ərzində təkcə Ermənistan ordusunu deyil, onu müxtəlif formalarda dəstəkləyən beynəlxalq siyasi təzyiqləri də dəf etməyi bacardı. Müasir dünyada uzun illərlə davam edən silahlı münaqişələrin fonunda Azərbaycanın qısa müddətdə ərazi bütövlüyünü təmin etməsi cənab Prezident tərəfindən haqlı olaraq tarixi hadisə kimi qiymətləndirilir. Bu yanaşma Azərbaycanın regionda formalaşdırdığı yeni siyasi reallığın beynəlxalq səviyyədə qəbul edilməsinin əsasını təşkil edir.

Müsahibimiz onu da bildirib ki, çıxışın digər mühüm istiqaməti Qarabağın iqtisadi gələcəyi ilə bağlıdır. Cənab Prezident İlham Əliyev sakinlərlə söhbətində torpağın becərilməsi, heyvandarlığın inkişaf etdirilməsi, kənd təsərrüfatının genişləndirilməsi barədə tövsiyələr verir. İlk baxışda sadə görünən bu fikirlər əslində Azərbaycanın azad edilmiş ərazilər üzrə iqtisadi inkişaf modelini ifadə edir. Qarabağ gələcəkdə yalnız yaşayış məkanı deyil, kənd təsərrüfatı, turizm, xidmət və istehsal sahələrinin inkişaf etdiyi güclü iqtisadi bölgələrdən birinə çevrilməlidir. Bu isə dövlət investisiyaları ilə vətəndaş təşəbbüsünün vəhdətinə əsaslanan inkişaf konsepsiyasıdır. Cənab Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri də təhlükəsizlik məsələsinə yanaşmadır. Dövlət başçısı bir tərəfdən regionda sülhün və sabitliyin möhkəmlənməsini arzuladığını bildirir, digər tərəfdən isə "Dəmir yumruq yerindədir" mesajını qətiyyətlə səsləndirir. Bu ifadə artıq təkcə Vətən müharibəsinin rəmzi deyil, Azərbaycanın milli təhlükəsizlik konsepsiyasının əsas prinsiplərindən birinə çevrilib. Bu mesaj regionda revanşizm meyillərinə və Azərbaycanın suverenliyinə yönələn hər hansı təhdidə verilən açıq siyasi cavabdır. Səfər zamanı sakinlərlə səmimi dialoqlar da xüsusi siyasi məna daşıyır. Ölkə başçısının ailələrə baş çəkməsi, uşaqlarla söhbət etməsi, keçmiş köçkünlərin gündəlik qayğıları ilə maraqlanması dövlət-vətəndaş münasibətlərinin humanist mahiyyətini nümayiş etdirir. Bu münasibətlər artıq yalnız idarəetmə mexanizmi deyil, qarşılıqlı etimad və milli həmrəylik modelidir. Bu gün Qarabağda artıq dağıntılar deyil, tikilən məktəblər, çəkilən yollar, salınan parklar, qayıdan ailələr və doğulan yeni ümidlər görünür.

Cənab Prezident İlham Əliyevin Xocavənd və Şuşaya səfəri bir daha təsdiqlədi ki, Azərbaycan postmüharibə mərhələsini uğurla başa vuraraq yeni inkişaf dövrünə qədəm qoyub. Bu mərhələnin əsas mahiyyəti isə torpaqları azad etməkdən daha böyük missiyanı – həmin torpaqlarda güclü dövlət, firavan cəmiyyət və davamlı inkişaf modeli qurmağı qarşıya məqsəd qoyur. Qarabağda həyata keçirilən genişmiqyaslı layihələr Azərbaycanın inkişaf modelinin yeni mərhələsini də müəyyənləşdirir. Dövlət başçısının səfəri zamanı təqdim olunan infrastruktur layihələri, yaşayış məntəqələrinin bərpası, məşğulluq imkanlarının yaradılması və sosial xidmətlərin təşkili göstərir ki, azad edilmiş ərazilər ölkənin ümumi sosial-iqtisadi inkişaf strategiyasının ayrılmaz hissəsinə çevrilib. Qarabağın dirçəldilməsi artıq yalnız regional proqram deyil, Azərbaycanın güclü iqtisadiyyatının, müasir dövlət idarəçiliyinin və strateji planlaşdırma bacarığının beynəlxalq miqyasda nümayişidir. Bu model bir daha sübut edir ki, Azərbaycan hərbi Qələbəni iqtisadi yüksəlişə, siyasi sabitliyə və uzunmüddətli inkişaf strategiyasına çevirməyi bacaran nadir dövlətlərdəndir.

Tarix göstərir ki, müharibələr dövlətlərin gücünü nümayiş etdirə bilər, lakin quruculuq onların böyüklüyünü təsdiqləyir. Hazırda Qarabağda həyata keçirilən genişmiqyaslı layihələr, Böyük Qayıdış proqramının uğurla icrası və cənab Prezident İlham Əliyevin irəli sürdüyü siyasi xətt Azərbaycanın məhz qurub-yaradan, gələcəyə hesablanmış və milli maraqlarını qətiyyətlə müdafiə edən qüdrətli dövlət olduğunu bütün dünyaya bir daha nümayiş etdirir-deyə Adəm İsmayıl Bakuvi fikirlərini yekunlaşdırıb.
Geri dön