Ana Sayfa > Siyasət > Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırır
Aİ Rus hərbçilərinə viza verilməsini məhdudlaşdırırBu gün, 20:39. Yazar: azer |
![]() Avropa İttifaqına (Aİ) üzv ölkələr Rusiyaya qarşı hazırlanmış 21-ci sanksiyalar paketi çərçivəsində rus hərbçilərinə viza verilməsinin məhdudlaşdırılmasını nəzərdə tutan yeni mətn üzrə razılığa gəlib. İlkin layihədə nəzərdə tutulan genişmiqyaslı giriş qadağası Fransa, İtaliya və Yunanıstanın etirazlarından sonra yumşaldılıb. Diplomatik mənbələrə istinadən yayılan məlumata görə, Avropa Komissiyası əvvəlcə Rusiya Silahlı Qüvvələrində xidmət etmiş və ya Ukraynadakı müharibədə iştirak etmiş bütün Rusiya vətəndaşlarının Aİ ərazisinə girişinin qadağan edilməsini təklif etmişdi. İlk layihə hərbi hissələrdə inzibati və logistika vəzifələrində çalışan şəxsləri də əhatə edirdi. Yalnız Rusiya ordusundan fərarilik edənlər üçün istisna nəzərdə tutulurdu. Lakin Fransa, İtaliya və Yunanıstanın mövqeyindən sonra sənədə dəyişiklik edilib. Yeni razılaşmaya əsasən, qısamüddətli viza məhdudiyyəti yalnız 2022-ci ilin fevralından sonra Ukraynadakı müharibədə birbaşa iştirak etmiş şəxslərə şamil olunacaq. Sənəddə həmçinin Rusiyanın nəzarətində olan və ya onun maraqları naminə fəaliyyət göstərən qeyri-müntəzəm silahlı birləşmələrin üzvlərinin də bu məhdudiyyətlərə daxil edilməsi planlaşdırılır. Yeni qaydalara görə, viza üçün müraciət edən şəxsin yalnız orduda xidmət etməsi onun avtomatik olaraq döyüş əməliyyatlarında iştirak etdiyini göstərməyəcək. Konsulluqlar hər müraciəti ayrıca qiymətləndirəcək. Fransa və İtaliya bildiriblər ki, Rusiyada məcburi hərbi xidmət mövcuddur və genişmiqyaslı qadağa müharibədə iştirak etməyən minlərlə çağırışçıya da şamil oluna bilərdi. Hər iki ölkə hesab edir ki, belə məhdudiyyətlər sanksiya mexanizmi deyil, viza siyasəti çərçivəsində tənzimlənməlidir. Yeni mətn humanitar səbəblər, dövlət maraqları və beynəlxalq öhdəliklər əsasında müəyyən istisnaları da nəzərdə tutur. Belə hallarda veriləcək viza yalnız onu rəsmiləşdirən Aİ ölkəsinin ərazisində qüvvədə olacaq. Bununla yanaşı, Rusiyaya qarşı 21-ci sanksiyalar paketinin digər müddəaları üzrə müzakirələr davam edir. Rus neftinə tətbiq ediləcək qiymət tavanı, mayeləşdirilmiş təbii qazın tranziti və bəzi məhsullar üzrə istisnalarla bağlı üzv dövlətlər arasında fikir ayrılıqları qalmaqdadır. Diplomatik mənbələrin məlumatına görə, paketin bütün müddəaları üzrə yekun razılığın əldə olunacağı hələ tam dəqiqləşməyib. Arzuman Loğmanoğlu Sozcu.info Geri dön |