Ana Sayfa > Dünya > Qəzza unudulur?
Qəzza unudulur?Bu gün, 18:33. Yazar: vasif |
![]() "ABŞ-İran hərbi qarşıdurması, qarşılıqlı hücumlar Tehranın bölgədəki proksi qüvvələrə əməli dəstəyini arxa plana keçirib. Əlbəttə, İran əvvəlkitək bölgədəki silahlı müttəfiqləriylə əməkdaşlığı davam etdirir, ancaq indiki şərtlər altında həmin qruplara maliyyə və silah-sursatın çatdırılması çətinləşib". Bu barədə Musavat.com-a açıqlamasında "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib. Politoloqun fikrincə, bunun birinci səbəbi ağır raket zərbələri alan İranın mövcud durumudursa, ikinci səbəb silah və sursatın proksi qüvvələrə çatdırılmasının çətinliyi ilə əlaqəlidir: "Qərb ekspertləri İranın ritorikası ilə strateji davranışı arasında ziddiyyəti ortaya çıxarıblar. Qəzzada müharibə başlayandan bəri Tehran müttəfiq qrupları dəstəkləməyə, güclü bəyanatlar verməyə və "müqavimət" dilini təbliğ etməyə hazır olsa da, öz milli maraqları birbaşa təhlükə altında olduqda ehtiyatlı mövqedən çıxış etməyə başlayıb. Bu, İranın Fələstin qruplaşmaları ilə münasibətlərindən imtina etdiyi anlamına gəlmir. Bununla belə, Fələstin məsələsinin liderliyinə iddia etməklə və onu müdafiə etməyin birbaşa hərbi xərclərini ödəməyə hazır olmaq arasında böyük bir boşluq var. "Hizbullah" Tehranın ən güclü regional tərəfdaşı və İranın çəkindirmə strategiyasının vacib bir hissəsi olaraq qalır. Təsadüfi deyil ki, Tehran Vaşinqtonla danışıqların tərkib hissəsi kimi Livan mövzusunu ön planda tutmağa çalışırdı. Ancaq İsrail ordusu Livanın cənubunu tərk etməməklə yanaşı, "Hizbullh"ın silah və sursat anbarlarını dağıtmaqda davam edir. Tehran bu prosesi əngəlləməkdə acizdir". Elxan Şahinoğlu vurğulayıb ki, Yaxın Şərqdə artan gərginlik fonunda Qəzza mövzusu da sanki arxa plana keçib: "Halbuki, Qəzza məsələsi həll olunmayıb, sadəcə nisbi atəşkəs mövcuddur. ABŞ-İran müharibəsinə qədər Qəzza beynəlxalq aləmin əsas mövzularından biri idi. İran öz müdafiəsini düşünmək məcburiyyətində qaldığı mərhələdə HƏMAS-ı fəallaşdırmaq imkanına sahib deyil. Digər tərəfdən, HƏMAS-ın siyasi lideri İsmayıl Haniyənin Tehranda qaldığı hoteldə raket zərbəsiylə öldürülməsi İranın imicinə zərbə oldu. Tehran İran prezidentinin andiçmə mərasiminə qatılan qonağının təhlükəsizliyini təmin edə bilmədi. Bu amil də HƏMAS qruplaşmasının İrana münasibətinin dəyişməsinə səbəb olub. Digər tərəfdən, hazırkı şərtlər daxilində "Hizbullah" İranın milli təhlükəsizliyi və bu ölkəyə hücumların qarşısını almaq qabiliyyəti baxımından Tehran üçün daha əhəmiyyətlidir. Fələstindəki silahlı qruplar isə hazırda İranın düşməni İsrailə ciddi problemlər yaratmadıqlarına görə Tehranın gözündə həmin qrupların əhəmiyyəti azalıb. HƏMAS və Fələstindəki digər silahlı qrupları İrandan uzaqlaşdıran digər amil isə SEPAH komandanlığının müharibə zamanı Körfəz ölkələrinə raket və dron zərbələri endirmələridir. Məsələ burasındadır ki, HƏMAS-ın maliyyə və siyasi dəstək aldığı ölkələr içərisində Körfəz ölkələri də var. Məsələn, Qətər SEPAH-ın hamisi olan ölkələrdən sayılır. İran Qətərə də zərbə vurursa, bu halda HƏMAS Tehranla eyni mövqedən çıxış edə bilməz". Geri dön |