Ana Sayfa > Dünya > Süleyman Dəmirəlin verdiyi muxtariyyət təhlükədə: Qaqauziya ayağa qalxdı

Süleyman Dəmirəlin verdiyi muxtariyyət təhlükədə: Qaqauziya ayağa qalxdı


Bu gün, 14:00. Yazar: vasif
Süleyman Dəmirəlin verdiyi muxtariyyət təhlükədə: Qaqauziya ayağa qalxdı


Moldovanın Konstitusiya Məhkəməsinin Qaqauziyanın səlahiyyətlərini məhdudlaşdıran qərarı bölgədə ciddi narazılıq yaradıb.

aia.az xəbər verir ki, qərar 1994-cü ildə əldə olunan tarixi razılaşmanın taleyi ilə bağlı yeni müzakirələrə səbəb olub.

Qaqauziya İcraiyyə Komitəsi sədrinin birinci müavini İlya Uzun Konstitusiya Məhkəməsinin qərarını kəskin tənqid edərək bildirib ki, bu addım hüquqi deyil, siyasi xarakter daşıyır və mərkəzi hakimiyyətin Qaqauz xalqına münasibətini göstərir. Onun sözlərinə görə, qərar muxtar bölgənin Konstitusiya ilə təmin olunmuş hüquqlarını məhdudlaşdırır.

Qaqauziya Moldovanın cənubunda yaşayan türk mənşəli qaqauzların muxtar bölgəsidir. SSRİ dağıldıqdan sonra bölgədə müstəqillik meylləri güclənmiş, lakin Kişinyovla aparılan danışıqlar nəticəsində silahlı qarşıdurmanın qarşısı alınmışdı.

1994-cü il dekabrın 23-də Moldova parlamenti "Qaqauziyanın xüsusi hüquqi statusu haqqında" qanunu qəbul etdi və bununla bölgəyə geniş muxtariyyət verildi. Qanuna əsasən, Qaqauziya öz Xalq Məclisini və İcraiyyə Komitəsini formalaşdırmaq, qaqauz, moldovan və rus dillərindən rəsmi istifadə etmək hüququ əldə etdi. Sənəddə, həmçinin Moldovanın dövlət statusu dəyişərsə, Qaqauziyanın öz müqəddəratını müəyyən etmək hüququ da əksini tapdı.

Həmin dövrdə Türkiyə Prezidenti Süleyman Dəmirəl Moldovaya xüsusi diqqət ayırırdı. O, 1994-cü ildə Kişinyova və Komrata səfər edərək Moldova rəhbərliyi və Qaqauziya təmsilçiləri ilə görüşlər keçirmişdi. Dəmirəl çıxışlarında Moldovanın ərazi bütövlüyünü dəstəklədiyini bildirir, eyni zamanda Qaqauz xalqının hüquqlarının beynəlxalq normalara uyğun şəkildə təmin edilməsinin vacibliyini vurğulayırdı.

Türkiyə həmin illərdə Moldovaya güzəştli kredit və iqtisadi yardım ayırdı. Ankara bu dəstəyi ölkədə sabitliyin qorunması, Qaqauziyanın hüquqi statusunun təmin edilməsi və bölgədə sülhün möhkəmləndirilməsi ilə əlaqələndirirdi. Sonrakı illərdə Türkiyənin maliyyə dəstəyi ilə Qaqauziyada məktəblər, xəstəxanalar, sosial obyektlər tikildi, içməli su və infrastruktur layihələri həyata keçirildi.musavat.com
Geri dön