Ana Sayfa > Ölkə > Kibirli kiberdələdizlardan necə qorunmalı?

Kibirli kiberdələdizlardan necə qorunmalı?


Bu gün, 14:51. Yazar: vasif
Kibirli kiberdələdizlardan necə qorunmalı?


Dünən əməkdaşımız Məhəmməd Türkmən virtual dələduzluqlar barədə yekə bir xüsusi araşdırma yazısı yazıb, rəqəmsal məkanda yer alan kələkbazlıqların, fırıldaqların mahiyyətini, məğzini, necə deyərlər, “gözlər önünə sərib”.

Bu gün baxıram ki, başlığı “gəl, məni oxu, maariflən, aldanma” deyən məqaləni 1000+ adam oxuyub. O tərəfdə “Müğənni Filankəsin qısa ətəyi müzakirəyə səbəb oldu” başlıqlı yazıların baxış sayı isə rekord qırır. Halbuki o müğənninin dizinin və bezinin görünüb-görünməməsi ictimai-siyasi əhəmiyyət kəsb etmir, bu yalnız onun yaxınlarını maraqlandırmalıdır.

Ancaq virtual məkandakı dələduzluqlar, fırıldaqlar isə hamımızın həyatına təsir göstərə bilər.

“Hamımızın” deyəndə söhbət bir az sadəlövh, hamıya və hər şeyə tez inanan, yeni fırıldaqlardan xəbərsiz olan şəxslərdən gedir. Elə ütük, ayıq-sayıq adamlar var ki, onlar heç zada inanmırlar, hər zaman siçan tələsindəki müftə pendirin oraya məkrli məqsədlərlə qoyulduğundan şübhələnirlər və tələyə düşmürlər. Amma belələri azdır. Böyük çoxluq asan yolla qazanc əldə etməyə meyllidir və hansısa bir dələduz öz şirin dili və cəlbedici təklifi ilə onların damarına düşə bilir.

Dünya binnət olandan başqalarını aldadaraq mal-pul qazanmaq istəyənlər olub. Bunun başlanğıc tarixi məlum deyil. Amma biz 5 min il öncə yaşamış Avraamın dövründən götürək. Tövrat və Bibliya kimi müqəddəs kitablar yazır ki, Avraam yerli hökmdarlardan qorxduğu üçün arvadı Saranı öz bacısı kimi bir dəfə Misir fironuna, bir dəfə də Gerar padşahı Abimelekə ərə verib, varidat əldə edib. Kitablar izah edir ki, Sara çox gözəl olub, Avraam da hiss edib ki, “bu qadının əriyəm” desə başını əkəcəklər, ona görə də “qardaşıyam” deyib, vəziyyətdən çıxıb, başı salamat qalıb, hörmət və hədiyyələr qazanıb.

Düzdür, müasir dövrdə bu hərəkətin adı başqa cürdür, topuqdan peysərə qədər damğadır, amma müqəddəs kitablar Avraamın fironlara kələk gəlməsinə haqq qazandırır, yazırlar ki, mirin başqa yolu olmayıb, ona görə də bütün eybəcərlikləri gözü ilə görə-görə mövcudluğunu qoruyub. Fırıldağının üstü açılanda o, müəyyən təzyiqə məruz qalıb, amma hələ də hörmətlidir. Günümüzdə onun adını Tramp da çəkir. Politologiyada “Avraam razılaşması” kimi bir termin də əmələ gəlib.

Yəni mənsəb-sərvət qazanmaq üçün min cür kələkbazlıqlar edənlər həmişə olub. Hazırda isə onların xələfləri virtual aləmə keçiblər, rəqəmsal məkanda işləyirlər.

Elə bir gün olmaz ki, o dələduzlar milyonlarla adama qarmaq atmasınlar. Bu yazının müəllifindən tutmuş ta onu axırıncı oxuyana qədər hər birimiz mütləq virtual fırıldaqçılardan cazibədar təkliflər alırıq.

Məsələn, Nigeriya, İndoneziya, Ekvador, Seneqal və başqa ölkələrdən elektron poçt ünvanımıza gələn mesajlar yadınızdadırmı? Yazırdılar ki, bir milyonçu qohumunuz yol qəzasında ölüb, sərvəti qalıb ortada, cavab yaz, filan hesaba bir az pul köçür, yiyəsiz qalmış milyonu bölək.

Təzə vaxtlarda bu kələyə inanaraq pul itirənlər olmuşdu. Amma sonra məlum oldu ki, hər kəsin azı 47 qohumu digər qitələrdə yol qəzasında ölüb, özü də hamısı milyonçu imiş. Bir dəfə dostlardan biri “yiyəsiz qalmış milyon”u bölməyi təklif edən “vəkil”ə yazmışdı ki, bizim nəsildən rayon mərkəzinə, paytaxta gedən yeganə adamam, bizdə Seneqala gedib çıxan qıç yoxdur, götür, o milyonlar sənin olsun.

Türkiyədə bir Füsun Tümsavaş var, sosial şəbəkələrin milli seqmentində hesabı olan hər bir vətən övladına azı yüz dəfə dostluq təklifi göndərib, nəsə cazibədar təklifi var. Son vaxtlar nikini dəyişdirib göndərir, bir turlu nikini çəkmir ölkəmizdən.

O gün rəqəmsal məkan dələduzları jurnalist həmkarımızın 600 manatını bir dəqiqənin içində mənimsəməmişdilərmi?

Ötən illərdə Rusiyada hər gün minlərlə adamı “sənin kartından Ukrayna ordusuna pul köçürülüb” adıyla qorxudub, milyonlarını qapazlayırdılar. Məsələ ictimailəşəndən sonra başqa kələkbazlığa keçiblər.

Bir sözlə, hər səhər dünyanın 200 ölkəsindəki fırıldaqçılar yuxudan oyanır, “görək, bu gün neçə adamı tora sala bilirik” deyə noutbuklarını açır və ya smartfonlarını götürüb işə başlayırlar. Beləcə, virtual məkan dələduzlarla qaynaşır. Onlar həm kibrlidirlər, həm də kiberdirlər.

Onlardan qurtulmaq üçün yeganə yol müftə pendirə tamahsılanmamaqdır.

Bir də bu xüsusda edilən xəbərdarlıqlara məhəl qoymaq, yazılanları oxumaq, maariflənmək lazımdır. Biz isə gənc modelin sırf eşq motivi ilə özündən 45 yaş böyük ərəb şeyxinə ərə getməsi barədə xəbərləri oxuyuruq.

**

Dünya köhnə dünyadır, avamları, avraamları, “burada əla pendir var” deyənləri təzədir.musavat.com
Geri dön