Ana Sayfa > Özəl > Xaqani Şirvaninin anadan olmasının 900 illiyi münasibətiylə

Xaqani Şirvaninin anadan olmasının 900 illiyi münasibətiylə


Dünən, 23:02. Yazar: azer
Xaqani Şirvaninin anadan olmasının 900 illiyi münasibətiylə

XAQANİ ŞİRVANİ POEZİYASINDA MƏNƏVİ VƏ DİNİ DƏYƏRLƏR

Naxçıvan Müəllimlər İnstitutunun professoru,
Pedaqogika elmləri doktoru
Azərbaycan Respublikasının Əməkdar müəllimi
“Qızıl Qələm” mükafatı laureatı

Erkən orta əsrlər dövründən başlayaraq Qurani-Kərim ədəbi dilin və mədəniyyətin əsas istinad nöqtələrindən biri hesab olunurdu. Bu da dövrün dini icmasının əsas dünyagörüşü idi. Quran dini kitab olmaqla yanaşı, həm də elm, əxlaq, hüquq və ədəbi-pedaqoji mədəniyyətin əsas mənbələrindən biridir.
Klassik Şərq ədəbiyyatında Quran ayələrindən və hədislərindən sitat gətirmək və “təlmih”i (məşhur dini və tarixi hədislərə diqqət yetirmək) vurğulamaq ənənə nümunəsi hesab olunurdu. Təbii ki, oxucular da şairin işarələrini asanlıqla başa düşürdülər.
Bu gün çağdaş dövrümüzün gənc oxucusuna klassik şairlərin (İbn Sina, Fərabi, Xaqani Şirvani, Nizami Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzuli, Şah İsmayıl Xətai və b.) poetik fikirlərindəki dini və tarixi iqtibaslara aydınlıq gətirilməsinə zəruri ehtiyac duyulur.
Əsərlərini Quran, hədis və irfan təlmihləri ilə zənginləşdirən parlaq nümayəndələrdən biri də ruh şairi Xaqani Şirvanidir.
Xaqani Şirvani yazır ki, mənə dini və elmi bilikləri öyrədən əmim olmuşdur. Xaqani əmisi vasitəsilə həyatın keşməkeşli yollarında doğru yolu tapdığını və həm əxlaqi, həm də intellektual sahədə yüksəldiyini qeyd edərək poetik dildə yazır:
Bil, mənim böyüyüm, yol göstərənim,
Tərbiyə verənim əmimdir mənim.
Sözləri hər zaman qətiydi onun,
Şagirdi - Ərəstu, bir də Əflatun.
Hermesə üçbucaq elmini, zaman,
Onun idrakıyla öyrətmiş, inan!
Oxudu “Quran”dan ayələr mənə [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. 2004 səh.87].
Xaqani əmisi, Kafiəddin Ömər Osmanın ona verdiyi tərbiyə və elm sayəsində həyatında əhəmiyyətli bir dönüş etdiyini qeyd edir. Burada tərbiyə və mentorluq (Mentor təcrübəli, bilikli və ya mütəxəssis bir şəxs; Mentee mentorunun köməyindən faydalanan və ondan öyrənən şəxs mənasında) ideyası əsas yer tutur. Xaqani əmisi tərəfindən yalnız əxlaqi, həm də intellektual mənada yönləndirildiyini ifadə edir. Bu, elmin və təhsilin insanın şəxsiyyətinin formalaşmasında, həmçinin həyatda doğru yol seçməsində nə qədər əhəmiyyətli olduğunu vurğulayır. “Yetimlik divinin qaçdım əlindən” ifadəsi, Xaqaninin tərbiyə və elm sayəsində çətinliklərdən, yanlış yollardan uzaq durduğunu və həyatını düzgün istiqamətdə qurduğunu simvolizə edir. “Yetimlik divi” başsız qalan bir uşağın və ya şəxsiyyətin çaşqın vəziyyətini göstərir. Bu div, bəlkə də boşluq və qeyri-müəyyənlikdir və əmisi sayəsində bu vəziyyətdən nicat tapmışdır.
Yan Amos Komenski yazır ki, elm və bilik “elə təlim edilməlidir ki, insanlar mümkün olduğu qədər, bilikləri kitablardan deyil, göydən və yerdən, palıddan və ağcaqayından əldə etsinlər” [Bax: Böyük didaktika. Bakı: Elm və təhsil, 2012, səh.142]. Xaqani Şirvaninin həyat fəlsəfənə nəzər salan zaman görürük ki, Kafiəddin Ömər Osman qardaşı oğluna yalnız kitablardan deyil, həyatın özündən – təbiətdən, ətraf aləmdən, gündəlik təcrübədən və müşahidələrdən də bilik qazandırmışdır. Deməli, əsl təlim, yalnız nəzəri məlumatlarla deyil, ətraf mühitlə bağlı gerçək təcrübə və öyrənmə ilə də inkişaf etməlidir. Necə ki, pedaqogikada oxuyuruq: “tətbiq edilə bilməyən bilik şagirdə lazım deyil” [Bax: A.Abbasov., H.Əlizadə. Pedaqogika. Bakı: 2024, səh.170]. Hər bir öyrənilən bilik, əgər reallıqda istifadə edilmirsə, ona olan ehtiyac və dəyər də azalır. Təhsil, gələcək həyatda faydalı olacaq bilik və bacarıqlarla təmin edilməsi üçün nəzərdə tutulmalıdır.
Xaqani əmisi vasitəsilə yüksək elmi və fəlsəfi mülahizələrə malik olduğunu və elmin sirlərinə dərindən bələd olduğuna işarə edir. Hermesin üçbucaq elmini və Qurandan ayələr oxumağı isə “böyük intibah ziyalısının, şairinin” [Bax: Ə.Səfərli, X.Yusifov. Qədim və orta əsrlərdə Azərbaycan ədəbiyyatı. Bakı: 1982, səh.70] təkcə Qərb fəlsəfəsi ilə deyil, həm də islam təlimi ilə zənginləşdirilmiş bir təhsil aldığını nümayiş etdirir.
Xaqani burada, yalnız fəlsəfəni deyil, dini təhsilin də əhəmiyyətini qeyd edir. “Oxudu “Quran”dan ayələr mənə” ifadəsi, Xaqaninin əmisi tərəfindən dini biliklərə də yönləndirildiyini və Quranın onun həyatında və düşüncə sistemində mühüm rol oynadığını bildirir. Bu, islamın əsas prinsiplərinin Xaqaninin əxlaqi və intellektual inkişafında vacib bir təməl olduğunu göstərir.
“Xaqani yaradıcılığında hərflər, rəqəmlər də tərbiyəvi təsvir vasitələri sırasına daxildir” [Bax: Azərbaycan ədəbiyyatı tarixi. Üç cilddə, I cild. Bakı: 1960, səh.100]. Xaqani, əmisi Ömərin ona verdiyi elmi təhsil, məntiqi düşüncə və həyat yolunu göstərmə bacarığını yenə də böyük hörmət və minnətdarlıqla ifadə edir.
Mənə dil qanunu öyrətdi əmim,
Qoymadı səhv edəm, oldu həmdəmim.
Məni üç elmdən etdi xəbərdar,
Ağıl, fəhm, hiss oldu onlardan izhar.
O, mənə şərh etdi hər bir məfhumu,
Sonra da öyrətdi elmi-nücumu...
Dəlillə, sübutla eylədi bir-bir,
“Quran”ın yüz on dörd sirrini təbir,
Çox asan yol ilə o mahir insan,
Etdi “bir”, “iki”, “üç”, “dörd”, “beş”i bəyan [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.89].
Xaqani Şirvani əmisi Ömərin ona dilin düzgün istifadə qaydasını və dil qanunlarını öyrətdiyini bildirir. Bu, Xaqaninin şairlikdə və yazılı ifadələrdə daha incə və təmiz bir üslub inkişaf etdirdiyini göstərir. Eyni zamanda, “səhv etməmək” və “həmdəm olmaq” ifadələri, əmisi tərəfindən ona düzgün təhsil və tərbiyə verilməsini, həm də onun həyatında doğru yolu göstərən şəxs olduğunun bariz nümunəsidir.
Xaqani əmisi tərəfindən ona aşılanan “üç əsas elm”i: ağıl, fəhm və hiss kimi dəyərləri təsvir edir.
Ağıl – insanın təfəkkürünü və düşüncə qabiliyyətini;
Fəhm – mühakimə və anlayış qabiliyyətini;
Hiss – insanın mənəvi duyğularını ifadə edir.
Bu üç elm, insanın həm məntiqi, həm də mənəvi tərəflərini inkişaf etdirən elmlərdir. Xaqani burada əmisi Ömərin elmi dünyagörüşünün hərtərəfli və dərin olduğunu bildirir.
“O, mənə şərh etdi hər bir məfhumu, Sonra da öyrətdi elmi-nücumu”.
Bu misra əmisi Ömərin yalnız bilikləri öyrətməklə kifayətlənmədiyini, həm də hər bir məfhumun mənasını və dərinliyini şərh edərək öyrətdiyini göstərir. Xaqani əmisi tərəfindən verilən təhlil və açıqlamaların həyatına necə təsir etdiyini qeyd edir. Elmi-nücum (ulduz elmi və ya astrologiya) müsbət bir şəkildə elmin dərinliyinə dair sistematikanı göstərir.
“Dəlillə, sübutla eylədi bir-bir, “Quran”ın yüz on dörd sirrini təbir”. Xaqani əmisi Ömərin məntiq və sübutlarla hər şeyin doğru şəkildə izah edildiyini qeyd edir. Bu, həm rasional (məsələli düşüncə) yanaşmasını, həm də “Quran”ın sirlərinin təfsirini (şərhini) göstərir. “Yüz on dörd sirr” Quranın müxtəlif ayələrini və onların dərin mənalarını şərh etmək deməkdir.
Xaqani əmisi Ömərin ona çox sadə və anlaşılan üsul, vasitə və tərzlərlə elmi tədris etdiyini qeyd edir. Burada əmisi, kompleks mövzuları anlaşılan bir şəkildə izah edir, elmi anlayışları “bir”, “iki”, “üç”, “dörd”, “beş” kimi strukturda təqdim edir. “Bir – Allah, iki – iki dünya, üç – nəbatat, çəmadat, heyvanat, dörd – dörd ünsür: su, od, torpaq, hava, beş – hiss: dad bilmək, görmək, eşitmək, ləms və iyi bilmək (bəzən beş rəqəmi – Məhəmməd peyğəmbərin əbası altında hüzur tapanlara da aid edilir ki, bunlara “Pənctəni-aliəba” – “beş nəfərdən ibarət ailə üzvü” deyilir), altı – cəhətlər: ön, arxa, sağ, sol, yuxarı və aşağı, yeddi – yerin yeddi təbəqəsi, səkkiz – behiştin səkkiz qapısı (göyün təbəqələri), doqquz – doqquz fələk (doqquzuncu fələk – Allahın qərar tutduğu yerdir.) Xaqani yuxarıdakı beytdə əmisinin rəqəmlərin bu sirrini ona öyrətdiyini xəbər verir” [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.583]. Bu, Xaqaninin əmisi tərəfindən sadə metodla dərin elmləri öyrənmə prosesini necə təqdir etdiyini göstərir.
Göründüyü kimi Ömər Kafiəddin Xaqaniyə yalnız intellektual deyil, həm də mənəvi dünyanı anlamağa kömək etmiş, ona ağıl, fəhm və hiss kimi həyati və mənəvi dəyərləri aşılamağa çalışmışdır. “Ağıl təfəkkürün məhsulu olması ideyasını irəli sürür” [Bax: O.Həsənli. Təhsilin müasir psixoloji problemləri. Naxçıvan: 2017, səh.188]. Ömər Osman qeyd etdiyimiz kimi ağıllı və sistemli tədris üsulları ilə Xaqaninin həm dini, həm də elmi mövzuları asanlıqla mənimsəməsinə imkan yaratmışdır.
Şəriətdən kənar elm yoxdur, bil,
Varsa qara xaldır, heç bilik deyil [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.49].
Bu misra şairin şəriət (İslam dini qanunları) və elm arasındakı əlaqəyə dair güclü bir fikri ifadə edir. Şair elm və biliklərə dini baxışla yanaşır və şəriətlə uyğun olmayan elmlərin qeyri-kamil olduğunu vurğulayır. Bu misra, şairin şəriət və elm arasındakı əlaqəni necə gördüyünü açıq şəkildə ifadə edir. Şairin nəzərində, elm yalnız şəriətlə uyğunlaşarsa, doğru və kamil olur. Yəni, islam təlimləri çərçivəsində öyrənilən və tətbiq olunan elm, həm dini, həm də dünyəvi mənada doğru sayılır. Şəriət yalnız dini qanunlar deyil, həm də həyatın hər sahəsində düzgün yaşamağa yönəlmiş təməl bir göstərici kimi təqdim edilir. Şair, dini biliklə dünyəvi bilik arasında bir uyğunluq yaratmağa çalışır. Şəriətə zidd elm isə şairin fikrincə, qara xal kimi qaranlıq və yanlış bir şeydir, yəni ona həqiqi elm demək olmaz. Şair burada həm dini elmlərin, həm də dünyəvi elmlərin şəriətə uyğun olmasının vacibliyini vurğulayır. Bu yanaşma, islam mədəniyyəti daxilində elmin və biliklərin yalnız dini və mənəvi prinsiplərlə uyğunlaşdıqda dəyərli olduğunu ifadə edir.
Aləm” sözü “elm”dən yaranmışsa da, ancaq,
Cəhalət bu aləmdən elmi qaçaq salacaq.
Elm əhlinin ürəyi əcəb böyük ürəkdir,
İdris öz şüuruyla göyə yüksələcəkdir [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.332].
Xaqani elm və cəhalət, bilik və qavrayış arasındakı münasibətləri dərin şəkildə şərh edir. Şair elmin və cəhalətin dünyaya olan təsirini və elmə yiyələnənlərin mənəvi və intellektual yüksəlişini izah edir. “Aləm” və “elm” sözləri burada həm mənaca, həm də fonetik olaraq bir-birinə yaxınlaşdırılır. Şair, “aləm”in (kainatın və dünyanın) “elm”dən (bilikdən və təhsildən) qaynaqlandığını bildirir. Lakin cəhalətin bu aləmdən qaçmasına və ya yox olmasına səbəb olacağını qeyd edir. Şair, elmin insanlar və cəmiyyətlər üçün nə qədər vacib olduğunu, amma cəhalətin elmə və biliklərə necə zərər verə biləcəyini göstərir.
“...Öz fikir və hisslərini təsirli və incə sözlərlə ifadə etməyi sevən” [Bax: Məhəmmədəli Tərbiyət. Danişməndani Azərbaycan. Bakı: 1987, səh.67] Xaqani Şirvani elm əhlinin yalnız ağıllı və bilikli deyil, həm də mənəvi dəyərlərə və böyük ürəklərə sahib olduğunu vurğulayır. İdris Peyğəmbər islam mədəniyyətində və dini təfsirdə çox bilikli, hikmətli və göyə yüksəlmiş bir peyğəmbərdir. Şair İdris Peyğəmbərin şüuru ilə göyə yüksəlməsini təkcə fiziki yüksəliş kimi deyil, həm də mənəvi və elmi yüksəlişi kimi nəzərdə tutur. Bu, elmin insanı ruhən ucaltdığını və insanların mənəvi inkişafını təmin etdiyini göstərir.
Cəhalət elmin qarşısında bir maneə olaraq təqdim edilir, yəni biliksizlik elmin yayılmasına və insanların inkişafına zərər verə bilər. Eyni zamanda, şair, elm əhlinin yalnız ağıllı deyil, həm də mənəvi və gözəl ürəkli insanlardan ibarət olduğunu qeyd edir. İdris Peyğəmbərin göyə yüksəlməsi də, elmin, insanın mənəvi yüksəlişi ilə əlaqəli olduğuna işarədir.
Ey Xaqani, din elmi, bil, kimiyadır, unutma,
Könüllərin məxzəninə layiqdir bu kimiya.
Əgər nəfsin bir mis kimi pas atarsa bir zaman,
Onu silmək üçün yalnız budur yararlı dərman [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.408].
Fikrimizcə şair din elminin və biliyin yüksək dəyərini, həmçinin nəfsin (insanın daxili arzularını, eqosunu) və ilahi təmizlənmənin rolunu müzakirə edir.
Şair, din elmini kimya ilə müqayisə edir. Kimya burada saflaşdırıcı, təmizləyici və qızıl kimi dəyərli bir elm olaraq göstərilir. Din elmi, insanların könüllərini (ruhlarını) saflaşdırmaq və təmizləmək məqsədi güdür. Könüllərin məxzəni (Məxzən ərəb mənşəli söz olub – xəzinə mənasını ifadə edir) ifadəsi, insanların daxili xəzinəsini, hisslərini və niyyətlərini nəzərdə tutur. Bu misra ilə şair, din elminin insanın ruhunu təmizləyən, həm də mənəvi inkişafını təmin edən bir elm olduğunu vurğulayır. Bu elm, yalnız dünyəvi fayda vermir, həm də insanın mənəvi təmizliyinə xidmət edir.
Şair insanın nəfsinin (eqo və arzu hisslərinin) gücləndiyini və ruhani təmizliyinə zərər verdiyini bildirir. “Mis kimi pas atarsa” ifadəsi, nəfsin zamanla insanın ruhunu və qəlbini çirkləndirən bir yükə çevrildiyini göstərir. Fikrimizcə, “pas”, ruhun çirklənməsi və mənəvi inkişafın əngəllənməsi kimi başa düşülür. “Onu silmək üçün yalnız budur yararlı dərman” ifadəsi, din elminin və kamilliyin (yüksək mənəviyyatın) bu pası təmizləyən tək vasitə olduğunu bildirir. Yəni, şair nəfsin mənfi təsirlərindən yaxa qurtarmaq üçün din elminin tətbiqinin ən faydalı “dərman” olduğunu qeyd edir. Bu, təmizlənmə və mənəvi təkmilləşmənin yolu kimi göstərilir.
Şair, bildirir ki, din elmi yalnız bilik və məlumatla deyil, həm də könül və qəlb təmizlənməsi ilə əlaqəli bir sahədir. Şair, nəfsin (insanın daxili arzu və ehtiraslarının) insanın inkişafını necə əngəllədiyini və din elminin bu mənfi təsirlərdən təmizlənmək üçün tək vasitə olduğunu bildirir.
Bir elm Kəbəsi, qələmi, məclisi, təmiz,
Zəmzəmlə qarə daşa bərabərdi, şübhəsiz [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, səh.378].
Xaqani Şirvani elmin müqəddəsliyini və yüksək qiymətini kainatdakı müqəddəs yerlərlə müqayisə edir. Kəbə, islamda Allahın evini təmsil edir və dünyanın ən müqəddəs yeri sayılır. Şair elmi Kəbə ilə müqayisə edərək, onun mənəvi və ruhani əhəmiyyətini vurğulayır. Elm yalnız bilik deyil, həm də insanın təmizlənməsi, yüksəlməsi və ruhunun inkişafı üçün vacib bir vasitədir.
Qələm burada yazının, təhsilin və bilikləri yaymanın rolu kimi ifadə edilir. Məclisi isə – elm məclisi, yəni elm haqqında düşüncələrin, müzakirələrin yeri kimi göstərir. Şair, bu üç elementi – qələm, məclis və təmizliyi – elmə aid edərək, onun nə qədər müqəddəs və yüksək olduğunu ifadə edir.
Zəmzəm suyu, Məkkədəki Zəmzəm bulağından gəlir və islam dünyasında çox müqəddəs sayılır. Həmin bulaq, islamda İbrahim peyğəmbərin və onun oğlu İsmayılın həyatını xilas etmək üçün yaranmışdır. Şair elmi Zəmzəm suyu ilə müqayisə edir. Bu da onun müqəddəsliyini və həyat verən rolunu təmsil edir.
Qara daş, Kəbə dağının içində yerləşən və islam zəvvarları tərəfindən öpülən bir daşdır, ona da çox böyük dini hörmət göstərilir. Şairə görə, elm də Zəmzəm suyu və qara daş kimi müqəddəs bir şeydir. Çünki elm də insanın mənəvi təmizliyini təmin edir və mənəvi yüksəlişə səbəb olur.
Adam var ki, bilməz nədir qanacaq,
Fazil adamlara lağ edər ancaq…
Xalqa bədxahlıqdan başqa işi yox.
Çarx kimi daima başı hərlənir,
Sehirlər düzəldən bu rüşvətxorlar,
Yalanı etmişlər hər işdə şüar.
Haram mal yeməkdir bütün işləri.
Doludur zəhərlə iti dişləri.
Əbədi sönmüşdür qəlblərində şam,
Başları bu şamı söndürmüş tamam.
Şeytan asqıranda törənmiş onlar,
Məgər bu “möcüzə” şübhə edən var?!
Çünki olsaydılar Adəm nəslindən,
İsaya bənzərdi üzləri həmən [Bax: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı: 2004, s.78].
Xaqani Şirvani bu şeir parçası ilə oxucuda mənfi xüsusiyyətlərə qarşı nifrət, müsbət xüsusiyyətlərə hörmət hissi yaratmağa çalışır. Əxlaqi dəyər daşıyan bu şeir parçasında İslam əxlaqında mənfi xüsusiyyət kimi lənətlənən cahillik, yalan, rüşvət, qanunsuz qazanc və xalqa qarşı böhtan tənqid olunur. Şair də istehzalı dili ilə bu qüsurları ifşa edir, Quran və hədisləri izah edərkən onları mənəvi dəyərlərlə tam şəkildə çatdırır.
Xaqani Şirvani şeirin ilk misrasında nadan adamların fəzilətli insanlara olan istehzasını tənqid edir. Bu fikir Qurani-Kərimin Zümər surəsinin doqquzuncu ayəsində belə ifadə olunur: “Məgər bilənlərlə bilməyənlər birdirlər? Yalnız əsl ağıl sahibləri ibrət götürərlər” [Bax: Zümər surəsi, ayə – 9]. Ayə misra ilə eyniyyət təşkil edir. Ayədə bilik və hikmət sahiblərinin üstün mövqeyi vurğulanır və şair göstərir ki, insanın cahilliyi onu bu həqiqətdən məhrum edir.
Şairin rüşvət və haram qazanc haqqında düşüncələri Quranın əxlaqi prinsiplərinə uyğundur. “Mallarınızı öz aranızda haqsız yerə yeməyin və camaatın mallarının bir qismini günah və haqsız yolla yemək üçün (əməlinizin haram olmasını) bilə-bilə onu, (rüşvət kimi) qazılara (hakimlərə) tərəf yönəltməyin” [Bax: Bəqərə surəsi, ayə – 188] ayəsi haram yolla qazanılmış qazancı qadağan edir. Peyğəmbər (Ona Allahın salavatı və salamı olsun) buyurmuşdur: “Rüşvət verənə də, alan şəxsə də Allah lənət etsin”. Bu hədis şairin rüşvəti cəmiyyət üçün təhlükəli bir element kimi təqdim etməsinin dini əsasını müəyyən edir.
Yalanın şeirdə həyatın əsas prinsipinə çevrilməsi də kəskin tənqid olunur. Quranda: “Ey iman gətirənlər, Allahdan qorxun və doğruçularla birgə olun” [Bax: Tövbə surəsi, ayə – 119] deyilir. Peyğəmbər (s) isə belə buyurur: “Doğruluq insanı yaxşılığa, yaxşılıq isə cənnətə aparar; yalan isə insanı pisliyə, pislik də cəhənnəmə aparar”. Ayədə və hədisdə doğru ilə yalanın aqibəti aydın şəkildə izah olunur.
Şairin “Əbədi sönmüşdür qəlblərində şam” beyti emosional korluğun tərbiyəvi nümunə ifadəsidir. Quranda deyilir: “Məgər onlar yer (üzün)də gəzib dolanmayıblar ki, düşünən qəlbləri və ya eşidən qulaqları olsun?! Çünki əslində zahiri gözlər kor olmur, lakin sinələrdəki ürəklər kor olur” [Bax: Həcc surəsi, ayə – 46] ayəsi insanın əsl korluğunun mənəvi korluq olduğunu ifadə edir. Bu baxımdan, şair vicdanı sönmüş bir insan obrazını yaradır və oxucusunu halal qazanca, dürustlüyə, biliyə, mərhəmətə və yüksək mənəvi keyfiyyət kimi dəyərlərə təşviq edir. Bu baxımdan, şeir klassik İslam etikasının əsas prinsipləri ilə tam uyğun gələn dərin didaktik məzmun daşıyır.
Şairin “Şeytan asqıranda törənmiş onlar” ifadəsi sarkazmın ən təsirli nümunələrindən biridir. Burada məqsəd şeytan cildində olan insanların xarakterini göstərməkdir. Şair cəhaləti, yalanı, rüşvətxorluğu və vicdansızlığı şeytani sifətlər kimi təqdim edir və oxucusunu bu mənfi keyfiyyətlərdən uzaq durmağa səsləyir. Xaqani Şirvaninin bu yanaşması Bəqərə surəsinin 169-cu ayəsi ilə uyğun gəlir: “O (şeytan) sizə yalnız pislik və çirkinlikləri, həmçinin bilmədiyiniz şeyləri Allaha nisbət verməyi əmr edir...” [Bax: Bəqərə surəsi, ayə – 169] ifadəsi ilə uyğun gəlir. Bu ayədə insan ruhunun məhvinə səbəb olan davranışların şeytanın təsirinin nəticəsi olduğu göstərilir.
Növbəti “Çünki olsaydılar Adəm nəslindən, İsaya bənzərdi üzləri həmən” misrası və “Adəm nəslindən olmaq” ifadəsi insanın bioloji mənşəyini deyil, onun fitrətini və ilahi varlığa bağlılığını ümumiləşdirir. Quranda insanın gözəl şəkildə yaradıldığı bildirilir: “Həqiqətən. Biz insanı(n) (cismini və ruhunu) ən gözəl bir biçimdə yaratdıq (ona düz gün qamət, mütənasib üzvlər, düşünən beyin və fəzilətlərə qadir olan bir ruh verdik)” [Bax: Tin surəsi, ayə – 4]. Buna görə də, insan fitrətini qorusa ilahi ona gözəl bir həyat yaşadacaq, yox, günah və əxlaqi pozğunluq etdikdə isə ilahi onu yüksək məqamdan uzaqlaşdıracaq.
Şairin İsa peyğəmbərin adını çəkməsi təsadüfi deyil. Quranda İsa (ə) pak, mərhəmətli və Allaha itaətkar bir insan kimi təqdim olunur. “Və məni harada olsam bərəkətli bir vücud edib və nə qədər ki sağam mənə namaz (qılmağ)ı və zəkatı (verməyi) tapşırıb” [Bax: Məryəm surəsi, ayə – 31] ayəsi onun yüksək əhval-ruhiyyəli keyfiyyətlərini ifadə edir. Buna görə də şair İsa peyğəmbəri zahiri gözəl kimi yox, kamillik simvolu kimi təqdim edir. Beləliklə, bu beyt oxucuya insanın əsl təbiətinin, onun zehninin, vicdanının və əxlaqi davranışının saflığında aşkar olduğunu göstərir.
Bu beytin başqa bir incə mənası da var. “İsaya bənzərdi üzləri” ifadəsi klassik Şərq poeziyasında yalnız zahiri oxşarlıq mənasında istifadə olunmur. Burada “üz” sözü çox vaxt sima, mənəvi çöhrə, daxili aləm, nur mənalarını ifadə edir. Başqa sözlə, şair demək istəyir ki, əgər onlar həqiqətən də Adəm övladlarına layiq xarakterə malik olsaydılar, üzlərində saflıq, mərhəmət və ilahi nur görünərdi. Bu, möminlərin obrazı haqqında Quran ayəsinə uyğundur: “Onların (ibadət və itaətkarlıqlarının) nişanəsi səcdə nəticəsində üzlərində görünür” (Bax: Fəth surəsi, ayə – 29) ayəsi mənaca da səsləşir. Bu ayədə “üz” insanın mənəvi aləminin və daxili saflığının simvolu kimi təqdim olunur.
Xaqani Şirvani satirik poetikanın tərbiyəvi-didaktik imkanlarından istifadə edərək mənfi şəxsi mülk olan cəhaləti, fəsadları, yalanları, qanunsuz qazancları və mənəvi korluğu ifşa edir. Belə insanı fitrətindən uzaqlaşdığını göstərir. Qurani-Kərimdən gətirdiyimiz ayələr və peyğəmbər hədisləri ilə müqayisə göstərir ki, şeirdə ifadə olunan əxlaqi ideyalar İslam həqiqəti, ədalət, halal qazanc, bilik, hörmət və kamillik prinsipləridir.
Sonda belə qənaətə gəlirik ki, Xaqani Şirvaninin yaradıcılığının dini dünyagörüşü tərbiyəvi təfəkkürün ayrılmaz tərkib hissəsi olmuşdur. Onun Quran-Kərimə və islami dəyərlərə əsaslanan təlmihləri əsərlərinə həm mənəvi dərinlik, həm də estetik zənginlik qazandırmışdır. Müasir dövrdə isə bu ənənə yeni tərbiyəvi-didaktik axtarışlar fonunda fərqli biçimlərdə davam edir və dini motivlər əvvəlki əsrlərlə müqayisədə daha fərdi və simvolik şəkildə ifadə olunur.
Geri dön