Ana Sayfa > Ölkə > AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edib
AzerGold” QSC turizm blogerləri üçün Daşkəsən rayonuna və ÇİRES-ə infotur təşkil edibBu gün, 15:57. Yazar: azer |
![]() “AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin dəstəyi ilə Azərbaycan Turizm Blogerləri Assosiasiyasının üzvü olan 14 turizm blogeri üçün Daşkəsən rayonuna, o cümlədən Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) infotur təşkil edilib. Dövlət şirkətinin cari il üzrə Korporativ Sosial Məsuliyyət Proqramı çərçivəsində keçirilən üçgünlük infoturun əsas məqsədi Daşkəsən rayonunun turizm potensialının, zəngin təbii landşaftının, tarixi-mədəni irsinin və ekoturizm imkanlarının daha geniş auditoriyaya tanıdılması olub. Səfər çərçivəsində iştirakçılar əvvəlcə ÇİRES-də olublar. Onlara müəssisənin fəaliyyəti, qızılın hasilatı və emalı prosesləri, istehsalatda tətbiq olunan müasir texnologiyalar, əməyin və ətraf mühitin mühafizəsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verilib. Blogerlər istehsalat sahələrini yerində müşahidə edərək qızılın emal mərhələləri ilə tanış olub, eyni zamanda "AzerGold" QSC-nin həyata keçirdiyi sosial məsuliyyət layihələrinin icra olunduğu yaşayış məntəqələrini ziyarət edərək yerli icmalarla görüşüblər. İnfotur proqramı çərçivəsində iştirakçılar Daşkəsən şəhəri ilə yanaşı, rayonun Quşçu, Bayan, Qabaqtəpə, Zağalı və Xoşbulaq kəndlərini də ziyarət ediblər. Onlar bölgənin təbii gözəllikləri, tarixi-mədəni irsi, ekoturizm və rekreasiya imkanları ilə tanış olaraq foto və video məzmunlar hazırlayıblar. Səfər zamanı iştirakçılara Daşkəsənin turizm marşrutları və ziyarətçilər üçün maraqlı istiqamətləri barədə məlumat təqdim olunub. Qeyd edək ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgələrdə tarixi-mədəni irsin qorunması və turizm potensialının təbliği istiqamətində ardıcıl layihələr həyata keçirir. Bu çərçivədə Cəmiyyət tərəfindən 2023-cü ildə Daşkəsən rayonunun tarixi və təbiət abidələrini əhatə edən təqvim-kataloq hazırlanıb. Həmçinin, “Daşkəsən rayonunda tarixi-mədəni irsin tanıdılması” layihəsi çərçivəsində 2025-ci ildə rayonun 46 tarixi-memarlıq abidəsində məlumat lövhələri quraşdırılıb. Geri dön |