Ana Sayfa > Özəl > Tehran–İrəvan yaxınlaşması: Yeni strateji saziş Bakıda necə qiymətləndirilir?
Tehran–İrəvan yaxınlaşması: Yeni strateji saziş Bakıda necə qiymətləndirilir?Bu gün, 19:00. Yazar: vasif |
![]() Ermənistanın Baş naziri Nikol Paşinyanın parlament seçkilərindən sonra ilk xarici səfərini İrana etməsi iki ölkə arasında münasibətlərin gələcək inkişafı ilə bağlı müzakirələri yenidən gündəmə gətirib. Tehranda İran Prezidenti Məsud Pezeşkian Paşinyanı qəbul edərək onu seçkilərdə qələbə münasibətilə təbrik edib və iki ölkə arasında hərtərəfli strateji tərəfdaşlıq sazişinin imzalanacağına ümid etdiyini bildirib. Görüşdə iqtisadi, təhsil, mədəniyyət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunub. Məlumata görə, tərəflər elm, təhsil, turizm, tələbə mübadiləsi və mədəni layihələri əhatə edən yeni əməkdaşlıq istiqamətləri üzərində də işləyirlər. Bununla yanaşı, "Hərtərəfli Strateji Əməkdaşlıq Planı" adlanan sənəd üzrə danışıqların müəyyən səbəblərdən hələ yekunlaşmadığı bildirilir. Siyasi şərhçi Xəyal Bəşirov hesab edir ki, sənədin imzalanmasının gecikməsində geosiyasi amillər mühüm rol oynayır. Onun fikrincə, Ermənistanın Qərblə yaxınlaşması fonunda İranla strateji əməkdaşlığın dərinləşdirilməsi məsələsi xarici təsirlər səbəbindən ehtiyatla qiymətləndirilir. Ekspertin sözlərinə görə, hazırkı mərhələdə Azərbaycan üçün əsas məsələ bu əməkdaşlığın regionda sülh prosesinə və təhlükəsizlik mühitinə təsiridir. O hesab edir ki, əgər imzalanacaq sənəd üçüncü tərəflərə qarşı yönəlməyəcəksə, onu iki ölkə arasında əməkdaşlıq sazişi kimi qiymətləndirmək mümkündür. Bununla belə, regionda baş verən proseslərin diqqətlə izlənilməsinin vacibliyini də vurğulayır. Müşahidəçilərin fikrincə, Tehran və İrəvan arasında münasibətlərin gələcək inkişafı Cənubi Qafqazdakı geosiyasi balans və regional əməkdaşlıq baxımından diqqət mərkəzində qalacaq. Geri dön |