Ana Sayfa > Manşet / Siyasət / Parlament > Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirilib

Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirilib


Bu gün, 19:27. Yazar: azer
Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirilib

İyulun 7-də spiker Sahibə Qafarovanın sədrliyi ilə Milli Məclisin növbədənkənar sessiyasının növbəti iclası keçirilib.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Parlamentin spikeri iclasın əvvəlində diqqətə çatdırıb ki, Milli Məclis sədrinin başçılığı ilə Azərbaycan Respublikasının nümayəndə heyəti iyulun 3-də İran İslam Respublikasında səfərdə olub. Qeyd edilib ki, səfərdə məqsəd İranın mərhum Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin vida mərasimində iştirak etmək olub.

Spiker diqqətə çatdırıb ki, səfər çərçivəsində İran İslam Respublikasının Prezidenti cənab Məsud Pezeşkian, İslam Şurası Məclisinin sədri cənab Məhəmməd Baqer Qalibaf və digər rəsmilərlə görüşüb. Görüşlər zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından başsağlığı ifadə olunub, Azərbaycan xalqının dərin hüzn və ehtiramı İran xalqına çatdırılıb.
Sonra Milli Məclisin sədri Sahibə Qafarova bugünkü iclasda 17 məsələnin müzakirə ediləcəyini nəzərə çatdırıb. O, bildirib ki, ilk iki məsələ üçüncü oxunuşda olan qanun layihələridir.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli gündəliyin birinci məsələsi olan “Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında”, “İctimai iştirakçılıq haqqında” və “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (üçüncü oxunuş) məlumat verib.
Komitə sədri bildirib ki, dəyişikliklər barədə ətraflı məlumat verilib. Layihə bir sıra sahələrdə Elektron Hökumət İnformasiya Sisteminin tətbiqi ilə bağlı hazırlanıb. O, sənədin deputatlar tərəfindən dəstəkləndiyini, layihə ilə bağlı komitəyə heç bir təklifin daxil olmadığını bildirib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib
Qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda qəbul edilib.

İclasda Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov “Ümumi təhsil haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (üçüncü oxunuş) diqqətə çatdırıb.
Komitə sədri birinci və ikinci oxunuşda layihə ilə bağlı komitəyə heç bir təklifin daxil olmadığını bildirib və sənədin olduğu kimi səsə qoyulmasını xahiş edib.
Bu qanun layihəsi də üçüncü oxunuşda qəbul olunub.
“Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi ilə bağlı Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.
Qeyd olunub ki, təqdim edilən layihə uyğunlaşdırma xarakterlidir. Belə ki, "Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2026-cı il 2 fevral tarixli 340-VIIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar qanunvericiliyə müvafiq dəyişiklik təklif olunub.
Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev sənəd barədə komitəsinin müsbət rəyini diqqətə çatdırandan sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.
Spiker növbəti beş məsələnin ikinci oxunuşda olan qanun layihələri olduğunu bildirib və dördüncü məsələ olan “Büdcə sistemi haqqında”, “Sığorta fəaliyyəti haqqında” və “Hesablama Palatası haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat vermək üçün İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanova söz verib.
Komitə sədri layihə haqqında birinci oxunuşda ətraflı məlumat verildiyini və layihə ilə bağlı heç bir təklif və qeydin daxil olmadığını deyib. Vurğulanıb ki, qanun layihəsi Hesablama Palatasının fəaliyyətinin təşkilati, institusional və hüquqi əsaslarının təkmilləşdirilməsinə xidmət edir.
Layihə ikinci oxunuşda qəbul olunub.
Növbəti məsələ - “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuş) haqqında da Azər Əmiraslanov bildirib ki, sənədlə bağlı birinci oxunuşda ətraflı məlumat verilib. O, xatırladıb ki, dəyişikliklərdə Ələt Azad İqtisadi Zonasında istehsal və ya kifayət qədər emal olunmuş malların ölkənin əsas iqtisadi ərazisinə, yəni əsas iqtisadiyyata gətirilməsinə müəyyən şərtlər əsasında gömrük güzəştinin tətbiq olunması nəzərdə tutulur. Komitə sədri bu gömrük güzəştinin tətbiqi şərtlərini diqqətə çatdırıb.
Sənəd ikinci oxunuşda qəbul olunub.
Gündəliyin altıncı məsələsi olan Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəllədə və “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib ki, sənəd əsasən iqtisadi fəaliyyət sahəsi, o cümlədən qumar oyunlarının təşkili və ya keçirilməsi ilə bağlı olan cinayətlərlə bağlıdır. O, həmçinin Cinayət Məcəlləsində "Xarici valyuta vəsaitlərini xaricdən qaytarmama" adlı 208-ci maddənin ləğvini də mütərəqqi dəyişiklik kimi vurğulayıb.
İnsan hüquqları komitəsinin sədri Zahid Oruc layihə barədə rəhbərlik etdiyi komitənin rəyini səsləndirib.
Layihə ikinci oxunuşda qəbul olunub.
Ticarət Gəmiçiliyi Məcəlləsində, “Yol hərəkəti haqqında”, “Nəqliyyat haqqında”, “Dövlət rüsumu haqqında”, “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında”, “Avtomobil nəqliyyatı haqqında” və “Aviasiya haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) ilə bağlı İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov məlumat verib.
Bildirilib ki, layihə Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 27 fevral tarixli 953 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026−2028-ci illər üçün Fəaliyyət Planı"ndan irəli gələn tapşırıqların icrasına xidmət edir. Qanun layihəsi avtomobil, dəmir yolu, metro, tramvay, dəniz və hava nəqliyyatı daxil olmaqla, bütün nəqliyyat növləri üzrə avtonom nəqliyyat vasitələrinin tətbiqi üçün zəruri normativ hüquqi, texnoloji və institusional bazanın yaradılması məqsədilə hazırlanıb.
Məruzəçi sənəddə təsbit olunan yeni anlayışları, məsafədən idarəetmənin tətbiqi, istismar zamanı avtomatlaşdırılmış idarəetmə sisteminin fəaliyyəti ilə bağlı tənzimləmələri diqqətə çatdırıb, istismar zamanı yaranan hallara operativ müdaxilə, təhlükəsizlik və məsuliyyət mexanizmləri, habelə digər məsələlərlə bağlı təsbit olunan qaydalar barədə məlumat verib.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qanun layihəsi ilə bağlı komitəsinin müsbət rəyini açıqlayıb.
Layihə ikinci oxunuşda qəbul olunub.
Gündəliyin səkkizinci məsələsi olan “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 307-VIIQD nömrəli Qanununun icrası ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişiklik edilməsi haqqında qanun layihəsini (ikinci oxunuş) də İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov təqdim edib.
Bildirilib ki, “Yol hərəkəti haqqında” Qanunda mopedlərin dövlət qeydiyyatına alınması, onlara dövlət qeydiyyat nişanının verilməsi, habelə mopedlərin "A1" kateqoriyalı sürücülük vəsiqəsi əsasında idarə olunması müəyyən edilib. Təklif olunan dəyişiklik adıçəkilən qanundan irəli gələrək "Avtomobil yolları haqqında", "Dövlət rüsumu haqqında", "İcbari sığortalar haqqında" qanunlarda müvafiq dəyişikliklərin edilməsi təklif olunur. Layihədə mopedlərin texniki baxışdan keçirilməsi, dövlət qeydiyyatına alınması, dövlət qeydiyyat nişanının və qeydiyyat şəhadətnaməsinin verilməsi, habelə sürücülük vəsiqəsinin verilməsi və ya sürücülük vəsiqəsinin dəyişdirilməsi ilə bağlı dövlət rüsumlarının tətbiqi müəyyən olunur. Eyni zamanda qeydiyyatdan keçmiş mopedlərin istifadəsi ilə bağlı üçüncü şəxslər qarşısında mülki məsuliyyətin icbari sığortası da nəzərdə tutulur.
Qanun layihəsi ikinci oxunuşda qəbul edilib.
Milli Məclisin sədri Sahibə Qafarova bildirib ki, gündəliyin qalan doqquz məsələsi birinci oxunuşda olan qanun layihələridir. Növbəti beş məsələ möhtərəm cənab Prezidentin bir məktubu ilə Milli Məclisə daxil olub və onların dördü mahiyyətcə bir-birinə yaxındır. Bildirilib ki, bu dörd məsələ və 13-cü məsələ ilə bağlı iclasda rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov, Milli Kibertəhlükəsizlik Agentliyi İdarə Heyətinin sədri Fərid Zeynalov, İnnovasiyalar və Rəqəmsal İnkişaf Agentliyinin İdarə Heyətinin sədri Fərid Osmanov və Agentliyin Hüquq departamentinin müdiri Kaul Məmmədov dəvət olunublar. Beləliklə, növbəti 4 məsələnin təqdimatları və müzakirələri birgə, səsvermələri ayrı-ayrı keçirilib. Onların birgə təqdimatını İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov edib.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmiş innovativ fəaliyyətin dəstəklənməsinə dair qanun layihələri dövlətimizin rəqəmsal və texnoloji inkişafın yeni mərhələsi üzrə təşəbbüslərini və strateji hədəflərini özündə əks etdirir. O, bu sənədləri bir-biri ilə sıx bağlı olan, vahid innovasiya zəncirinin hüquqi təminatını yaradan inteqrə edilmiş qanunvericilik paketi kimi dəyərləndirib.
Ölkəmizdə qurulmaqda olan vahid rəqəmsal inkişaf arxitekturasını vurğulayan komitə sədri bildirib ki, innovasiyaların dövlət siyasətinin əsas istiqaməti kimi müəyyənləşdirilməsi ölkənin düşünülmüş, müasir çağırışları nəzərə alan uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. O, Prezident İlham Əliyevin rəqəmsal inkişafı dövlətimizin gələcəyini müəyyən edən mühüm amil kimi qiymətləndirdiyini xatırladaraq, təqdim olunan qanun layihələrinin bu strateji baxışın qanunvericilik müstəvisində həyata keçirilməsinə xidmət etdiyini deyib.
Komitə sədri bildirib ki, layihələr rəqəmsal inkişaf strategiyasının hüquqi bazasının formalaşdırılmasına, innovativ iqtisadiyyatın inkişafına, yeni maliyyələşdirmə mexanizmlərinin, investisiyaların, intellektual mülkiyyətin və startap ekosisteminin hüquqi təminatının gücləndirilməsinə yönəlib.
O, layihələri innovasiyalar sahəsində özəl sektorun genişlənməsini, bu sahəyə investisiyaların cəlb edilməsini və Azərbaycanın regional innovasiya mərkəzlərindən birinə çevrilməsini dəstəkləyən mühüm qanunvericilik təşəbbüsü kimi dəyərləndirib.
Diqqətə çatdırılıb ki, layihələrin məqsədi vençur, kraudfandinq və “mələk investor” kimi maliyyələşmə alətlərinin milli qanunvericilikdə tanınmasını təmin etməkdir. Həmçinin bu layihələr rəqəmsal cəmiyyətin çoxsaylı anlayışlardan ibarət müasir, innovativ leksikonunu formalaşdırır. Qanunvericilik paketi innovasiya layihələrinin həyata keçirilməsində özəl sektoru ciddi şəkildə təşviq edəcək.
Komitə sədri bildirib ki, gündəliyin 9-cu məsələsi olan “Kraudfandinq haqqında” Qanun layihəsi innovasiya layihələrinin yeni maliyyələşmə mexanizmini hüquqi müstəviyə gətirir. Kraudfandinq vasitəsilə sahibkarlar, xüsusilə startaplar və kiçik biznes subyektləri çoxsaylı investorlardan rəqəmsal platformalar üzərindən vəsait cəlb edə biləcəklər.
10-cu məsələ olan Mülki Məcəllədə, Cinayət Məcəlləsində, Vergi Məcəlləsində, İnzibati Xətalar Məcəlləsində, “Dövlət rüsumu haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Nağdsız hesablaşmalar haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 12 normativ-hüquqi akta dəyişiklikləri nəzərdə tutmaqla “Kraudfandinq haqqında” qanun layihəsinin qəbul edilməsindən sonra onun tətbiqi üçün zəruri və tamamlayıcı hüquqi baza yaradır.
Gündəliyin 11-ci məsələsi olan Əmək Məcəlləsində, Mülki Məcəllədə, “Valyuta tənzimi haqqında”, “Banklar haqqında”, “İnvestisiya fondları haqqında” və “Qiymətli kağızlar bazarı haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) 6 normativ akta dəyişiklikləri təklif etməklə, mahiyyətcə innovativ sahibkarlığın maliyyələşdirilməsi üçün müasir investisiya və korporativ idarəetmə mexanizmlərini milli qanunvericiliyə gətirir.
Gündəliyin 12-ci məsələsi olan Vergi Məcəlləsində, Miqrasiya Məcəlləsində, “Sosial sığorta haqında”, “Gömrük tarifi haqqında”, “Lisenziyalar və icazələr haqqında” və “Dövlət satınalmaları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) də 6 normativ akta dəyişikliklər təklif etməklə, innovasiya, rəqəmsal texnologiyalar və süni intellekt sahəsində çoxşaxəli güzəştlər və təşviqlər nəzərdə tutur.
Azər Əmiraslanov sonda vurğulayıb ki, təqdim edilən qanunvericilik paketi Azərbaycanın innovasiya əsaslı inkişaf modelinə keçidində mühüm hüquqi mərhələ olmaqla innovativ sahibkarlığın maliyyələşdirilməsi üçün yeni imkanlar yaradacaq və milli iqtisadiyyatımızda ciddi keyfiyyət dəyişikliklərinə təkan verəcəkdir.
Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli 10-cu, 11-ci və 12-ci məsələlərə dair, Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev 11 və 12-ci məsələlərə dair komitələrinin rəylərini təqdim ediblər.
Müzakirələrdə komitə sədrləri Zahid Oruc, Şahin İsmayılov, deputatlar Razi Nurullayev, Nizami Səfərov, Müşfiq Cəfərov, Sahib Alıyev, Bəhruz Məhərrəmov, Mehriban Vəliyeva, Azər Allahverənov, Aydın Mirzəzadə çıxış ediblər, fikirlərini, qeyd və təkliflərini bildiriblər.
Sonra qanun layihələrinin dördü də ayrı-ayrı səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib.
O, bildirib ki, qanun layihəsi ölkəmizin rəqəmsal inkişaf strategiyasında yeni mərhələnin hüquqi əsaslarını müəyyənləşdirir. Qeyd olunub ki, müasir dövrdə rəqəmsal suverenlik, enerji sistemləri, bank infrastrukturu, elektron hökumət platformaları, dövlət informasiya ehtiyatları, rabitə şəbəkələri, rəqəmsal xidmətlər və vətəndaşların fərdi məlumatları milli təhlükəsizliyin ayrılmaz hissəsinə çevrilib. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə elektron hökumət quruculuğu, rəqəmsal xidmətlərin genişləndirilməsi, kibertəhlükəsizlik sisteminin formalaşdırılması və rəqəmsal iqtisadiyyatın inkişafı istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb. Bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında qəbul olunan qərarlar yeni rəqəmsal suverenlik siyasətinin sistemli xarakter daşıdığının bariz nümunəsidir.
Nəzərə çatdırılıb ki, qanun layihəsi informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik sahəsində hüquqi tənzimləmənin təkmilləşdirilməsi, informasiya infrastrukturunun kibertəhdidlərdən qorunması, kibertəhlükəsizlik üzrə institusional mexanizmlərin yaradılması və rəqəmsal inkişaf proseslərinin hüquqi əsaslarının müəyyən edilməsi məqsədilə hazırlanıb.
Layihəyə əsasən qanuna informasiya infrastrukturu, informasiya infrastrukturu subyekti, kibertəhlükəsizlik, kiberməkan, kibergigiyena, rəqəmsal dəlil, rəqəmsal tədqiqat, kompüter insidentlərinə qarşı mübarizə mərkəzi (CERT), Təhlükəsizlik əməliyyatları mərkəzi (SOC), Milli CERT, Dövlət CERT və digər yeni anlayışlar əlavə edilir. Sənəddə dövlət orqanlarının, informasiya infrastrukturu subyektlərinin, CERT və SOC-ların kibertəhlükəsizlik sahəsində hüquq və vəzifələri müəyyən edilir, kibertəhdidlərin, kiberhücumların və kiberinsidentlərin aşkarlanması, qarşısının alınması, araşdırılması və aradan qaldırılması üzrə fəaliyyət mexanizmləri təsbit olunur. Həmçinin informasiya infrastrukturunun kibertəhlükəsizliyinin təmin olunması, kibertəhlükəsizlik üzrə monitorinq və auditlərin aparılması, kiberinsidentlər barədə məlumat mübadiləsinin həyata keçirilməsi, rəqəmsal tədqiqatların aparılması, rəqəmsal inkişaf layihələrinin maliyyələşdirilməsi məqsədilə tənzimləyici test mühitinin tətbiqi ilə bağlı müddəalar müəyyən edilir. Bununla yanaşı, informasiya infrastrukturu subyektləri, internet provayderlər, host provayderlər və internet informasiya ehtiyatlarının sahibləri üçün kibertəhlükəsizlik sahəsində yeni öhdəliklər müəyyən edilir, Milli CERT-in fəaliyyət istiqamətləri və səlahiyyətləri genişləndirilir.
Məsələnin müzakirəsi zamanı parlamentin komitə sədri Fazil Mustafa, deputatlar Kamal Cəfərov, Bəhruz Məhərrəmov, Hikmət Məmmədov, Rizvan Nəbiyev, Müşfiq Məmmədli, Sevil Mikayılova çıxış edərək, təklif olunan dəyişikliklərin vacibliyindən danışıblar. Millət vəkilləri rəqəmsallaşmanın dövlət idarəçiliyinin səmərəliliyinin artırılması, iqtisadi inkişafın sürətləndirilməsi, milli təhlükəsizliyin möhkəmləndirilməsi, vətəndaşlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi baxımından önəmli olduğunu qeyd ediblər.
Sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İclasda İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş) barədə məlumat verib.
Nəzərə çatdırılıb ki, layihə neft-qaz sahəsində fəaliyyəti olmayan özəl sektor təmsilçilərinə ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsait köçürmək imkanının yaradılması məqsədilə  hazırlanıb. Sənədə əsasən, ƏDV-nin depozit hesabından dövlət sosial müdafiə fonduna vəsaitin köçürülə bilməsi 2027-ci il yanvarın 1-dən 4 il müddətinə qüvvədə olacaq və onun şərtləri və qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan tərəfindən müəyyən ediləcək.
Qeyd olunub ki, layihə dövlətin fiskal və sosial maraqları ilə sahibkarın maliyyə çevikliyi arasında balanslı yanaşmanı təmin edir. Sənəd vergi ödəyicilərinin ƏDV depozit hesablarında olan vəsaitlərdən istifadə imkanlarının artırılmasına, sosial öhdəliklərin icrası üçün əlavə maliyyə mənbələrinin yaradılmasına, qeyri neft-qaz özəl sektorda fəaliyyət göstərən vergi ödəyicilərinin dəstəklənməsinə xidmət edəcək.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.
Sonra komitə sədri Azər Əmiraslanov Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinin (birinci oxunuş) mahiyyətindən bəhs edib.
Bildirilib ki, qanun layihəsi ölkəyə idxal olunan qeyri-qida istehlak mallarının təhlükəsizlik göstəricilərinə görə texniki reqlamentlərin tələblərinə uyğunluğunu təsdiq edən uyğunluq sertifikatı, uyğunluq bəyannaməsi və tanınmış xarici mənşəli uyğunluq sənədləri ilə müşayiət olunmasını təmin etməyi nəzərdə tutur.
Layihəyə əsasən, Azərbaycan Respublikasının ərazisinə idxal edilən qeyri-qida istehlak mallarına tətbiq edilən rejimin yerli və ya digər ölkə mənşəli oxşar mallara tətbiq edilən rejimlə eyniliyi təmin edilməklə rəqabət mühiti qorunacaq, yerli istehsal dəstəklənəcək, idxalda texniki reqlamentlərə, yəni insanların həyat və ya sağlamlığının, ətraf mühitin, əmlakın və dövlətin maraqlarının mühafizəsinə yönəldilmiş tələblərə cavab verməyən malların ölkəyə daxil olmasının qarşısı alınacaq.
Qeyd edilib ki, ölkədə sahibkarlığın inkişafına və biznes mühitinin dəstəklənməsinə yönəldilmiş dövlət siyasəti prioritetləri nəzərə alınmağa, qeyri-qida istehlak mallarının idxalı ilə məşğul olan təsərrüfat subyektlərinə fəaliyyətlərini yeni qanunvericiliyin tələblərinə uyğunlaşdırılması məqsədilə layihədə iki illik keçid dövrü nəzərdə tutulur.
Qanun layihəsi birinci oxunuşda qəbul edilib.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov daha sonra “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) diqqətə çatdırıb.
Bildirilib ki, dəyişikliyə əsasən, qeyri-rezident hüquqi və ya fiziki şəxslər təklifləri ilə birlikdə icra və avans təminatını təqdim etmək öhdəliyindən azad edilmələri barədə əsaslandırılmış müraciətlərini satınalma komissiyasına təqdim edə bilərlər.
Bununla yanaşı, layihədə göstərilir ki, satınalma komissiyası nəzarət orqanının bir mənbədən satınalma metodunun tətbiqinə dair razılığını aldıqdan sonra müraciətlər əsasında, habelə belə müraciətin edilmədiyi hallarda öz təşəbbüsü ilə satınalma müqaviləsinin bağlanılması nəzərdə tutulan qeyri-rezident hüquqi və ya fiziki şəxs tərəfindən icra və avans təminatının ödənilməsinin mümkünsüzlüyünü müəyyən etdikdə, satınalma komissiyasını formalaşdıran satınalan təşkilat 10 iş günü müddətində bununla bağlı əsaslandırılmış müraciətini müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana təqdim edir. Həmin orqan isə 20 iş günü ərzində qeyri-rezident hüquqi və ya fiziki şəxsin icra və avans təminatını təqdim etmək öhdəliyindən azad edilməsi və ya azad edilməsindən imtina olunması barədə qərar qəbul edir. Qərarın qəbul edildiyi tarixdən 12 ay ərzində həmin qeyri-rezident hüquqi və ya fiziki şəxsdən eyni satınalan təşkilat tərəfindən eyni satınalma predmetinin satın alınmasına tələbat yarandıqda, həmin təchizatçıya münasibətdə icra və avans təminatını təqdim etmək öhdəliyindən azad edilmə barədə qərarın qəbul edilməsi tələb olunmur.
Deputat Rəşad Mahmudov məsələ ilə bağlı bəzi qeydlərini açıqladıqdan sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Parlamentin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin (birinci oxunuş) mahiyyəti barədə məlumat verib.
Bildirilib ki, layihədə təklif olunan dəyişikliklər ölkəmizdə sığorta sisteminin inkişafına, sığorta sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə və beynəlxalq normalara uyğunlaşdırılmasına xidmət edir.
Diqqətə çatdırılıb ki, Qanunda nəzərdə tutulan dəyişiklikdə könüllü fəaliyyətin iştirakçısı olan könüllülərə münasibətdə sığorta haqqı onlarla bağlanmış müqavilənin qüvvəyə mindiyi, istehsalat təcrübəsi keçən tələbə və şagirdlərə münasibətdə isə istehsalat təcrübəsinin başladığı tarixdən 15 iş günü müddətində ödənilməsi müəyyən edilir.
Bununla yanaşı, layihədə sığorta ödənişlərinin sığorta olunanın əlilliyinin müəyyən edilməsi ilə deyil, peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsinə uyğun olaraq ödənilməsi təklif olunur. Bu dəyişiklik, həmçinin Beynəlxalq Əmək Təşkilatının "Əməyin Təhlükəsizliyi və Gigiyenasının Təşviq Edilməsinin Əsasları haqqında" Konvensiyasının tələblərinə uyğundur.
Sənəddə, habelə sığorta fondunun sabitliyinin qorunması, sistemin proqnozlaşdırıla bilən olması, çox yüksək gəlirli şəxslərlə orta gəlirli şəxslər arasındakı ödəniş balansının qoruması məqsədi ilə birdəfəlik sığorta ödənişinin verilməsi nəzərdə tutulan hallarda hesablanmış sığorta ödənişinin məbləğinin minimum aylıq əməkhaqqının min mislindən artıq olmamaqla təyin edilərək ödənilməsi təklif olunur.
Məsələ barədə deputat Elçin Mirzəbəyli öz fikir və təkliflərini səsləndirdikdən sonra, qanun layihəsi birinci oxunuşda qəbul edilib.
Bununla Milli Məclisin bugünkü iclası başa çatıb.
Geri dön