Ana Sayfa > Özəl > Dəməşqdə partlayışlar nə mesaj verir? – Makronun səfəri niyə hədəfə çevrildi?

Dəməşqdə partlayışlar nə mesaj verir? – Makronun səfəri niyə hədəfə çevrildi?


Bu gün, 21:03. Yazar: vasif
Dəməşqdə partlayışlar nə mesaj verir? – Makronun səfəri niyə hədəfə çevrildi?



Fransa Prezidenti Emmanuel Makron Suriyada yeni hakimiyyətin formalaşmasından sonra Dəməşqə ilk rəsmi səfərini həyata keçirib. Səfər zamanı onun qaldığı otelin yaxınlığında iki partlayış baş verib.

Məlumata görə, partlayışlardan biri yol kənarında dayanmış avtomobilə, digəri isə zibil qutusuna yerləşdirilmiş əldəqayırma partlayıcı qurğuların işə salınması nəticəsində baş verib. Hadisə nəticəsində dörd polis əməkdaşı da daxil olmaqla ümumilikdə 18 nəfərin yaralandığı bildirilir.

Partlayışlardan sonra hadisə yerinə təhlükəsizlik qüvvələri və təcili tibbi yardım briqadaları cəlb olunub, ərazi mühasirəyə alınıb. İlkin məlumatlara əsasən, insident Fransa prezidentinin kortejinə birbaşa təsir göstərməyib və rəsmi proqram davam etdirilib.

Makron səfər çərçivəsində Suriya Prezidenti Əhməd əl-Şara ilə əvvəlcə geniştərkibli, daha sonra isə təkbətək görüş keçirib. Tərəflərin siyasi dialoq, iqtisadi əməkdaşlıq və ölkənin bərpası ilə bağlı məsələləri müzakirə etdiyi bildirilib.

Fransa nümayəndə heyətinə ölkənin aparıcı şirkətlərinin rəhbərləri də daxil olub. Görüşlərdə infrastrukturun bərpası, turizm, kənd təsərrüfatı, sənaye sahələrində əməkdaşlıq və aviasiya layihələri üzrə perspektivlər müzakirə olunub. Məlumata görə, Suriya Avropa istehsalçısı olan "Airbus" şirkətindən yeni təyyarələrin alınmasını da nəzərdən keçirir.

Səfər proqramına həmçinin Dəməşqdə iqtisadi forumda iştirak və şəhərin tarixi məkanlarına baş çəkmək də daxil edilib. Bu səfər Fransa ilə Suriya arasında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilsə də, baş verən partlayışlar ölkədə təhlükəsizlik vəziyyətinin hələ də həssas olaraq qaldığını bir daha nümayiş etdirib.

Geri dön