Ana Sayfa > Özəl > ABŞ Türkiyənin F-35 proqramına qayıdışını müzakirə edir

ABŞ Türkiyənin F-35 proqramına qayıdışını müzakirə edir


Bu gün, 12:19. Yazar: vasif
ABŞ Türkiyənin F-35 proqramına qayıdışını müzakirə edir




ABŞ Prezidenti Donald Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla keçirəcəyi görüşdə Ankaranın F-35 proqramına mümkün qayıdışı məsələsini gündəmə gətirəcəyi bildirilir.

Məlumata görə, Vaşinqton Türkiyəyə beşinci nəsil F-35 qırıcılarının satışının bərpası imkanlarını nəzərdən keçirir. Lakin bunun necə həyata keçiriləcəyi və Konqres tərəfindən tətbiq olunan məhdudiyyətlərin hansı mexanizmlə aradan qaldırılacağı hələlik dəqiqləşməyib.

İddialara əsasən, Tramp və Ərdoğan arasında aparılacaq danışıqlardan sonra iki ölkə arasında rəsmi yazışmalar vasitəsilə Türkiyənin proqrama qayıdışı ilə bağlı yeni mərhələnin başlanması mümkün hesab edilir. Bununla belə, yekun qərarın hələ verilmədiyi və ABŞ administrasiyasının son anda mövqeyini dəyişə biləcəyi də istisna olunmur.

Bundan əvvəl yayılan məlumatlarda bildirilirdi ki, Vaşinqton Türkiyənin Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemləri ilə bağlı məsələnin həllini F-35 proqramına qayıdış üçün əsas şərtlərdən biri hesab edir.

Xatırladaq ki, ABŞ 2019-cu ildə Türkiyəni Rusiyadan S-400 sistemləri aldığına görə F-35 proqramından çıxarmışdı. Vaşinqton bu qərarı təhlükəsizlik riskləri ilə əsaslandırmışdı.

Qeyd olunur ki, Türkiyənin F-35 proqramına mümkün qayıdışı regionda hərbi balans baxımından da diqqətlə izlənilir və bu məsələ beynəlxalq siyasi müzakirələrin əsas mövzularından biri olaraq qalır.

Geri dön