Ana Sayfa > Özəl > Hindistanda azyaşlının qətli kütləvi etirazlara səbəb oldu: Şübhəli izdiham tərəfindən öldürüldü

Hindistanda azyaşlının qətli kütləvi etirazlara səbəb oldu: Şübhəli izdiham tərəfindən öldürüldü


Bu gün, 18:16. Yazar: vasif
Hindistanda azyaşlının qətli kütləvi etirazlara səbəb oldu: Şübhəli izdiham tərəfindən öldürüldü




Hindistanın Qərbi Benqal ştatında 12 yaşlı qızın qətlə yetirilməsi ölkədə böyük rezonans doğurub. Hadisədən sonra minlərlə insan etirazlara çıxıb, əsas şübhəli isə qəzəbli izdiham tərəfindən döyülərək öldürülüb.

İlkin məlumata görə, ad günü üçün hədiyyə almaq məqsədilə evdən çıxan azyaşlı itkin düşüb. Bir müddət sonra onun meyiti gölməçə yaxınlığında çuvalın içində aşkar edilib. İstintaq orqanları qızın qaçırıldığı, cinsi zorakılığa məruz qaldığı və daha sonra qətlə yetirildiyi ehtimalını araşdırır.

Hadisə yerli əhalinin ciddi narazılığına səbəb olub. Şübhəli şəxs sakinlər tərəfindən saxlanıldıqdan sonra izdihamın hücumuna məruz qalıb. Ağır vəziyyətdə xəstəxanaya çatdırılan şəxsə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətl hadisəsinin ardından bölgədə genişmiqyaslı etiraz aksiyaları başlayıb. Etirazçılar yolları bağlayıb, avtomobil şinlərini yandırıb və bəzi polis avtomobillərinə ziyan vurublar. İctimai asayişi bərpa etmək üçün əraziyə əlavə polis qüvvələri göndərilib.

Hüquq-mühafizə orqanları cinayət işi üzrə araşdırmaların davam etdiyini, hadisə ilə əlaqədar dörd nəfərin saxlanıldığını açıqlayıb. Polis vətəndaşları qanunu öz əllərinə almamağa çağıraraq, cinayətdə təqsiri olan bütün şəxslərin qanun qarşısında cavab verəcəyini bildirib.

Geri dön