Ana Sayfa > Parlament > Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində Zimbabve parlament nümayəndə heyəti ilə görüş keçirilib

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində Zimbabve parlament nümayəndə heyəti ilə görüş keçirilib


Bu gün, 18:20. Yazar: azer
Milli Məclisin Təbii ehtiyatlar, energetika və  ekologiya komitəsində Zimbabve parlament nümayəndə heyəti ilə görüş keçirilib

İyulun 6-da Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov və komitənin üzvləri Zimbabve Respublikası Milli Assambleyasının sədri Yakob Fransis Nzvidamilimo Mudendanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüblər.

Bu barədə aia.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüş zamanı bildirilib ki, Azərbaycan ilə Zimbabve arasında münasibətlər qarşılıqlı hörmətə, bərabərhüquqlu tərəfdaşlığa, dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanır. Vurğulanıb ki, iki ölkə arasında siyasi dialoqun inkişafı, parlamentlərarası əməkdaşlığın genişlənməsi və qarşılıqlı səfərlər ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə mühüm töhfə verir.
Söhbət zamanı Azərbaycanın Afrika dövlətləri ilə əlaqələrin inkişafını xarici siyasətinin mühüm istiqamətlərindən biri hesab etdiyi qeyd olunub. Bu çərçivədə humanitar təşəbbüslərin genişləndirilməsi, iqtisadi əməkdaşlığın təşviqi və parlament diplomatiyasının gücləndirilməsi istiqamətində görülən işlərin qarşılıqlı marağın artmasına və əməkdaşlığın yeni mərhələyə yüksəlməsinə şərait yaratdığı diqqətə çatdırılıb.

Tərəflər təbii ehtiyatların səmərəli idarə olunması və qorunması, enerji təhlükəsizliyinin təmin edilməsi, bərpa olunan enerji mənbələrinin inkişafı, iqlim dəyişikliyi ilə mübarizə və ekoloji təhlükəsizliyin möhkəmləndirilməsi kimi aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Bu istiqamətlərdə təcrübə mübadiləsinin və birgə təşəbbüslərin əhəmiyyəti xüsusi vurğulanıb.

Görüşdə, həmçinin, iki ölkənin beynəlxalq platformalarda, o cümlədən Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi, COP29 və WUF13 çərçivəsində uğurlu əməkdaşlığından bəhs olunub. Qeyd edilib ki, bu kimi formatlarda qurulan səmərəli əməkdaşlıq çoxtərəfli münasibətlərin inkişafına və qlobal çağırışlara qarşı birgə yanaşmaların formalaşdırılmasına mühüm töhfə verir.
Sonda Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsi ilə Zimbabve Respublikası Milli Assambleyasının müvafiq komitəsi arasında əməkdaşlığın gələcək perspektivləri, qarşılıqlı maraq doğuran sahələrdə birgə layihələrin həyata keçirilməsi və qanunvericilik sahəsində təcrübə mübadiləsinin genişləndirilməsi məsələləri müzakirə olunub.

Geri dön