Ana Sayfa > Özəl > Ankara NATO Zirvəsi dünya siyasətinin diqqət mərkəzində: Trampın səfəri və Azərbaycanın mümkün rolu
Ankara NATO Zirvəsi dünya siyasətinin diqqət mərkəzində: Trampın səfəri və Azərbaycanın mümkün roluBu gün, 21:16. Yazar: vasif |
![]() İyulun 7-8-də Ankarada keçiriləcək NATO-nun 36-cı Zirvə toplantısı qlobal təhlükəsizlik gündəminin əsas hadisələrindən biri hesab olunur. Sammitdə Alyansın 32 üzv ölkəsinin liderləri bir araya gələrək Ukrayna müharibəsi, Yaxın Şərqdəki vəziyyət, İran ətrafındakı gərginlik, müdafiə strategiyası və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə edəcəklər. Toplantının ən çox diqqət çəkən məqamlarından biri ABŞ Prezidenti Donald Trampın Türkiyəyə səfəri və Prezident Rəcəb Tayyib Ərdoğanla keçirəcəyi ikitərəfli görüşdür. Gözlənilir ki, tərəflər müdafiə sənayesi, NATO çərçivəsində əməkdaşlıq, regional təhlükəsizlik və bir sıra strateji məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar. Mövzunu dəyərləndirən Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, Ankara sammiti NATO-nun gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, sammitdə müdafiə xərclərinin artırılması, hərbi sənaye əməkdaşlığı və Alyansın yeni təhlükəsizlik prioritetləri əsas müzakirə mövzuları olacaq. Deputat qeyd edib ki, hazırda Azərbaycanın sammitə dəvət olunması ilə bağlı rəsmi təsdiqlənmiş məlumat yoxdur. O xatırladıb ki, Azərbaycan əvvəllər NATO-nun müxtəlif zirvə toplantılarında tərəfdaş ölkə kimi təmsil olunub və Alyansla uzunmüddətli əməkdaşlıq münasibətlərinə malikdir. Naqif Həmzəyevin fikrincə, Azərbaycanın enerji təhlükəsizliyində artan rolu, Orta Dəhlizdə strateji mövqeyi və regionda formalaşdırdığı yeni geosiyasi reallıqlar ölkənin beynəlxalq əhəmiyyətini daha da artırır. Bununla belə, Ankara sammitində iştirakla bağlı yekun qərarın yalnız rəsmi açıqlamalardan sonra dəqiqləşəcəyi vurğulanır. Geri dön |