Ana Sayfa > Özəl > Rusiyada miqrasiya qaydaları sərtləşdirilir: Deportasiya halları artırılır

Rusiyada miqrasiya qaydaları sərtləşdirilir: Deportasiya halları artırılır


Bu gün, 20:13. Yazar: vasif
Rusiyada miqrasiya qaydaları sərtləşdirilir: Deportasiya halları artırılır




Rusiyada miqrasiya qanunvericiliyinin daha da sərtləşdirilməsi istiqamətində yeni dəyişikliklər hazırlanır. Gözlənilən yeniliklərə əsasən, deportasiya tətbiq oluna bilən inzibati xətaların siyahısı əhəmiyyətli dərəcədə genişləndiriləcək.

Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib ki, parlament bu həftə miqrasiya sahəsinə dair qanunvericilik paketini müzakirəyə çıxaracaq. Onun sözlərinə görə, əvvəlcə deportasiya ilə nəticələnə biləcək inzibati xətaların sayı 43-ə çatdırılması planlaşdırılsa da, sonradan əlavə edilən təkliflərlə bu rəqəmin 45-ə yüksəldilməsi nəzərdə tutulur.

Məlumata görə, yeni dəyişikliklər sırasında ayrı-seçkilik xarakterli hüquqpozmalar və dövlət sərhədində xidmət aparan hərbi qulluqçunun qanuni tələbinə tabe olmamaq kimi hallar da yer alacaq.

Volodin qeyd edib ki, məqsəd ölkədə ictimai təhlükəsizliyin gücləndirilməsi, miqrasiya proseslərinə nəzarətin artırılması və qanunvericilik sahəsində nizam-intizamın möhkəmləndirilməsidir.

Parlamentin gündəliyində əmək miqrasiyası ilə bağlı digər qanun layihələrinin də müzakirəsi gözlənilir. Qəbul ediləcəyi təqdirdə yeni qaydalar miqrantlar üçün daha sərt tələblər müəyyən edəcək.

Hazırda qüvvədə olan qanunvericiliyə əsasən, müəyyən inzibati xətalara yol verən əcnəbi və vətəndaşlığı olmayan şəxslər barəsində deportasiya qərarı verilə bilər. Təklif olunan dəyişikliklər isə bəzi hüquqpozmalara görə cərimə ilə yanaşı, məcburi deportasiya tədbirinin də tətbiqini nəzərdə tutur.

Geri dön