Ana Sayfa > Özəl > Türkiyəli generaldan Ankara sammiti ilə bağlı diqqətçəkən proqnoz
Türkiyəli generaldan Ankara sammiti ilə bağlı diqqətçəkən proqnozBu gün, 18:15. Yazar: vasif |
![]() İyulun 7–8-də Ankarada keçiriləcək NATO sammitinin beynəlxalq təhlükəsizlik gündəminin əsas mövzularından birinə çevriləcəyi gözlənilir. Təqaüddə olan türkiyəli general Yücel Karauz hesab edir ki, bu toplantı əvvəlki zirvələrdən fərqli olaraq qəbul edilən qərarların praktik icrasına yönələcək. Onun sözlərinə görə, sammitdə əsas diqqət müdafiə xərclərinin artırılması, hərbi sənayenin gücləndirilməsi, Ukraynaya dəstəyin davam etdirilməsi, həmçinin Yaxın Şərq və İranla bağlı təhlükəsizlik məsələlərinə yönələcək. General hesab edir ki, NATO-nun gündəliyi artıq təkcə Avropa ilə məhdudlaşmır və daha geniş geosiyasi çağırışları əhatə edir. Yücel Karauz bildirib ki, ABŞ Prezidenti Donald Trampın sammitdə iştirakı xüsusi əhəmiyyət daşıyır. Onun fikrincə, Tramp Avropa ölkələrinin müdafiə sahəsində daha çox məsuliyyət daşımasını tələb edə, eyni zamanda Ukrayna Prezidenti Volodimir Zelenski ilə mümkün görüş çərçivəsində diplomatik təşəbbüsləri müzakirə edə bilər. General Ukraynanın NATO-ya dərhal üzv qəbul ediləcəyini real hesab etmədiyini vurğulayıb. Onun qənaətincə, daha mümkün ssenari Kiyevin hərbi təlim, kəşfiyyat, hava hücumundan müdafiə və müdafiə sənayesi sahələrində alyansla inteqrasiyasının daha da dərinləşdirilməsidir. Karauzun fikrincə, sammitin əsas sürprizi Ukrayna ilə bağlı yeni diplomatik təşəbbüs və ya atəşkəs istiqamətində siyasi mesaj ola bilər. O, həmçinin NATO-nun cənub cinahı üçün İran, raket və pilotsuz uçuş aparatları təhlükəsi, enerji marşrutları və Şərqi Aralıq dənizi məsələlərini əhatə edən yeni təhlükəsizlik mexanizminin müzakirəyə çıxarıla biləcəyini istisna etməyib. General əlavə edib ki, Ankara sammiti Azərbaycan üçün də əhəmiyyət daşıyır. Onun sözlərinə görə, Qara dəniz–Cənubi Qafqaz–Mərkəzi Asiya xəttinin strateji əhəmiyyətinin artması fonunda Azərbaycan enerji təhlükəsizliyi, Orta Dəhliz və regional əməkdaşlıq baxımından daha mühüm mövqeyə sahib ola bilər. Geri dön |