Ana Sayfa > Siyasət > Azərbaycanın Avropa İttifaqı üçün daşıdığı strateji əhəmiyyət
Azərbaycanın Avropa İttifaqı üçün daşıdığı strateji əhəmiyyətBu gün, 11:51. Yazar: azer |
![]() Cənubi Qafqaz bölgəsi tarixən böyük güclərin maraqlarının toqquşduğu, beynəlxalq geosiyasi xəttlərin kəsişdiyi mürəkkəb və həssas məkan kimi tanınıb. Belə bir coğrafiyada müstəqil dövlətçilik kursunu qorumaq, eyni zamanda milli maraqlara söykənən balanslı xarici siyasət həyata keçirmək ciddi diplomatik peşəkarlıq tələb edir. Azərbaycan da əlverişli geosiyasi mövqeyindən səmərəli şəkildə istifadə edərək son onilliklərdə regionun passiv iştirakçısından qlobal layihələrin fəal təşəbbüskarı və aparıcı mərkəzlərindən birinə çevrilə bilib. Ölkəmiz ətrafında baş verən genişmiqyaslı siyasi proseslərə və dəyişən regional şəraitə baxmayaraq, daim beynəlxalq hüququn prinsiplərinə sadiq qalıb, etibarlı tərəfdaş nüfuzu qazanıb. Bu uğurlu inkişaf xətti təsadüfi deyil, əksinə, rəsmi Bakının illər boyu ardıcıl şəkildə formalaşdırdığı daxili sabitliyin və düşünülmüş xarici siyasət strategiyasının təbii nəticəsidir. Elə bu zəmin də Azərbaycanın beynəlxalq münasibətlər sistemində, xüsusilə Avropa institutları ilə əlaqələrdə tam suveren və bərabərhüquqlu mövqedən çıxış etməsinə şərait yaradır. Bu baxımdan, iyulun 1-də Prezident İlham Əliyev ilə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıda mətbuata birgə bəyanatlarla çıxış etməsi rəsmi Bakı ilə Brüssel arasında münasibətlərin keyfiyyət etibarilə yeni və daha yüksək strateji mərhələyə yüksəldiyini göstərir. Bu mühüm görüş Azərbaycanın beynəlxalq aləmdə etibarlı tərəfdaş, enerji təhlükəsizliyinin əsas təminatçılarından biri və Cənubi Qafqazın aparıcı dövləti olduğunu bir daha nümayiş etdirdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çevik, milli maraqlara əsaslanan və uzaqgörən xarici siyasət kursu qlobal qütbləşmənin dərinləşdiyi indiki dövrdə yalnız regionumuzun deyil, bütövlükdə Avrasiya məkanının iqtisadi və siyasi mənzərəsinə təsir göstərir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın və Avropa diplomatiyasının rəhbəri Kaja Kallasın ölkəmizə səfərlərindən sonra Avropa Komissiyasının Prezidentinin də Azərbaycana gəlməsi tərəflər arasında görünməmiş diplomatik dinamikanın formalaşdığını aydın şəkildə ortaya qoyur. Azərbaycanın Avropa İttifaqı üçün daşıdığı strateji əhəmiyyət həm konkret rəqəmlərdə, həm də həyata keçirilən real layihələrdə özünü aydın şəkildə göstərir. Hazırda Azərbaycan Avropa İttifaqının Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır və region üzrə ümumi ticarət dövriyyəsinin təxminən yetmiş faizi məhz ölkəmizin payına düşür. Bu təsirli göstərici Prezident İlham Əliyevin iqtisadi diplomatiyasının və Azərbaycanın investisiya baxımından cəlbedici məkan kimi formalaşmasının birbaşa nəticəsidir. Enerji sahəsində imzalanmış Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumundan sonra Avropa İttifaqına təbii qaz ixracının təxminən altmış beş faiz artması bu əməkdaşlığın nə qədər möhkəm təməllər üzərində qurulduğunu təsdiqləyir. Hazırda qaz ixracımızın yarısı Avropa bazarına yönəldilir və qitənin artıq on dövləti Azərbaycan qazından istifadə edir. Dövlət başçısının qətiyyətli siyasi iradəsi və vaxtında yatırılmış böyük maliyyə resursları hesabına reallaşan üç min beş yüz kilometrlik Cənub Qaz Dəhlizi isə bu gün Avropanın enerji xəritəsini dəyişən əsas strateji arteriyalardan biri kimi çıxış edir. Azərbaycan yalnız ənənəvi enerji ehtiyatları ilə deyil, həm də qlobal logistika və bərpaolunan enerji sahələrində həyata keçirdiyi müasir strategiyalarla beynəlxalq diqqət mərkəzindədir. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən ölkəmiz öz coğrafi üstünlüklərini irimiqyaslı infrastruktur layihələrinə çevirməyi bacarıb. Azərbaycan dövləti yeni geosiyasi şəraitin tələblərinə uyğun olaraq dəniz limanlarının və dəmir yolu şəbəkəsinin imkanlarını öz maliyyə vəsaiti hesabına sürətlə genişləndirir və bu proses transregional ticarətin həcmini gündən-günə artırır. Bununla yanaşı, Avropa Komissiyası ilə əməkdaşlığın yeni və innovativ istiqamətlərindən biri də bərpaolunan enerji sahəsidir. Azərbaycanın Günəş, külək və su enerjisi potensialı yaxın perspektivdə ölkəmizi Avropanın əsas yaşıl enerji təchizatçılarından birinə çevirə bilər. İndiyədək xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr növbəti beş-altı il ərzində ölkəmizdə səkkiz giqavat həcmində ekoloji təmiz enerji istehsalına imkan yaradacaq ki, bu da Prezident İlham Əliyevin qlobal ekoloji meyilləri və gələcəyin iqtisadiyyatını nə qədər dəqiq qiymətləndirdiyini göstərir. Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl siyasi kurs və hərbi-diplomatik strategiya nəticəsində Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam təmin edərək Cənubi Qafqazda yeni, dayanıqlı və geri dönüşü olmayan bir reallıq formalaşdırıb. Bu gün rəsmi Bakının irəli sürdüyü sülh gündəliyi regionda de-fakto sabitliyin bərqərar olmasına xidmət edir. Vaşinqtonda baş tutmuş uğurlu danışıqlar prosesi və Ermənistanla sülh sazişi mətninin paraflanması Azərbaycan diplomatiyasının növbəti mühüm uğurlarından biri kimi qiymətləndirilə bilər. Azərbaycan sülhün yalnız sənədlərdə deyil, real həyatda da nəticə verməsi üçün mühüm humanist və liderlik nümunəsi göstərərək Ermənistana qarşı nəqliyyat məhdudiyyətlərini aradan qaldırıb, hətta bu ölkəyə benzin və dizel kimi strateji yanacaq məhsullarının tədarükünə imkan yaradıb. Avropa Komissiyasının bu prosesə hərtərəfli dəstək vermək niyyəti isə Azərbaycanın regionda yaratdığı yeni geosiyasi nizamın beynəlxalq səviyyədə qəbul olunduğunu təsdiqləyir. Yekunda qeyd etmək lazımdır ki, Prezident İlham Əliyevin həyata keçirdiyi müdrik, qətiyyətli və uzaqgörən siyasət Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş dövlətçilik strategiyasının ən parlaq və ardıcıl davamıdır. Ulu Öndərin “Əsrin müqaviləsi” ilə əsasını qoyduğu müstəqil enerji diplomatiyası və milli inkişaf kursu bu gün onun layiqli davamçısı tərəfindən yeni geosiyasi dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirilir. Məhz bu siyasi varislik və sarsılmaz iradə Azərbaycanı Avropanın vazkeçilməz strateji tərəfdaşına, Cənubi Qafqazda isə davamlı sülhün, əməkdaşlığın və inkişafın əsas təminatçısına çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti Heydər Əliyev ideyalarından güc alaraq gələcəyə doğru daha böyük inam və qətiyyətlə irəliləyir. İlqar Kərimov, YAP Tovuz Rayon Təşkilatının sədr müavini Geri dön |