Ana Sayfa > Dünya > Trampın yeni "NATO planı" Rusiyanı qorxuya salıb: ABŞ "qoca qitə"ni silahlanmağa niyə məcbur edir
Trampın yeni "NATO planı" Rusiyanı qorxuya salıb: ABŞ "qoca qitə"ni silahlanmağa niyə məcbur edirDünən, 22:12. Yazar: vasif |
![]() Avropa ölkələrinin öz müdafiə xərclərini rekord səviyyədə artırmaq niyyəti Rusiyanın təhlükəsizlik hesablamalarını da ciddi şəkildə dəyişdirir... NATO-nun növbəti sammitində isə Avropa ölkələrinin Ağ Evin "5 faizlik müdafiə xərcləri" tələbini hansı səviyyədə qəbul edəcəyi də aydınlaşacaq... ABŞ və NATO arasında mövcud olan kəskin ziddiyyətlər azalmaq əvəzinə daha da dərinləşməkdə davam edir. Belə ki, Ağ Ev sahibi Donald Tramp NATO-nu davamlı şəkildə hədəfə alaraq, ittiham etməyə xüsusi həvəs göstərir. Və prezident Donald Trampın sərt mövqeyində əsas məqsədin məhz Avropa ölkələrini "qoca qitə"nin təhlükəsizliyinin bütün maliyyə yükünü daşımağa məcbur etmək olduğu bildirilir. Məsələ ondadır ki, ABŞ prezidenti Donald Trampın NATO barədə son açıqlamaları Ağ Evin transatlantik təhlükəsizlik sisteminə yanaşma tərzinin əvvəlki dövrlə müqayisədə daha sərt məzmun daşıdığını göstərir. Belə ki, Ağ Ev sahibi, ABŞ-ın NATO-ya ayırdığı milyardlarla dollarlıq maliyyə vəsaitini "mənasız xərclər" kateqoriyasına aid edir. Onun fikrincə, Ağ Ev uzun onilliklər ərzində bu hərbi-siyasi alyansın əsas maliyyə yükünü daşısa da, ABŞ bunun müqabilində adekvat siyasi və iqtisadi fayda əldə etməyib. Maraqlıdır ki, prezident Donald Trampın sözlərinə görə, 2014-2025-ci illər ərzində ABŞ NATO çərçivəsində təxminən 999 milyard dollar xərcləyib. Müqayisə üçün Böyük Britaniyanın xərcləri 90,5 milyard, Fransanın 66,5 milyard, İtaliyanın 48,8 milyard, Polşanın isə 44,3 milyard dollar olub. Ağ Ev sahibi Donald Tramp məhz bu rəqəmləri misal göstərərək, ABŞ vergi ödəyicilərinin Avropanın təhlükəsizliyini maliyyələşdirməsinin artıq qəbuledilməz olduğunu vurğulayıb. Onu da nəzərə almaq lazımdır ki, Ağ Ev sahibinin NATO və Avropa Birliyinə qarşı belə sərt ritorikası qətiyyən təsadüfi deyil. Belə ki, prezident Donald Tramp hakimiyyətə qayıdışından sonra Ağ Evin NATO siyasətində əsas prioriteti Avropa dövlətlərini daha böyük maliyyə və hərbi məsuliyyət götürməyə məcbur etməkdən ibarətdir. Ağ Evdə hesab edirlər ki, Rusiya ilə hərbi qarşıdurmanın əsas yükü məhz Avropa ölkələrinin üzərində olmalıdır. ABŞ isə yalnız strateji nüvə çəkindiriciliyinə, yüksək texnologiyalara və qlobal hərbi balansın qorunmasına fokuslanmalıdır. Ağ Evin bu yanaşma tərzini ABŞ-ın NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker də təsdiqləyib. O, bildirib ki, NATO-nun Ankara sammitində müttəfiqlər ötən il qəbul edilmiş öhdəliklərin icrası barədə ilk hesabatı təqdim edəcəklər. ABŞ alyansa bütün üzv dövlətlərdən müdafiə xərclərini ÜDM-in ən azı 5 faizi səviyyəsinə çatdırmağı gözləyir. Metyu Uitaker vurğulayıb ki, ABŞ artıq bu göstəricini üstələyir. Və Avropa ölkələri də "qoca qitə"nin müdafiə sisteminə görə əsas maliyyə məsuliyyətini öz üzərinə götürməlidir. Bütün bunlardan belə anlaşılır ki, əslində, Ağ Evin məqsədi ABŞ-ın NATO-dan uzaqlaşdırılması deyil. Əksinə, ABŞ-ın əsas məqsədi bu hərbi-siyasi alyans daxilində məsuliyyət yükünün yenidən bölüşdürülməsinə nail olmaqdır. Çünki ABŞ Çinlə qlobal rəqabəti daha prioritet hesab etdiyindən Avropadakı hərbi resurslarının bir hissəsini Hind-Sakit okean istiqamətinə yönəltmək istəyir. Və bu isə Avropa dövlətlərinin həm hərbi büdcələrini artırmasını, həm də silah istehsalını sürətləndirməsini zəruri edir. Məhz ona görə son aylarda Almaniya, Polşa, Fransa və Böyük Britaniya məcbur qalaraq, öz tarixlərinin ən böyük silahlanma proqramlarını həyata keçirməyə başlayıblar. Eyni zamanda, Avropa Birliyi də müdafiə sənayesinin genişləndirilməsi, sursat istehsalının artırılması və ortaq hərbi layihələrin maliyyələşdirilməsi istiqamətində yeni mexanizmlər hazırlayır. Digər tərəfdən, ABŞ prezidenti Donald Trampın NATO-ya qarşı sərt bəyanatları bu hərbi-alyans daxilində siyasi gərginliyi də ciddi şəkildə artırır. Çünki bir sıra Avropa ölkələri ABŞ-ın təhlükəsizlik zəmanətlərinin yaxın gələcəkdə "qoca qitə" üçün əvvəlki qədər etibarlı olub-olmayacağı ilə bağlı narahatdırlar. Və bu səbəbdən də, Avropa ölkələri hərbi-strateji muxtariyyət ideyasını daha fəal şəkildə gündəmə gətirir.Bütün bunlarla yanaşı, Avropa ordularının ABŞ-ın hərbi imkanlarını qısa müddətdə əvəz edə biləcəyi hələlik o qədər də real görünmür. Üstəlik, Rusiya da ABŞ, NATO və Avropa Birliyi arasındakı bu prosesləri çox diqqətlə izləyir. Kremldə hesab edirlər ki, NATO daxilində maliyyə problemləri və siyasi fikir ayrılıqları bu hərbi-siyasi alyansın birliyini ciddi şəkildə zəiflədə bilər. Digər tərəfdən, Avropa ölkələrinin öz müdafiə xərclərini rekord səviyyədə artması Rusiyanın təhlükəsizlik hesablamalarını da dəyişdirir. Bütün bunlar isə öz növbəsində ABŞ və Qərb ilə Rusiya arasında yeni silahlanma yarışını daha da sürətləndirə bilər. Yəni, ABŞ prezidenti Donald Trampın NATO-ya qarşı sərt bəyanatları əslində, yalnız tərəflər arasında maliyyə mübahisəsi deyil. Çünki ABŞ qlobal strategiyasının ciddi şəkildə dəyişir və Avropa məkanına daha çox hərbi-siyasi məsuliyyət ötürmək istəyir. Göründüyü kimi, bu ziddiyyətləri həm də NATO-nun gələcək strukturunun yenidən formalaşdırılması prosesinin tərkib hissəsi də hesab etmək olar. Ona görə də, NATO-nun növbəti sammitində Avropa ölkələrinin Ağ Ev tərəfindən irəli sürülən 5 faizlik müdafiə xərcləri tələbini nə dərəcədə qəbul edəcəyi böyük ölçüdə aydınlaşa bilər. Və bu baxımdan, "qoca qitə" dövlətlərinin ABŞ-ın üzərindən təhlükəsizlik yükünün əhəmiyyətli hissəsini götürməyə hazır olub-olmayacağı da tezliklə məlum olacaq.musavat.com Geri dön |