Ana Sayfa > Ölkə > Əsas sual budur: Uşaqları təhlükədən necə qoruyaq?
Əsas sual budur: Uşaqları təhlükədən necə qoruyaq?Bu gün, 14:53. Yazar: vasif |
![]() “Cəmiyyət inkişaf etdikcə yenilənən təkcə texnologiyalar olmur. Dəyişən həm də insanın yaşadığı mühit, təhlükəsizlik anlayışı və dövlətin üzərinə düşən məsuliyyətdir. Bir vaxtlar uşaqların təhlükəsizliyi dedikdə məktəb, küçə və ya ictimai yerlər nəzərdə tutulurdusa, bu gün həmin siyahıya daha bir məkan da əlavə olunub. Bu rəqəmsal mühitdir”. Bunu açıqlamasında Milli Məclisin deputatı Sevinc Fətəliyeva deyib. Onun fikrincə, bu günün uşaqları internetlə tanış olmurlar – onlar internetin içində böyüyürlər. Deputat planşet, smartfon, sosial şəbəkələr və müxtəlif rəqəmsal platformaların artıq balacaların gündəlik həyatının ayrılmaz hissəsinə çevrildiyini söyləyib: “Onların dostluqları, maraqları, əyləncələri, hətta dünyagörüşü getdikcə daha çox virtual məkanda formalaşır. Məhz buna görə də uşaqların təhlükəsizliyi anlayışı artıq yalnız fiziki təhlükələrlə məhdudlaşmır. Rəqəmsal təhlükəsizlik də ən azı fiziki təhlükəsizlik qədər vacib məsələyə çevrilib. Bu reallıq isə qanunvericiliyin də dəyişməsini zəruri edir”. Milli Məclisin üzvü bildirib ki, bəzən sosial şəbəkələrlə bağlı qanunvericiliyə edilən dəyişikliklər yalnız “məhdudiyyət” və ya “qadağa” prizmasından qiymətləndirilir. Halbuki məsələnin mahiyyəti tamamilə fərqlidir. Söhbət sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmaqdan deyil, uşaqların yeni təhlükələr qarşısında daha etibarlı müdafiəsini təmin etməkdən gedir. Çünki təhlükələrin xarakteri dəyişib: “Əgər əvvəllər valideyn övladını küçədə qarşılaşa biləcəyi risklərdən qorumağa çalışırdısa, bu gün həmin risklərin əhəmiyyətli hissəsi artıq mobil telefon ekranında meydana çıxır. Kiberzorakılıq, onlayn təhqirlər, psixoloji manipulyasiya, təhlükəli çağırışlar, yaşa uyğun olmayan məzmun, şəxsi məlumatların qanunsuz yayılması, internet fırıldaqçılığı və rəqəmsal asılılıq müasir dövrün ən ciddi problemləri sırasındadır. Ən təhlükəlisi isə odur ki, bu risklərin böyük hissəsi görünmür”. Sevinc Fətəliyevanın sözlərinə görə, valideyn övladının evdə olduğunu görür və təbii olaraq onun təhlükəsiz şəraitdə olduğunu düşünür. Onun qənaətinə görə. halbuki həmin anda uşaq sosial şəbəkələr vasitəsilə psixoloji təzyiqə məruz qala, yad şəxslərlə ünsiyyət qura, təhlükəli çağırışların təsiri altına düşə və ya alqoritmlərin təklif etdiyi zərərli məzmunla qarşılaşa bilər: “Bu gün təhlükə artıq evin qapısından içəri girmək məcburiyyətində deyil. Onlar internet bağlantısı olan istənilən cihaz vasitəsilə uşağın qarşısına çıxa bilir. Buna görə də dövlətin uşaqları qorumaqla bağlı məsuliyyəti də yeni məzmun qazanır”. Deputat deyib ki, əslində, sosial şəbəkələrlə bağlı qanunvericilik dəyişikliklərinin fəlsəfəsi də məhz bundan ibarətdir. Onun sözlərinə görə, məqsəd internetdən istifadəni məhdudlaşdırmaq deyil, rəqəmsal məkanda uşaqların hüquqlarını qorumaq, onların sağlam psixoloji inkişafı üçün daha təhlükəsiz mühit formalaşdırmaq və yeni risklərə uyğun hüquqi mexanizmlər yaratmaqdır: “Burada diqqət çəkən başqa bir mühüm məqam isə sosial şəbəkələrin artıq sadəcə ünsiyyət vasitəsi olmamasıdır” -, deyən S.Fətəliyeva əlavə edib ki, bu platformalar informasiyanın ötürücüsü olmaqdan çıxaraq davranış formalaşdıran sistemlərə çevriliblər. Deputat qeyd edib ki, hansı videonun izləniləcəyi, hansı xəbərin oxunacağı, hansı mövzunun gündəmdə olacağı çox zaman istifadəçinin seçimindən deyil, alqoritmlərin qərarından asılı olur: “Yetkin insan üçün belə təsir ciddi nəticələr doğura bildiyi halda, şəxsiyyəti və dəyərləri hələ formalaşmaqda olan uşaqlar üçün bu təsir daha həssas xarakter daşıyır. Bu səbəbdən də bu gün müzakirə olunan əsas məsələ ifadə azadlığı ilə təhlükəsizlik arasında seçim etmək deyil”. Onun fikrincə, əsas məsələ rəqəmsal azadlıqla rəqəmsal məsuliyyət arasında düzgün tarazlığı müəyyənləşdirməkdir: “Azadlıq məsuliyyət olmadan davamlı ola bilməz. Bu prinsip həm dövlətə, həm valideynlərə, həm də rəqəmsal platformalara eyni dərəcədə aiddir”. Milli Məclisin üzvü onu da vurğulayıb ki, son illər dünyanın aparıcı ölkələrində sosial şəbəkələrin fəaliyyətinin hüquqi tənzimlənməsi istiqamətində atılan addımlar da məhz bu yanaşmaya əsaslanır: “Artıq heç bir dövlət uşaqların rəqəmsal təhlükəsizliyi məsələsini yalnız ailələrin problemi kimi qəbul etmir. Bu məsələ ictimai təhlükəsizlik, təhsil, psixoloji sağlamlıq və insan hüquqlarının qorunmasının ayrılmaz tərkib hissəsinə çevrilib. Lakin burada qanunvericiliyin rolu qədər valideyn məsuliyyəti də vacibdir”. Sevinc Fətəliyeva qeyd edib ki, heç bir qanun ailədaxili ünsiyyəti, etimadı və diqqəti əvəz edə bilməz: “Uşağın rəqəmsal dünyada necə davranacağını ilk növbədə ailədə qazandığı dəyərlər müəyyən edir. Valideyn nəzarəti yalnız ekran vaxtını məhdudlaşdırmaq deyil, övladla açıq dialoq qurmaq, onun rəqəmsal mühitdə qarşılaşdığı riskləri birlikdə müzakirə etmək və təhlükəsiz davranış vərdişləri formalaşdırmaq deməkdir. Müasir dövrdə rəqəmsal savadlılıq artıq yalnız texnologiyadan istifadə bacarığı deyil. Bu, informasiya təhlükəsizliyini dərk etmək, manipulyasiyanı ayırd etmək, şəxsi məlumatları qorumaq və virtual mühitdə məsuliyyətli davranmaq mədəniyyətidir. Məhz buna görə sosial şəbəkələrlə bağlı qanunvericiliyə edilən dəyişikliklərə yalnız hüquqi yenilik kimi baxmaq düzgün olmazdı. Bu dəyişikliklər cəmiyyətin yeni reallığa uyğunlaşmasının tərkib hissəsidir. Əslində, əsas sual sosial şəbəkələrin fəaliyyətini məhdudlaşdırmaq deyil. Əsas sual ondan ibarətdir ki, texnologiyalar sürətlə inkişaf etdiyi bir dövrdə uşaqların təhlükəsizliyini necə təmin etmək, onların inkişaf imkanlarını qorumaq və eyni zamanda rəqəmsal dünyanın yaratdığı riskləri minimuma endirmək mümkündür. Bu baxımdan, qanunvericiliyə edilən dəyişikliklər gələcəyin cəmiyyətinə yönəlmiş addım kimi qiymətləndirilməlidir. Çünki uşaqların təhlükəsizliyi yalnız bu günün deyil, sabahın da məsuliyyətidir. Rəqəmsal mühit nə qədər sürətlə dəyişirsə, onu tənzimləyən hüquqi və ictimai yanaşmalar da bir o qədər çevik olmalıdır. Məhz belə olduqda texnologiyalar təhlükə mənbəyinə deyil, uşaqların inkişafına xidmət edən təhlükəsiz və faydalı imkanlara çevrilə bilər”. Geri dön |