Ana Sayfa > Manşet / Siyasət / Özəl > Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni əməkdaşlıq mərhələsi

Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni əməkdaşlıq mərhələsi


Bu gün, 13:17. Yazar: azer
Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni əməkdaşlıq mərhələsi

2026-cı il iyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevin verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin strateji xarakterini və əməkdaşlığın gələcək inkişaf perspektivlərini bir daha nümayiş etdirdi. Dövlət başçısı çıxışında ticarət, enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya əlaqələri və regional əməkdaşlıq məsələlərinə toxunaraq, Azərbaycanın Avropa üçün etibarlı tərəfdaş kimi artan rolunu diqqətə çatdırdı.

Bu fikirləri aia.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Prezident İlham Əliyev çıxışında Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu vurğulayıb. Azərbaycanın xarici ticarət dövriyyəsinin 40 faizdən çoxu Avropa İttifaqına üzv dövlətlərlə həyata keçirilir. Eyni zamanda, Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz üzrə ən böyük ticarət tərəfdaşı olmaqla, regionun Avropa ilə ümumi ticarət dövriyyəsinin təxminən 70 faizini təmin edir. Bu göstəricilər ölkəmizin beynəlxalq iqtisadi münasibətlər sistemində mühüm mövqeyə malik olduğunu və Avropa bazarları ilə qarşılıqlı faydalı əməkdaşlığın dinamik şəkildə inkişaf etdiyini təsdiqləyir.

Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərin əsas istiqamətlərindən biri enerji sahəsində əməkdaşlıqdır. Prezident İlham Əliyev xatırlatdı ki, dörd il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu bu əməkdaşlığın yeni mərhələsini formalaşdırmışdır. Həmin sənədin imzalanmasından sonra Azərbaycanın Avropa İttifaqına üzv dövlətlərə təbii qaz ixracı təxminən 65 faiz artmışdır. Hazırda Azərbaycanın qaz ixracının yarısı Avropa İttifaqı ölkələrinə yönəldilir və artıq Birliyin 10 üzv dövləti Azərbaycan qazı ilə təmin olunur. Mövcud infrastruktur və qarşılıqlı maraqlar bu coğrafiyanın gələcəkdə daha da genişlənməsi üçün əlverişli zəmin yaradır.

Dövlət başçısı enerji təhlükəsizliyinin müasir dövrdə hər bir ölkənin milli təhlükəsizliyinin ayrılmaz tərkib hissəsinə çevrildiyini xüsusi vurğuladı. Azərbaycanın bu sahədə əldə etdiyi uğurlar uzunmüddətli siyasi iradənin, məqsədyönlü diplomatik fəaliyyətin və iri həcmli investisiyaların nəticəsidir. Məhz bu siyasət nəticəsində ölkəmiz neft və qaz ehtiyatlarının dünya bazarlarına etibarlı şəkildə çatdırılması üçün müasir enerji infrastrukturu formalaşdırmışdır.

Bu baxımdan Cənub Qaz Dəhlizi Azərbaycanın təşəbbüsü ilə reallaşdırılmış ən mühüm beynəlxalq enerji layihələrindən biridir. Təxminən 3500 kilometrlik vahid boru kəməri sistemi bu gün Xəzər hövzəsinin enerji ehtiyatlarının Avropa bazarına təhlükəsiz və fasiləsiz nəqlini təmin edən əsas enerji arteriyası kimi çıxış edir. Layihə yalnız enerji mənbələrinin şaxələndirilməsinə deyil, həm də Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsinə mühüm töhfə verir.
Prezident İlham Əliyev çıxışında nəqliyyat və bağlantı məsələlərinin də Azərbaycan–Avropa İttifaqı əməkdaşlığının prioritet istiqamətlərindən biri olduğunu qeyd etdi. Azərbaycan uzun illərdir ki, regional nəqliyyat-kommunikasiya layihələrinin fəal təşəbbüskarı və iştirakçısı kimi çıxış edir. Şərq–Qərb və Şimal–Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin ölkəmizdən keçməsi Azərbaycanın Avrasiya məkanında mühüm logistik mərkəz kimi mövqeyini daha da möhkəmləndirib. Qonşu dövlətlərlə və daha geniş region ölkələri ilə qurulan qarşılıqlı etimada əsaslanan münasibətlər çoxtərəfli əməkdaşlığın inkişafına və bütün iştirakçılar üçün iqtisadi fayda yaradan yeni imkanların formalaşmasına şərait yaradır.

Dövlət başçısının qeyd etdiyi kimi, hazırda Azərbaycandan keçən tranzit yüklərin həcmi bütün istiqamətlər üzrə artmaqdadır. Bu dinamika ölkəmizin tranzit potensialına olan beynəlxalq etimadın göstəricisidir. Azərbaycan son illərdə dəniz limanlarının, dəmir yolu şəbəkəsinin və digər nəqliyyat infrastrukturunun modernləşdirilməsinə böyük həcmdə investisiyalar yatırıb və bu proses ardıcıl şəkildə davam etdirilir. Yeni geosiyasi reallıqlar beynəlxalq ticarət marşrutlarının əhəmiyyətini daha da artırdığından, nəqliyyat infrastrukturunun genişləndirilməsi və yükdaşıma imkanlarının artırılması strateji zərurət kimi qiymətləndirilir. Azərbaycan bu istiqamətdə həyata keçirdiyi layihələri planlı şəkildə və öz maliyyə imkanlarına uyğun olaraq davam etdirir.

Prezident İlham Əliyevin bəyanatı bir daha göstərdi ki, Azərbaycan Avropa İttifaqı üçün yalnız etibarlı enerji təchizatçısı deyil, həm də mühüm ticarət, nəqliyyat və logistika tərəfdaşıdır. Qarşılıqlı etimada, strateji maraqlara və uzunmüddətli əməkdaşlıq prinsiplərinə əsaslanan Azərbaycan–Avropa İttifaqı münasibətləri yeni mərhələdə daha da dərinləşərək həm regional sabitliyin möhkəmlənməsinə, həm də Avrasiyanın enerji və nəqliyyat təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verməyə davam edəcək.
Geri dön