Ana Sayfa > Manşet / Siyasət > Göydəniz Qəhrəmanov: "Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı və öhdəliklərinə sadiq tərəfdaşdır"
Göydəniz Qəhrəmanov: "Azərbaycan beynəlxalq münasibətlər sistemində etibarlı və öhdəliklərinə sadiq tərəfdaşdır"Dünən, 23:17. Yazar: azer |
![]() “Azərbaycan ilə Avropa Komissiyası arasında münasibətlərin son dövrdə müşahidə olunan inkişaf dinamikası ölkəmizin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasətin və etibarlı tərəfdaş imicinin növbəti təsdiqidir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri zamanı aparılan müzakirələr göstərdi ki, tərəflər arasında əməkdaşlıq artıq ayrı-ayrı sahələri deyil, strateji xarakter daşıyan geniş gündəliyi əhatə edir. Son aylarda Avropa İttifaqının yüksək səviyyəli rəsmilərinin ardıcıl şəkildə Azərbaycana səfər etməsi də münasibətlərin yeni mərhələyə yüksəldiyini nümayiş etdirir. Bu dinamikanın əsas səbəblərindən biri Azərbaycanın beynəlxalq münasibətlər sistemində etibarlı və öhdəliklərinə sadiq tərəfdaş kimi qazandığı nüfuzdur. Qarşılıqlı hörmət və bərabərhüquqlu əməkdaşlıq prinsipləri üzərində qurulan münasibətlər həm Bakı, həm də Brüssel üçün yeni imkanlar yaradır. Geniş gündəliyin formalaşması göstərir ki, artıq əlaqələr yalnız mövcud layihələrin icrası ilə məhdudlaşmır, gələcək strateji əməkdaşlığın konturları da müəyyən edilir.” Bu ifadələr millət vəkili Göydəniz Qəhrəmanovun mətbuata açıqlamasında yer alıb. Fikirlərini davam etdirən deputat bildirib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında iqtisadi əlaqələrin möhkəm təmələ söykənməsi bu prosesin ən mühüm amillərindən biridir: “Ticarət dövriyyəsinin əhəmiyyətli hissəsinin Avropa İttifaqı ölkələrinin payına düşməsi, eyni zamanda Azərbaycanın Cənubi Qafqazda Avropa İttifaqının əsas ticarət tərəfdaşı kimi çıxış etməsi ölkəmizin regional iqtisadi mərkəz rolunu daha da gücləndirir. Bu göstəricilər təsadüfi deyil. Ölkəmizdə əlverişli investisiya mühiti və nəqliyyat-logistika imkanlarının genişləndirilməsi Azərbaycanın beynəlxalq ticarətdə mövqelərini möhkəmləndirib. Əməkdaşlığın əsas sütunlarından biri isə enerji sahəsidir. Azərbaycan uzun illərdir ki, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına real töhfə verir. Strateji Tərəfdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanmasından sonra Avropa bazarına qaz ixracının əhəmiyyətli dərəcədə artması Azərbaycanın üzərinə götürdüyü öhdəlikləri uğurla yerinə yetirdiyini göstərir. Bu gün Avropa İttifaqının on üzv dövlətinin Azərbaycan qazından istifadə etməsi ölkəmizin enerji diplomatiyasının uğurunu nümayiş etdirir və gələcəkdə bu coğrafiyanın genişlənməsi üçün də ciddi potensial mövcuddur. Bununla yanaşı, Azərbaycan artıq ənənəvi enerji ixracatçısından yaşıl enerji tərəfdaşına çevrilmək istiqamətində mühüm addımlar atır. Günəş və külək enerjisi sahəsində imzalanmış müqavilələr yaxın illərdə ölkənin enerji balansında keyfiyyətcə yeni mərhələ yaradacaq. Bu layihələr yalnız daxili tələbatın ödənilməsinə deyil, gələcəkdə yaşıl enerjinin də beynəlxalq bazarlara çıxarılmasına xidmət edəcək. Beləliklə, Azərbaycan Avropa ilə əməkdaşlığını yeni enerji texnologiyaları və dayanıqlı inkişaf prinsipləri üzərində daha da genişləndirmək niyyətini nümayiş etdirir. Bütün bunlar göstərir ki, Azərbaycan–Avropa Komissiyası münasibətləri artıq yalnız cari maraqlara söykənən əməkdaşlıq modeli deyil. Qarşılıqlı etimad, iqtisadi əlagələr, enerji təhlükəsizliyi və yaşıl inkişaf istiqamətində ortaq baxışlar bu tərəfdaşlığı uzunmüddətli strateji əməkdaşlıq səviyyəsinə yüksəldir. Bu isə Azərbaycanın beynəlxalq nüfuzunun artmasının və ölkənin Avropa üçün etibarlı tərəfdaş kimi mövqeyinin daha da möhkəmlənməsinin mühüm göstəricisidir” – deyə Göydəniz Qəhrəmanov açıqlamasını başa çatdırıb Geri dön |