Ana Sayfa > Karusel / Manşet / Gündəm / Özəl / Seçilənlər-9 > Rəqəmsal tərəqqinin intellektual rəmzi:

Rəqəmsal tərəqqinin intellektual rəmzi:


Bu gün, 15:39. Yazar: Semsi
Rəqəmsal tərəqqinin intellektual rəmzi:


Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə heyətinin sədri


Müasir dünyada dövlətlərin gücü və beynəlxalq nüfuzu yalnız onların təbii resursları ilə deyil, mənimsədikləri texnoloji üstünlüklərlə, rəqəmsal ekosistemlərinin çevikliyi və süni intellekt əsrinin çağırışlarına uyğunlaşma sürəti ilə ölçülür. Bu gün qlobal miqyasda cərəyan edən dördüncü sənaye inqilabı idarəetmədən tutmuş gündəlik məişətə qədər hər bir sahənin rəqəmsal kodlar əsasında yenidən qurulmasını şərtləndirir. Dünyanın bu sürətli inkişaf ritmini qabaqcadan görən və ölkəmizin strateji hədəflərini qlobal trendlərlə daxili potensialın sintezi üzərində quran cənab Prezident İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycanı qətiyyətlə parlaq gələcəyə aparır. Cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən irimiqyaslı islahatlar iqtisadiyyatın şaxələndirilməsini, rəqəmsal suverenliyin təmin olunmasını və müasir texnologiyaların dövlət idarəçiliyinə dərindən inteqrasiyasını təmin edir. Cari ilin fevral ayında dövlət başçısının sədrliyi ilə keçirilən strateji müşavirə və onun ardınca təsdiqlənən “Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı” bu mütərəqqi yolun hüquqi və əməliyyat xəritəsidir. Bu siyasət Azərbaycanın dünya ilə eyni addımlarla irəliləməsinə, rəqəmsal sektorda özünəməxsus yeni idarəetmə arxitekturası yaratmasına geniş imkanlar açır.

Respublikamızda bu strateji xəttin praktiki müstəvidə reallaşdırılmasına, innovasiya ekosisteminin yaradılmasına və rəqəmsal inkişaf layihələrinin uğurla tətbiqinə bilavasitə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva rəhbərlik edir. Mehriban xanım Əliyevanın dərin dövlətçilik təfəkkürü, mütərəqqi dünyagörüşü və insan kapitalının inkişafına yönəlmiş ali humanist dəyərləri rəqəmsal transformasiya prosesinə xüsusi bir dinamizm və zəriflik qazandırır. Onun fəaliyyəti təkcə inzibati islahatları deyil, cəmiyyətin savadlılıq və kibergigiyena səviyyəsinin yüksəldilməsini, gənc nəslin ən müasir elmi biliklərə yiyələnməsini təmin edən genişmiqyaslı intellektual hərəkatı ehtiva edir. Birinci vitse-prezidentin rəhbərlik etdiyi layihələr Azərbaycanın intellektual potensialını hərəkətə gətirərək ölkəmizi regionun və dünyanın aparıcı innovasiya mərkəzlərindən birinə çevirmək məqsədi daşıyır.

Bu uzaqgörən rəhbərliyin və ali strateji koordinasiyanın növbəti əməliyyat addımı kimi, 2026-cı il iyunun 29-da Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf Şurasının ilk tarixi iclası keçirilmişdir. Şuranın sədri, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın sədrlik etdiyi bu mühüm iclasda üçillik Fəaliyyət Planının icra vəziyyəti, innovativ qanunvericilik islahatları və təhsilin rəqəmsallaşdırılması kimi strateji sahələr dərindən təhlil olunmuşdur. İclasda proqram xarakterli çıxış edən Mehriban xanım Əliyeva rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və startap mühitinin inkişafının Şuranın əsas prioritetləri olduğunu bəyan etmişdir. Süni intellektin qlobal miqyasda həm böyük imkanlar, həm də ciddi kibertəhlükələr yaratdığını vurğulayan Şura sədri, milli informasiya təhlükəsizliyinin qorunmasının vacibliyini xüsusi qeyd etmişdir. Mehriban xanımın: “Biz beynəlxalq təcrübəni öyrənməliyik, lakin bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına cavab verən amillərə əsasən qəbul olunmalıdır” tezisi, ölkəmizin rəqəmsal müstəqilliyinin və milli dövlətçilik prinsiplərinin qətiyyətli təzahürüdür. İclasda aidiyyəti dövlət qurumlarının rəhbərləri və məsul şəxsləri tərəfindən rəqəmsal transformasiya, hüquqi islahatlar və təhsil sisteminin rəqəmsal yenilənməsi istiqamətində görülmüş işlərə dair ətraflı hesabatlar təqdim olunmuş, dövlət orqanları arasında vahid koordinasiyanın gücləndirilməsi və qarşıda duran vəzifələrin operativ icrası istiqamətində mühüm qərarlar qəbul edilmişdir.

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bilavasitə rəhbərliyi və nəzarəti altında rəqəmsal inkişaf sahəsində genişmiqyaslı praktiki işlər həyata keçirilir. Vətəndaşlara təqdim olunan xidmətlərdə pərakəndəliyi aradan qaldırmaq, bürokratik maneələri və vətəndaş-məmur təmasını sıfıra endirmək məqsədilə rəqəmsal dövlət xidmətləri “mygov”, sahibkarlıq subyektləri üçün isə “mygov Biznes” platformalarında mərkəzləşdirilir. Görülən işlərin səmərəliliyi sayəsində son 3 ayda “mygov” istifadəçilərinin sayı 30 faiz artaraq 3,5 milyona çatmışdır. Artıq "e-Sosial", "e-Təbib", "e-Su" kimi tətbiqlər sistemə tam inteqrasiya olunmuş, sürücülük vəsiqəsinin dəyişdirilməsi, tərcümə və notariat sənədlərinin təsdiqi, ali və məktəbəqədər təhsil müəssisələrinə qəbul tam onlayn formaya keçirilmişdir. "Yalnız bir dəfə" prinsipinin tətbiqi və proaktiv xidmətlərin payının 50 faizə çatdırılması hədəfi çərçivəsində yaşa görə pensiya təyinatı tam avtomatlaşdırılmışdır; uşağın doğulmasına görə birdəfəlik müavinətlərin verilməsi, sənədlərin etibarlılıq müddətinin bitməsi haqqında bildirişlər və hərbi çağırışlar da yaxın zamanda proaktiv qaydada reallaşacaqdır. Datanın tamlığını təmin etmək üçün mərkəzləşdirilmiş Dövlət Məlumat Hövzəsi (data lake) qurulur.

İnnovasiya ekosistemini canlandırmaq məqsədilə 34 qanun və çoxsaylı normativ aktları əhatə edən əhatəli qanunvericilik islahat paketi hazırlanmışdır. Bu islahat çərçivəsində İT şirkətlərinə 20 illik vergi güzəştləri, mütəxəssislərə 0 faiz gəlir vergisi, SAFE və Convertible Note kimi müasir investisiya alətlərinin qanuniləşdirilməsi, R&D xərclərinin təşviqi və ölkəyə əcnəbi beyinləri cəlb edəcək “Rəqəmsal səyyah” (Digital Nomad) vizasının tətbiqi nəzərdə tutulur. Süni intellektin dövlət idarəçiliyinə inteqrasiyası istiqamətində cari ildə 13 mühüm həll, o cümlədən 24/7 rejimində işləyən virtual vətəndaş köməkçisi istismara verilir, milli hesablama gücü üçün 64 qrafik prosessorun (GPU) quraşdırılması yekunlaşır və "Tənzimləyici test mühiti" (Regulatory Sandbox) yaradılır. Kibertəhlükəsizlik sahəsində isə Milli Kibertəhlükəsizlik Agentliyi, həmçinin onun nəzdində SOC və CERT strukturları formalaşdırılaraq kritik infrastrukturun mühafizəsi gücləndirilir. Mehriban xanımın xüsusi qayğısı ilə təhsil sistemində kompüterləşmə nisbəti 6:1-ə endirilmiş, 900 min istifadəçili "Rəqəmsal məktəb", həmçinin 800 mindən çox şagirdi əhatə edən "Rəqəmsal bacarıqlar" və "STEAM Azərbaycan" layihələri ilə gələcəyin yüksək texnoloji insan kapitalı yetişdirilməkdədir.

Sonda qeyd etmək zəruridir ki, dövlət başçısı cənab İlham Əliyevin böyük dövlətçilik iradəsi, uzaqgörən daxili və xarici siyasəti sayəsində Azərbaycan rəqəmsal əsrin çağırışlarına tam hazır, qüdrətli və dinamik bir dövlət kimi inkişaf edir. Cənab Prezidentin rəqəmsal transformasiyanı milli prioritet elan etməsi və bu sahədə qətiyyətli islahatlara rəvac verməsi ölkəmizin həm iqtisadi müstəqilliyini, həm də beynəlxalq reytinqlərdəki mövqeyini davamlı olaraq yüksəldir.

Eyni zamanda, bu mütərəqqi siyasətin rəqəmsal sahədəki icra mexanizmlərinə, eləcə də intellektual quruculuq işlərinə birbaşa rəhbərlik edən Birinci vitse-prezident Mehriban xanım Əliyevanın fəaliyyəti hər cür təqdirə və ehtirama layiqdir. Onun rəhbərliyi ilə həyata keçirilən layihələr rəqəmsal dövlət xidmətlərini vətəndaş məmnuniyyətinin ali rəmzinə çevirmiş, milli təhsil sistemini və gənc nəslin rəqəmsal təfəkkürünü tamamilə yeniləmişdir. Azərbaycanın rəqəmsal suverenliyini, innovasiya ekosistemini və milli maraqlara əsaslanan texnoloji inkişafını təmin edən bu birgə fəaliyyət xalqımızın rifahına və dövlətimizin sarsılmaz gələcəyinə xidmət edən ən böyük milli töhfədir.


Geri dön