Ana Sayfa > Manşet / Siyasət > Etibarlı tərəfdaşlıqdan çoxşaxəli əməkdaşlığa

Etibarlı tərəfdaşlıqdan çoxşaxəli əməkdaşlığa


Bu gün, 15:26. Yazar: azer
Etibarlı tərəfdaşlıqdan çoxşaxəli əməkdaşlığa

İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin ölkəmizə səfəri və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüş iki tərəf arasında münasibətlərin yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bir daha nümayiş etdirir. Görüşdən sonra dövlətimizin başçısının mətbuata verdiyi bəyanat təsdiqləyir ki, Avropa Komissiyası ilə əməkdaşlıq siyasi dialoqdan iqtisadi əlaqələrə, enerji təhlükəsizliyindən yaşıl keçidə, nəqliyyat-logistika imkanlarından regional təhlükəsizliyə qədər geniş strateji gündəliyi əhatə edir.

Müasir beynəlxalq münasibətlər sistemində qarşılıqlı etimad, etibarlı tərəfdaşlıq və uzunmüddətli əməkdaşlıq xüsusi əhəmiyyət daşıyır. Məhz bu baxımdan keçirilən görüşlər həm Avropa ilə münasibətlərin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən, həm də Cənubi Qafqazın gələcək geosiyasi mənzərəsinə təsir göstərə biləcək mühüm siyasi hadisə kimi dəyərləndirilir.

Son aylar ərzində Avropa İttifaqının ali rəhbərliyinin ölkəmizə ardıcıl səfərləri münasibətlərin yüksək inkişaf tempini nümayiş etdirir. Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koştanın, Avropa diplomatiyasının rəhbəri Kaya Kallasın və nəhayət, Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin səfərləri siyasi dialoqun davamlı və sistemli xarakter aldığını təsdiqləyir. Tərəflər əməkdaşlığı daha da genişləndirmək və qarşılıqlı maraqlar əsasında yeni təşəbbüslər həyata keçirmək niyyətindədirlər. Prezident İlham Əliyevin vurğuladığı kimi, əməkdaşlığımızı genişləndirmək və tərəfdaşlığımızı gücləndirmək məqsədilə hər iki tərəfin qarşılıqlı iradəsini əks etdirən münasibətlərimizdə görünməmiş dinamika müşahidə olunur.

Bəyanatda iqtisadi əməkdaşlığın hazırkı səviyyəsinə xüsusi diqqət yetirilib. Prezident İlham Əliyev bildirib ki, ticarətimizin 40 faizdən çoxu üzv dövlətlərlə aparılır və Azərbaycan Avropa İttifaqı üçün Cənubi Qafqazda əsas ticarət tərəfdaşıdır. Eyni zamanda, Avropa İttifaqının Cənubi Qafqaz üzrə ticarət dövriyyəsinin təxminən 70 faizinin Azərbaycanla aparılması respublikanın regionun iqtisadi mərkəzi kimi rolunu daha da gücləndirir. Bu nəticə həyata keçirilən iqtisadi islahatların, şəffaf biznes mühitinin və beynəlxalq investorlar üçün yaradılmış əlverişli imkanların məntiqi davamıdır.

Prezident İlham Əliyevin çıxışında enerji məsələləri mövzusuna da toxunub. Dörd il əvvəl imzalanmış enerji sahəsində Strateji Tərəfdaşlıq Haqqında Anlaşma Memorandumu artıq mühüm nəticələr verib. Bu müddət ərzində Avropa İttifaqı ölkələrinə təbii qaz ixracı təxminən 65 faiz artıb. Hazırda ixrac olunan qazın yarısı Avropa bazarına çatdırılır və 10 Avropa dövləti bu resursdan istifadə edir. Bu göstəricilər enerji sahəsində əməkdaşlığın davamlı və uzunmüddətli xarakter daşıdığını göstərir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bu gün hər ölkə üçün enerji təhlükəsizliyi milli təhlükəsizliyin ən mühüm amilidir. Uzun illər ərzində yaradılmış infrastruktur hazırda Avropanın enerji təminatında mühüm rol oynayır.

Dövlətimizin başçısı Cənub Qaz Dəhlizini ümumi fəaliyyətimizin gözəl nümunəsi kimi dəyərləndirib. Təxminən 3500 kilometr uzunluğa malik vahid boru kəməri sistemi Xəzər hövzəsinin enerji ehtiyatlarını Avropa bazarına təhlükəsiz şəkildə çatdırır. Bu layihə enerji təhlükəsizliyinin təmin olunması ilə yanaşı, iştirakçı dövlətlər arasında qarşılıqlı etimadı və iqtisadi əməkdaşlığı da möhkəmləndirir. Qlobal enerji bazarında baş verən dəyişikliklər fonunda Cənub Qaz Dəhlizinin strateji əhəmiyyəti daha da artır.

Prezident İlham Əliyev, həmçinin beynəlxalq nəqliyyat marşrutlarının inkişafı ilə bağlı məsələyə toxunub. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin üzərində yerləşən Azərbaycan son illərdə bu istiqamətdə böyük həcmdə infrastruktur layihələri həyata keçirib. Dəmir yollarının yenilənməsi, avtomobil magistrallarının tikilməsi, dəniz limanlarının genişləndirilməsi və logistika mərkəzlərinin yaradılması nəticəsində tranzit imkanları əhəmiyyətli dərəcədə artıb. Dövlətimizin başçısının qeyd etdiyi kimi, yeni geosiyasi vəziyyətə gəldikdə görürük ki, ticarət üçün dəniz limanlarımızın, dəmir yolu infrastrukturunun imkanlarının genişləndirilməsinə ehtiyac duyulur. Bu siyasət Azərbaycanın Avrasiya məkanının əsas nəqliyyat və logistika mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir.

Prezident İlham Əliyev bəyanatında yaşıl enerji sahəsində mövcud potensialı da geniş şəkildə təqdim edib. Xarici və yerli şirkətlərlə imzalanmış müqavilələr yaxın beş-altı il ərzində 8 giqavat həcmində Günəş və külək enerjisi istehsal etməyə imkan verəcək. Bu layihələr daxili enerji istehsalının şaxələndirilməsi ilə yanaşı, gələcəkdə Avropaya yaşıl enerji ixracı üçün də yeni imkanlar yaradacaq. Beləliklə, enerji əməkdaşlığı ənənəvi resurslarla yanaşı, bərpaolunan enerji sahəsində də yeni mərhələyə daxil olur.

Prezident İlham Əliyev Avropa Komissiyasının Prezidenti ilə regional təhlükəsizlik və Ermənistanla normallaşma prosesini də geniş müzakirə etdiklərini bildirib. Dövlət başçısı ötən il Vaşinqtonda imzalanmış Birgə Bəyannaməni xatırladaraq qeyd edib ki, de-fakto sülh qurulub və biz faydasını görürük. Bu reallığın möhkəmləndirilməsi məqsədilə Azərbaycan bir sıra praktik addımlar atıb. Ermənistan istiqamətində yük tranzitinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması və enerji məhsullarının çatdırılması qarşılıqlı etimadın gücləndirilməsinə yönəlmiş addımlar kimi qiymətləndirilir. Prezident İlham Əliyevin vurğuladığı kimi, sülhü təkcə kağız üzərində deyil, gündəlik həyatda hiss etdiyimizi nümayiş etdirmək üçün bir çox birtərəfli addımlar atdıq.

Qarşılıqlı əməkdaşlıq nəticəsində Cənubi Qafqazın münaqişələrdən uzaq, iqtisadi inteqrasiya və tərəfdaşlıq məkanına çevrilməsi üçün yeni imkanlar yaranır. Sabitliyin möhkəmlənməsi nəqliyyat layihələrinin inkişafına, enerji əməkdaşlığının genişlənməsinə və yeni investisiyaların cəlb olunmasına da müsbət təsir göstərəcək. Avropa Komissiyası ilə münasibətlər yeni strateji mərhələyə daxil olub. Siyasi dialoqun intensivləşməsi, iqtisadi əlaqələrin genişlənməsi, enerji və yaşıl enerji sahələrində əməkdaşlığın dərinləşməsi, beynəlxalq nəqliyyat marşrutlarının inkişafı və regional sülh prosesinə verilən dəstək bu tərəfdaşlığın çoxşaxəli və uzunmüddətli xarakter daşıdığını təsdiqləyir.

Mövcud əməkdaşlıq modeli həm də Avropanın enerji təhlükəsizliyinin möhkəmlənməsinə, Avrasiyada ticarət və nəqliyyat imkanlarının genişlənməsinə, Cənubi Qafqazda davamlı sabitliyin və iqtisadi tərəqqinin təmin olunmasına mühüm töhfə verir. Bu baxımdan iyulun 1-də keçirilən görüş gələcək əməkdaşlığın yeni mərhələsinin əsas istiqamətlərini müəyyən edən əlamətdar siyasi hadisə kimi tarixə düşür.

Heydər Əsədov
Milli Məclisin deputatı

Geri dön