Ana Sayfa > Manşet / Siyasət > Səttar Möhbalıyev: " "Milli maraqlara əsaslanan texnoloji modernləşmə siyasəti"
Səttar Möhbalıyev: " "Milli maraqlara əsaslanan texnoloji modernləşmə siyasəti"Bu gün, 15:06. Yazar: azer |
![]() Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədrliyi ilə baş tutan Rəqəmsal İnkişaf Şurasının ilk iclası yalnız yeni bir idarəetmə mexanizminin fəaliyyətə başlaması kimi deyil, həm də ölkənin gələcək inkişaf trayektoriyasını müəyyən edən mühüm siyasi hadisə kimi dəyərləndirilməlidir. Çünki müasir dünyada dövlətlərin iqtisadi qüdrəti, təhlükəsizlik imkanları və beynəlxalq rəqabət potensialı artıq təkcə ənənəvi resurslarla deyil, daha çox rəqəmsal texnologiyalar, süni intellekt və innovasiya imkanları ilə ölçülür. Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib. Fikirlərini davam etdirən millət vəkili bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın çıxışında səslənən fikirlər aydın şəkildə göstərir ki, Azərbaycan rəhbərliyi rəqəmsal transformasiyanı yalnız texniki yenilənmə prosesi kimi deyil, dövlət idarəçiliyinin təkmilləşdirilməsi, iqtisadi inkişafın sürətləndirilməsi və milli təhlükəsizlik sisteminin möhkəmləndirilməsi baxımından əsas strateji istiqamətlərdən biri kimi nəzərdən keçirir. Cənab Prezident İlham Əliyevin bu ilin fevral ayında keçirdiyi müşavirədə müəyyən etdiyi prioritetlər, eləcə də həmin prioritetlərin davamı olaraq hazırlanmış üçillik Fəaliyyət Planı Azərbaycanın rəqəmsal gələcəyinə dair aydın və konkret yol xəritəsinin mövcudluğunu nümayiş etdirir. Bu, heç də təsadüfi yanaşma deyil. Çünki XXI əsrin ikinci rübünə qədəm qoyan dünyada rəqəmsallaşma artıq dövlətlərin inkişaf strategiyalarının ayrılmaz tərkib hissəsinə çevrilib. Məhz bu baxımdan, Rəqəmsal İnkişaf Şurasının yaradılması dövlət qurumlarının fəaliyyətinin uzlaşdırılması, vahid rəqəmsal siyasətin formalaşdırılması və qəbul olunan qərarların operativ icrasının təmin edilməsi baxımından mühüm institusional addımdır. Əslində, bu yanaşma dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi ilə də tam səsləşir. Bu gün Sinqapur, Cənubi Koreya, Birləşmiş Ərəb Əmirlikləri, Estoniya və Finlandiya kimi ölkələrin uğurlarının əsasında məhz mərkəzləşdirilmiş rəqəmsal idarəetmə sistemləri dayanır. Azərbaycan da son illərdə bu sahədə mühüm nailiyyətlər qazanıb. “ASAN xidmət” modeli artıq beynəlxalq səviyyədə ən uğurlu elektron dövlət xidmətlərindən biri kimi tanınır. Rəqəmsal hökumət platformalarının genişləndirilməsi, elektron imza mexanizminin tətbiqi, “myGov” portalının funksiyalarının artırılması və dövlət xidmətlərinin elektronlaşdırılması ölkənin rəqəmsal transformasiya prosesində mühüm mərhələlərdən hesab olunur. Mehriban xanım Əliyevanın çıxışında önə çəkilən əsas məqamlardan biri də ondan ibarətdir ki, qarşıya qoyulan məqsəd təkcə yeni texnologiyaların tətbiqi ilə məhdudlaşmır. Burada əsas hədəf iqtisadi artımın yeni qaynaqlarının formalaşdırılması, innovasiya ekosisteminin gücləndirilməsi, xarici investisiyaların cəlb olunması və yerli startapların dəstəklənməsi kimi strateji vəzifələrin reallaşdırılmasıdır. Müasir dünya iqtisadiyyatında rəqəmsal sektor ən sürətlə inkişaf edən istiqamətlərdən biridir. Birləşmiş Millətlər Təşkilatının və Dünya Bankının hesabatları da göstərir ki, rəqəmsal iqtisadiyyat artıq qlobal ÜDM-in əhəmiyyətli hissəsini təşkil edir və bu pay ildən-ilə artmaqdadır. Süni intellekt texnologiyalarının isə yaxın onillikdə dünya iqtisadiyyatına trilyonlarla dollar əlavə dəyər qazandıracağı proqnozlaşdırılır. Azərbaycanın enerji resurslarına əsaslanan iqtisadi modeldən innovasiya və bilik iqtisadiyyatına keçid strategiyası da məhz bu qlobal meyllərin tərkib hissəsidir. Dövlət başçısının qeyri-neft sektorunun inkişafı ilə bağlı müəyyən etdiyi prioritetlər rəqəmsal texnologiyaların geniş tətbiqini zəruri edir. Çünki gələcəyin iqtisadi modelində əsas sərvət təbii ehtiyatlar deyil, insan kapitalı, innovasiya potensialı və yüksək texnologiyalar olacaqdır. Millət vəkili onu da bildirib ki, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban xanım Əliyevanın süni intellektin artıq gələcəyin deyil, məhz bu günün əsas inkişaf amili olması barədə fikri xüsusi diqqətə layiqdir. Doğrudan da, süni intellekt bu gün iqtisadiyyatın demək olar ki, bütün sahələrinə nüfuz edir. Səhiyyədən təhsilə, kənd təsərrüfatından sənayeyə, maliyyə sektorundan dövlət idarəçiliyinə qədər bütün istiqamətlərdə yeni texnologiyalar məhsuldarlığı artırır, xərcləri azaldır və qərarvermə prosesini daha səmərəli edir. Bununla yanaşı, süni intellektin milli təhlükəsizlik sahəsində artan rolu da yeni yanaşmalar tələb edir. Müasir müharibələrin və geosiyasi rəqabətin əsas elementlərindən biri informasiya texnologiyaları və kiberməkandır. Bu gün dövlətlər yalnız fiziki sərhədlərini deyil, eyni zamanda rəqəmsal məkanlarını da qorumağa məcburdurlar. Elə buna görə də kibertəhlükəsizlik artıq milli təhlükəsizlik strategiyalarının əsas komponentlərindən birinə çevrilib. Azərbaycanın son illərdə kibertəhlükəsizlik istiqamətində atdığı addımlar, bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi və rəqəmsal təhlükəsizlik mexanizmlərinin gücləndirilməsi yeni çağırışlara adekvat cavab vermək iradəsinin göstəricisidir. Lakin süni intellektin inkişaf sürəti nəzərə alınarsa, bu istiqamətdə daha çevik və qabaqlayıcı siyasətin həyata keçirilməsi xüsusi əhəmiyyət kəsb edir. Mehriban xanım Əliyevanın çıxışında ayrıca vurğulanan digər mühüm məqam beynəlxalq təcrübənin öyrənilməsi və uğurlu modellərin tətbiq olunması ilə bağlıdır. Qloballaşan dünyada texnoloji inkişaf milli sərhədlərlə məhdudlaşmır. Bu səbəbdən qabaqcıl dövlətlərin təcrübəsindən faydalanmaq mühüm əhəmiyyət daşıyır. Bununla yanaşı, Birinci vitse-prezidentin qeyd etdiyi kimi, bütün qərarlar Azərbaycanın milli maraqlarına və ehtiyaclarına uyğun şəkildə qəbul edilməlidir. Bu, son dərəcə vacib siyasi yanaşmadır. Çünki hər bir ölkənin rəqəmsal inkişaf modeli onun sosial, iqtisadi və milli təhlükəsizlik xüsusiyyətlərinə əsaslanmalıdır. Xarici təcrübənin kor-koranə şəkildə tətbiqi deyil, onun milli maraqlara uyğunlaşdırılması dayanıqlı inkişafın əsas şərtlərindən biridir. Bu gün Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri də regionun aparıcı rəqəmsal və innovasiya mərkəzlərindən birinə çevrilməkdir. Ölkənin coğrafi mövqeyi, müasir infrastruktur layihələri, insan kapitalına yönəldilən investisiyalar və siyasi sabitlik bu istiqamətdə Azərbaycana ciddi üstünlüklər qazandırır. Zəngəzur dəhlizi, Orta Dəhliz və beynəlxalq nəqliyyat-logistika layihələrinin inkişafı fonunda rəqəmsal kommunikasiya imkanlarının genişləndirilməsi Azərbaycanın strateji əhəmiyyətini daha da artırır. Əslində, Rəqəmsal İnkişaf Şurasının ilk iclası ölkənin gələcək inkişaf modelinə dair yeni siyasi baxışın təqdimatı kimi də qiymətləndirilə bilər. Burada əsas məqsəd təkcə texnologiyaların tətbiqi deyil, eyni zamanda rəqəmsal dövlətin qurulması, innovativ iqtisadiyyatın formalaşdırılması və təhlükəsiz informasiya məkanının yaradılmasıdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata keçiriləcək bu yeni mərhələ Azərbaycanın müasir çağırışlara uyğun inkişafının, milli maraqlara əsaslanan texnoloji modernləşmə siyasətinin və regionun aparıcı rəqəmsal güclərindən birinə çevrilmək strategiyasının mühüm tərkib hissəsinə çevriləcəkdir. Bu isə ölkəmizin qarşıdakı onilliklərdə də dayanıqlı inkişafını təmin edən əsas amillərdən biri kimi tarixdə qalacaqdır- deyə Səttar Möhbalıyev fikirlərini yekunlaşdırıb. Geri dön |