Ana Sayfa > Özəl > Prezident İlham Əliyevin uğurlu diplomatiyası: Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni strateji mərhələ
Prezident İlham Əliyevin uğurlu diplomatiyası: Azərbaycan–Avropa İttifaqı münasibətlərində yeni strateji mərhələBu gün, 12:57. Yazar: azer |
![]() Müasir beynəlxalq münasibətlər sistemində dövlətlərin siyasi nüfuzu, iqtisadi gücü və geostrateji mövqeyi onların xarici siyasət kursunun uğuru ilə müəyyən edilir. Bu baxımdan Azərbaycan son illərdə həyata keçirdiyi müstəqil, balanslaşdırılmış və milli maraqlara söykənən xarici siyasət nəticəsində regionun əsas siyasi, iqtisadi və enerji mərkəzlərindən birinə çevrilmişdir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli diplomatiya ölkəmizin həm Şərq, həm də Qərb istiqamətində etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirib. Bu gün Azərbaycan Avropa İttifaqı ilə münasibətlərini qarşılıqlı hörmət, bərabərhüquqlu əməkdaşlıq və milli maraqlar prinsipi əsasında inkişaf etdirir. İyulun 1-də Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayenin Azərbaycana işgüzar səfəri də məhz bu əməkdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirdi. Prezident İlham Əliyevlə keçirilən təkbətək və geniştərkibli görüşlər, eləcə də mətbuata verilən birgə bəyanatlar göstərdi ki, Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlər artıq təkcə enerji sahəsi ilə məhdudlaşmır, nəqliyyat, rəqəmsal transformasiya, yaşıl enerji, investisiya, ticarət və regional təhlükəsizlik kimi strateji istiqamətləri də əhatə edir. Azərbaycanın Avropa ilə münasibətlərinin təməli Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi uzaqgörən xarici siyasət kursu nəticəsində formalaşmışdır. Məhz onun rəhbərliyi dövründə ölkəmiz beynəlxalq təşkilatlarla əməkdaşlığını genişləndirmiş, Avropa məkanına inteqrasiya istiqamətində mühüm addımlar atmışdır. Azərbaycanın Avropa Şurasına tamhüquqlu üzv qəbul olunması, demokratik institutların inkişafı, hüquqi dövlət quruculuğu və insan hüquqlarının qorunması sahəsində həyata keçirilən islahatlar bu siyasətin mühüm nəticələri idi. Prezident İlham Əliyev isə bu siyasi kursu müasir dövrün çağırışlarına uyğun şəkildə inkişaf etdirərək Azərbaycanın beynəlxalq nüfuzunu daha da artırmışdır. Bu gün ölkəmiz Avropa İttifaqının Cənubi Qafqaz regionunda ən etibarlı tərəfdaşlarından biri hesab olunur. Xüsusilə enerji təhlükəsizliyi məsələsində Azərbaycanın rolu Avropa üçün strateji əhəmiyyət daşıyır. Cənub Qaz Dəhlizinin uğurla reallaşdırılması, TANAP və TAP layihələrinin istismara verilməsi Avropanın enerji mənbələrinin şaxələndirilməsində Azərbaycanın əvəzsiz rolunu nümayiş etdirir. Hazırda Azərbaycan təbii qazını Avropa İttifaqına üzv olan on ölkəyə ixrac edir və bu coğrafiyanın gələcəkdə daha da genişləndirilməsi planlaşdırılır. Dünyada enerji təhlükəsizliyinin prioritet məsələyə çevrildiyi bir dövrdə Azərbaycan özünü etibarlı, məsuliyyətli və uzunmüddətli tərəfdaş kimi təsdiq etmişdir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycanın enerji siyasəti qarşılıqlı etimad və faydalı əməkdaşlıq prinsiplərinə əsaslanır. Son illərdə Azərbaycanın həyata keçirdiyi nəqliyyat və logistika layihələri də Avropa İttifaqının diqqət mərkəzindədir. Orta Dəhliz layihəsinin inkişafı, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının imkanlarının genişləndirilməsi, Bakı–Tbilisi–Qars dəmir yolu və digər beynəlxalq nəqliyyat marşrutları Azərbaycanın Avropa ilə Asiya arasında mühüm logistika qovşağına çevrilməsini təmin edib. Məhz buna görə Avropa Komissiyası Azərbaycanı qlobal nəqliyyat zəncirinin əsas iştirakçılarından biri kimi qiymətləndirir. Ursula fon der Lyayenin səfəri zamanı "Avropa İttifaqı–Azərbaycan Bağlantı Tərəfdaşlığı" təşəbbüsünün irəli sürülməsi də xüsusi əhəmiyyət daşıyır. Bu təşəbbüs nəqliyyat, enerji və rəqəmsal bağlantının daha da inkişaf etdirilməsinə, yeni investisiyaların cəlb edilməsinə və regionun iqtisadi potensialının artırılmasına xidmət edəcək. Avropa İttifaqının "Qlobal Qapılar" proqramı çərçivəsində Cənubi Qafqaz regionuna ayrılması nəzərdə tutulan maliyyə vəsaiti Azərbaycanın beynəlxalq iqtisadi layihələrdə rolunu daha da gücləndirəcək. Azərbaycanın yaşıl enerji strategiyası da Avropa İttifaqının diqqətində olan əsas istiqamətlərdəndir. Xəzər dənizinin külək enerjisi potensialı, günəş və digər bərpaolunan enerji layihələri ölkəmizi gələcəyin yaşıl enerji mərkəzlərindən birinə çevirmək imkanına malikdir. Qarabağ və Şərqi Zəngəzurun "yaşıl enerji zonası" elan olunması, beynəlxalq enerji şirkətləri ilə imzalanan müqavilələr və həyata keçirilən iri layihələr bu istiqamətdə mühüm nəticələr verir. Səfər zamanı regional təhlükəsizlik və sülh məsələləri də geniş müzakirə olundu. Avropa Komissiyasının Prezidenti Ermənistanla Azərbaycan arasında sülh prosesinin irəliləməsini yüksək qiymətləndirərək Prezident İlham Əliyevin nümayiş etdirdiyi siyasi iradəni xüsusi vurğuladı. Bu, Azərbaycanın regionda sabitlik və uzunmüddətli əməkdaşlıq naminə həyata keçirdiyi siyasətin beynəlxalq səviyyədə dəstəkləndiyini bir daha göstərir. Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində yalnız enerji ixrac edən ölkə deyil. Ölkəmiz həm də mühüm diplomatik təşəbbüslərin müəllifi, beynəlxalq tədbirlərin uğurlu təşkilatçısı, müxtəlif sivilizasiyalar arasında dialoqu təşviq edən etibarlı tərəfdaş kimi tanınır. COP29 kimi mötəbər beynəlxalq tədbirə ev sahibliyi etməsi də Azərbaycanın artan beynəlxalq nüfuzunun bariz nümunəsidir. Prezident İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin əsas üstünlüyü ondan ibarətdir ki, Azərbaycan heç bir geosiyasi mərkəzin təsiri altında deyil, milli maraqlarını əsas götürərək bütün tərəfdaşlarla qarşılıqlı hörmət və bərabərlik prinsipi əsasında əməkdaşlıq edir. Məhz bu siyasət ölkəmizin həm Avropa İttifaqı, həm Türk dünyası, həm İslam ölkələri, həm də digər beynəlxalq tərəfdaşlarla münasibətlərinin uğurla inkişaf etməsinə şərait yaradır. Avropa Komissiyasının Prezidentinin Azərbaycana səfəri bir daha nümayiş etdirdi ki, ölkəmiz Cənubi Qafqazın aparıcı dövləti olmaqla yanaşı, Avropa ilə Asiya arasında etibarlı körpü rolunu oynayır. Enerji təhlükəsizliyi, nəqliyyat-kommunikasiya layihələri, yaşıl enerji, rəqəmsal transformasiya və regional əməkdaşlıq sahələrində əldə olunan razılaşmalar Azərbaycan–Avropa İttifaqı münasibətlərinin gələcək inkişafına yeni dinamika verəcək. Şübhəsiz ki, Prezident İlham Əliyevin uzaqgörən və praqmatik diplomatiyası nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz mövqeyini daha da möhkəmləndirəcək, Avropa İttifaqı ilə strateji tərəfdaşlıq isə qarşıdakı illərdə yeni layihələr, yeni təşəbbüslər və qarşılıqlı faydalı əməkdaşlıqla daha da zənginləşəcək. Bayram Xudayarov Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü. Geri dön |