Ana Sayfa > Manşet / Siyasət / Özəl > Novruzəli Aslanov: “Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələyə keçid etibarlı tərəfdaşlığın təməlini daha da möhkəmləndirəcək”
Novruzəli Aslanov: “Azərbaycan-Avropa İttifaqı münasibətlərində yeni mərhələyə keçid etibarlı tərəfdaşlığın təməlini daha da möhkəmləndirəcək”Bu gün, 14:40. Yazar: azer |
![]() “Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə Bakıda keçirdiyi görüş və mətbuata verdiyi bəyanat Azərbaycan–Avropa İttifaqı münasibətlərinin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu bir daha nümayiş etdirdi. Son aylarda Avropa İttifaqının ali rəhbərliyinin ardıcıl şəkildə Azərbaycana səfərləri təsadüfi diplomatik fəallıq deyil, tərəflərin əməkdaşlığı daha geniş müstəviyə çıxarmaq iradəsinin real ifadəsidir. Dövlət başçısının da vurğuladığı kimi, münasibətlərdə müşahidə olunan görünməmiş dinamika məhz qarşılıqlı etimad və ortaq maraqlar üzərində formalaşır. Azərbaycan uzun illərdir ki, praqmatik və qarşılıqlı faydaya əsaslanan xarici siyasət yürüdür. Bu siyasətin nəticəsidir ki, bu gün Avropa İttifaqı ölkəmizin ən böyük ticarət tərəfdaşıdır. Xarici ticarət dövriyyəsinin 40 faizdən çoxunun Avropa İttifaqına üzv dövlətlərin payına düşməsi, eyni zamanda Cənubi Qafqaz regionunda Avropa ilə aparılan ticarətin böyük hissəsinin Azərbaycan vasitəsilə reallaşması ölkəmizin iqtisadi potensialını və geosiyasi əhəmiyyətini aydın şəkildə nümayiş etdirir.” Bunları Milli Məclisin deputatı Novruzəli Aslanov aia.az-a açıqlamasında eyib. Millət vəkili vurğulayıb ki, son illərdə enerji sahəsində əldə olunan nəticələr Azərbaycan-Avropa İttifaqı tərəfdaşlığının strateji xarakter daşıdığını təsdiqləyir: “Dörd il əvvəl imzalanmış Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu artıq konkret nəticələr verməkdədir. Azərbaycan qazının Avropa İttifaqına ixracının qısa müddətdə əhəmiyyətli dərəcədə artması və hazırda on Avropa ölkəsinin Azərbaycan qazından istifadə etməsi ölkəmizin etibarlı enerji təchizatçısı kimi nüfuzunu daha da möhkəmləndirib. Xüsusilə qlobal enerji bazarında qeyri-müəyyənliyin davam etdiyi indiki şəraitdə Azərbaycanın öhdəliklərinə sadiqliyi Avropa üçün mühüm etimad amilinə çevrilib. Dövlət başçımızın bəyanatında diqqət çəkən əsas məqamlardan biri də enerji əməkdaşlığının artıq ənənəvi karbohidrogen ixracı ilə məhdudlaşmamasıdır. Bu gün tərəflər bərpaolunan enerji sahəsində də strateji əməkdaşlıq perspektivlərini müzakirə edir. Azərbaycanın zəngin günəş və külək enerjisi potensialı, bu istiqamətdə artıq imzalanmış iri investisiya müqavilələri ölkəmizin yaxın illərdə Avropanın “yaşıl enerji” tərəfdaşlarından birinə çevriləcəyini göstərir. Bu isə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi ilə yanaşı, Avropanın enerji təhlükəsizliyinə verilən töhfənin daha da genişlənməsi deməkdir. Bütün bunlar Prezident İlham Əliyevin uzun illər ərzində həyata keçirdiyi uzaqgörən siyasətin nəticəsidir. Azərbaycanın milli maraqları hər zaman əsas götürülməklə qurulan xarici siyasət xətti ölkəmizə həm Şərq, həm də Qərb üçün etibarlı və proqnozlaşdırılan tərəfdaş statusu qazandırıb. Məhz buna görə bu gün Avropa İttifaqı Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verir, əməkdaşlığın yeni istiqamətlər üzrə genişləndirilməsində maraqlı olduğunu açıq şəkildə nümayiş etdirir. Bakıda keçirilən görüş bir daha göstərdi ki, Azərbaycan–Avropa İttifaqı münasibətləri artıq təkcə iqtisadi maraqlarla məhdudlaşmır. Qarşılıqlı etimad, siyasi dialoq, strateji baxışların yaxınlaşması və uzunmüddətli əməkdaşlıq perspektivləri bu münasibətləri yeni məzmuna qovuşdurur. Azərbaycanın müstəqil siyasəti, etibarlı tərəfdaş imici və beynəlxalq nüfuzu ölkəmizin Avropa ilə əlaqələrinin bundan sonra da yüksələn xətt üzrə inkişaf edəcəyini deməyə tam əsas verir” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb. Geri dön |