Ana Sayfa > Özəl > Gürcüstanda azərbaycanlı qızın qətli: İstintaqda yeni və sarsıdıcı iddialar

Gürcüstanda azərbaycanlı qızın qətli: İstintaqda yeni və sarsıdıcı iddialar


Bu gün, 20:00. Yazar: vasif
Gürcüstanda azərbaycanlı qızın qətli: İstintaqda yeni və sarsıdıcı iddialar



Gürcüstanda Azərbaycan vətəndaşı olan gənc qızın qətli ilə bağlı yeni detallar açıqlanıb.

Məlumata görə, Gürcüstanda məişət zorakılığı qurbanlarına hüquqi yardım göstərən "Sapari" təşkilatının rəhbəri Baia Pataraia bildirib ki, hadisə ilə bağlı ona müraciət edən rusiyalı influenser işin araşdırılması və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasını xahiş edib.

İddialara əsasən, valideynlərini itirmiş azərbaycanlı gənc qız sevgilisinin Gürcüstanda birlikdə yaşamaq və işləmək vədinə inanaraq bu ölkəyə gəlib. Lakin vəd edilən iş olmayıb. Maddi sıxıntı yarandıqdan sonra sevgilisinin əvvəlcə qızın telefonunu lombarda qoyduğu, daha sonra onu döyərək küçədə tək buraxdığı və Azərbaycana qayıtdığı bildirilir.

Məlumata görə, çətin vəziyyətdə qalan qıza bir qadın sığınacaq verib və ailəsi ilə əlaqə yaratmasına kömək edib. Daha sonra qohumlarından biri Gürcüstana gələrək onu kirayə mənzilə yerləşdirib.

Bir neçə gün sonra gənc qızla əlaqə kəsilib. Bacısı onunla əlaqə saxlaya bilmədikdən sonra mənzilə baxılması xahiş olunub. Qapı açılmadığı üçün hadisə yerinə polis çağırılıb. Hüquq-mühafizə orqanları mənzilə daxil olduqda gənc qızın meyitini aşkar ediblər.

Açıqlamaya görə, cinayəti törətməkdə şübhəli bilinən şəxsin Türkiyəyə qaçdığı iddia olunur və onun barəsində axtarış elan edilib.

Bildirilib ki, vəkillər öldürülən qızın bacısının maraqlarını təmsil etmək üçün Gürcüstan Prokurorluğuna müraciət ediblər. Müraciətlə bağlı yekun qərarı prokurorluq verəcək.

Hadisə ilə bağlı yayılan iddialar və cinayətin motivi barədə rəsmi istintaq davam edir. Hüquq-mühafizə orqanları araşdırmanın nəticələri ilə bağlı hələ yekun açıqlama verməyiblər.
Geri dön