Ana Sayfa > Özəl > Restoranlarda istifadə olunan ətlərə nəzarət gücləndirilir – Mənşəyi bilinməyən məhsullar necə aşkar edilir?
Restoranlarda istifadə olunan ətlərə nəzarət gücləndirilir – Mənşəyi bilinməyən məhsullar necə aşkar edilir?Bu gün, 19:13. Yazar: vasif |
![]() Azərbaycanda ictimai iaşə müəssisələrində istifadə olunan ət məhsullarının təhlükəsizliyi yenidən diqqət mərkəzinə gəlib. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzlinin açıqladığı rəqəmlər bu sahədə aparılan nəzarətin nəticələrini ortaya qoyub. AQTA rəhbərinin sözlərinə görə, indiyədək 7 500-ə yaxın yoxlama aparılıb və 626 halda baytarlıq-sanitariya ekspertizasından keçməyən, mənşəyi məlum olmayan ətlər, o cümlədən at əti aşkarlanıb. Yoxlamalar zamanı 500 kiloqrama yaxın yararsız ət də dövriyyədən çıxarılıb. Qida üzrə ekspert İlkin Şirinov bildirib ki, yalnız rəsmi kəsim məntəqələrində kəsilən heyvanlar baytarlıq müayinəsindən keçirilərək təhlükəsizlik baxımından yoxlanılır. Onun sözlərinə görə, at ətinin qanunvericiliyin tələblərinə uyğun şəkildə, öz adı altında satılması problem yaratmır. Qanun pozuntusu isə at ətinin mal və ya dana əti kimi təqdim olunması zamanı baş verir və bu, istehlakçı hüquqlarının pozulması hesab olunur. Ekspert qeyd edib ki, restoran və kafelər ət məhsullarını yalnız etibarlı və rəsmi təchizatçılardan almalı, qida təhlükəsizliyi standartlarına ciddi əməl etməlidirlər. O, həmçinin ictimai iaşə obyektlərində şəffaf mətbəx modelinin tətbiqinin istehlakçı etimadını artıracağını bildirib. İlkin Şirinovun sözlərinə görə, ətin keyfiyyəti həm vizual əlamətlər, həm də laborator müayinələr vasitəsilə müəyyən edilir. Lakin məhsulun sağlam olub-olmamasını yalnız görünüşünə əsasən qiymətləndirmək mümkün deyil. Heyvan mənşəli məhsulların təhlükəsizliyi üçün baytarlıq nəzarəti və laborator analizlər əsas şərt hesab olunur. Ekspert vurğulayıb ki, qida təhlükəsizliyinin təmin olunmasında təkcə dövlət qurumlarının deyil, istehlakçıların da məsuliyyəti böyükdür. Vətəndaşlara mənşəyi məlum olmayan, baytarlıq möhürü və müvafiq sənədləri olmayan ət məhsullarını almamaq tövsiyə olunur. Geri dön |