Ana Sayfa > Siyasət > Kremlin planı pozulur: Putin ağır seçim qarşısında
Kremlin planı pozulur: Putin ağır seçim qarşısındaBu gün, 14:34. Yazar: azer |
![]() Müharibə Moskvanın qapısını döyür: Kremlin hesabları alt-üst olur ABŞ ilə İran arasında əldə olunan anlaşmadan sonra qlobal geosiyasi gündəmin ağırlıq mərkəzi yenidən Rusiya-Ukrayna müharibəsinə yönəlməyə başlayıb. Bu dəyişiklik Moskvanın maraqlarına uyğun deyil. Əksinə, son aylarda cəbhədə və Rusiyanın daxilində baş verən proseslər göstərir ki, Kremlin müharibəni öz ssenarisi üzrə davam etdirmək imkanları əvvəlki dövrlərlə müqayisədə xeyli zəifləyib. Hərbi, iqtisadi, sosial və diplomatik istiqamətlərdə yaranan problemlər Putini getdikcə daha mürəkkəb seçim qarşısında qoyur. Əgər bir neçə ay öncəyədək Kreml zamanın öz xeyrinə işlədiyini hesab edirdisə, artıq vəziyyət dəyişir. Zaman tədricən Ukraynanın və onun Qərb müttəfiqlərinin xeyrinə işləməyə başlayır. Enerji infrastrukturu hədəfdədir – Kremlin ən zəif nöqtəsi üzə çıxır Müharibənin ilk illərində Ukrayna əsasən cəbhə xəttində müdafiə xarakterli əməliyyatlar aparırdı. Lakin son aylarda Kiyev tamamilə fərqli strategiyaya keçib. Yüzlərlə uzaqmənzilli pilotsuz uçuş aparatı və raketlə Rusiyanın dərinliklərində yerləşən neft bazaları, neft emalı zavodları, yanacaq anbarları, logistika mərkəzləri və enerji infrastrukturu sistemli şəkildə vurulur. Bu zərbələrin nəticələri artıq statistikadan çıxaraq gündəlik həyata təsir göstərməyə başlayıb. Rusiyanın əllidən çox regionunda yanacaq qıtlığı yaranıb, bir sıra yanacaqdoldurma məntəqələrində satış məhdudlaşdırılıb, logistika zəncirləri pozulub. Vəziyyət o qədər kritik həddə çatıb ki, iyunun 28-də Vladimir Putin yanacaq böhranına həsr olunmuş xüsusi müşavirə keçirməyə məcbur oldu və hökumətə vəziyyətin stabilləşdirilməsi üçün təcili tapşırıqlar verdi. Bu faktın özü göstərir ki, Ukraynanın uzaqmənzilli hücumları artıq taktiki deyil, strateji nəticələr doğurmağa başlayıb. Müharibə artıq Moskva küçələrində Uzun müddət Kreml müharibənin ağır nəticələrini əsasən sərhəd bölgələri ilə məhdudlaşdıra bilmişdi. Moskva və Sankt-Peterburq sakinləri isə müharibəni televiziya ekranlarından izləyirdi. Vəziyyət isə artıq dəyişib. Paytaxt və digər iri şəhərlər mütəmadi pilotsuz aparat hücumları ilə üz-üzə qalır. Aeroportların bağlanması, hava məkanının məhdudlaşdırılması, sənaye obyektlərinə zərbələr, elektrik və logistika problemləri müharibənin artıq ölkənin mərkəzinə çatdığını göstərir. Hərbi analitiklərin fikrincə, Ukraynanın əsas məqsədi yalnız zavodları vurmaq deyil. Məqsəd həm də Rusiya cəmiyyətinə müharibənin real qiymətini göstərməkdir. Britaniyalı ekspert Kir Cayls də hesab edir ki, Putin artıq müharibənin reallıqlarını ictimaiyyət qarşısında etiraf etməyə məcbur olur. Onun sözlərinə görə, Ukrayna uzun müddətdir qarşısına qoyduğu məqsədə-müharibəni rusların öz evlərinə hiss etdirməyə nail olmağa başlayıb. ABŞ-İran anlaşması Vaşinqtonun diqqətini yenidən Ukraynaya yönəldir Yaxın Şərqdə gərginliyin müəyyən qədər azalması Vaşinqtonun strateji resurslarını yenidən Avropaya yönəltməsi üçün əlavə imkan yaradır. ABŞ administrasiyası artıq diqqətini yenidən Rusiya-Ukrayna müharibəsinə yönəldir. Donald Trampın da son açıqlamalarında Ukraynanın müharibədə üstünlük qazanmaq imkanlarının artdığı etiraf edilir. Bu isə Qərbdə yeni siyasi atmosfer formalaşdırır. Əgər bir müddət əvvəl Ukraynaya dəstəyin məqsədi onun müqavimətini qorumaq idisə, indi artıq Kiyevin qələbə qazanmasının mümkünlüyü açıq şəkildə müzakirə olunur. Məhz buna görə də uzaqmənzilli silahlar, pilotsuz sistemlər və yüksək texnologiyalar sahəsində dəstəyin genişləndirilməsi istiqamətində yeni qərarlar qəbul edilir. Rusiya iqtisadiyyatı sanksiyaların ağırlığını daha çox hiss edir Müharibənin ilk illərində Kreml iqtisadiyyatı sanksiyalara uyğunlaşdığını nümayiş etdirməyə çalışırdı. Ancaq bu gün mənzərə fərqlidir. Enerji obyektlərinin məhv edilməsi ilə Qərb sanksiyalarının təsiri üst-üstə düşərək iqtisadiyyata ikiqat zərbə vurur. İstehsal azalır, logistika bahalaşır, işçi qüvvəsi çatışmazlığı dərinləşir, müdafiə sənayesinin təminatında problemlər artır. Hərbi ekspertlərin fikrincə, bu proses davam edərsə, Rusiya hərbi maşınının uzunmüddətli müharibə aparmaq imkanları ciddi şəkildə zəifləyəcək. Səfərbərlik Kreml üçün siyasi mina sahəsinə çevrilir Moskvanı narahat edən əsas problemlərdən biri də yeni səfərbərlik dalğasıdır. Artıq könüllü müqavilə sistemi əvvəlki effekti vermir. İtkilər artır. Yeni canlı qüvvəyə ehtiyac yüksəlir. Lakin növbəti genişmiqyaslı mobilizasiya xüsusilə Moskva və Sankt-Peterburq kimi iri şəhərlərin gənclərini əhatə edərsə, bu, Kremlin daxili sabitliyi üçün ciddi təhlükəyə çevrilə bilər. ABŞ ordusunun Avropadakı keçmiş komandanı Ben Qoces hesab edir ki, imtiyazlı təbəqələrin övladları müharibəyə göndərilməyə başlasa, Putinə ictimai dəstək sürətlə zəifləyəcək. Krım və Donbas uğrunda son geosiyasi yarış Ekspertlərin fikrincə, Ukrayna artıq yalnız cəbhədə deyil, Krımın logistik təcridi istiqamətində də mühüm nəticələr əldə edir. Kerç körpüsünün və digər logistika marşrutlarının vurulması yarımadada enerji problemlərini daha da artırıb. Ekspert Kir Cayls hesab edir ki, bu temp davam edərsə, Krımı əvvəlki şəkildə saxlamaq Moskva üçün getdikcə qeyri-mümkün olacaq. Bununla belə, Putin geri çəkilmək niyyətində görünmür. Əksinə, Kreml ən azı Donbasın tam nəzarətini təmin etdikdən sonra danışıqlar masasına oturmağı planlaşdırır. Moskvanın son dövrlərdə həm Belarus Prezidenti Aleksandr Lukaşenko, həm də Çin rəhbərliyi ilə intensiv məsləhətləşmələri də məhz bu məqsədə xidmət edir. Lukaşenkonun Putinlə görüşündən dərhal sonra Pekinə səfər etməsi və Si Cinpinlə danışıqlar aparması yaranmış vəziyyətin koordinasiyası baxımından diqqət çəkən hadisədir. Tehran artıq Moskvanın dayağı ola bilmir ABŞ-la əldə olunan anlaşmadan sonra İranın prioritetləri də dəyişib. Tehran nə iqtisadi, nə hərbi baxımdan Rusiyaya əvvəlki həcmdə dəstək vermək imkanındadır. Əksinə, İran üçün hazırkı mərhələdə beynəlxalq diqqətin yenidən Rusiya-Ukrayna müharibəsinə yönəlməsi daha sərfəlidir. Bu isə Kremlin regional dayaqlarından birinin zəifləməsi deməkdir. Putinin ağır seçim qarşısında Mövcud proseslər göstərir ki, Ukraynanın genişmiqyaslı uzaqmənzilli zərbə kampaniyası müharibənin xarakterini dəyişib. Rusiyanın arxa cəbhəsi artıq təhlükəsiz deyil. Yanacaq böhranı dərinləşir. Sanksiyalar iqtisadiyyatı zəiflədir. Mobilizasiya problemləri artır. İctimai narazılıq genişlənir. Qərbin Ukraynaya dəstəyi isə əvvəlkindən daha sistemli xarakter alır. Əgər bu tendensiyalar yaxın aylarda da davam edərsə, Kreml getdikcə daha çətin dilemma ilə üzləşəcək. Bir tərəfdən müharibəni davam etdirmək Rusiyanın iqtisadi və sosial resurslarını tükəndirəcək, digər tərəfdən isə münaqişəni dondurmaq indiyədək bəyan etdiyi maksimalist məqsədlərdən geri çəkilmək anlamına gələcək. Bu səbəbdən qarşıdakı aylar təkcə cəbhədə deyil, Kremlin siyasi gələcəyi baxımından da həlledici dövr hesab olunur. Müharibənin ağırlıq mərkəzi artıq tədricən Rusiyanın öz daxilinə keçir və bu, Vladimir Putinin indiyədək üzləşdiyi ən ciddi strateji sınaqlardan biri kimi qiymətləndirilə bilər. Mürtəza Bünyadlı Geri dön |