Ana Sayfa > Siyasət > Azərbaycan Türk dünyasının intellektual və siyasi mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir

Azərbaycan Türk dünyasının intellektual və siyasi mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir


Bu gün, 11:23. Yazar: azer
Azərbaycan Türk dünyasının intellektual və siyasi mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir

Bakıda keçirilən Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi” təkcə elmi hadisə deyil, həm də Türk dünyasının ortaq tarixi yaddaşına, mədəni kimliyinə və inteqrasiya proseslərinə verilən mühüm siyasi-mədəni töhfə kimi qiymətləndirilməlidir. Bu tədbirin mahiyyətini düzgün anlamaq üçün bir əsr əvvələ, 1926-cı ildə Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyətinə nəzər salmaq vacibdir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Azər Kərimli söyləyib.

O bildirib ki, 1926-cı ilin fevral-mart aylarında keçirilən Birinci Türkoloji Qurultay türk xalqlarının elm, dil, əlifba, tarix və mədəniyyət məsələlərinin müzakirə olunduğu ən mötəbər platformalardan biri idi. Həmin dövrdə müxtəlif coğrafiyalarda yaşayan türk xalqlarının alimlərini, ziyalılarını və ictimai xadimlərini bir araya gətirən Bakı Qurultayı türkoloji elmin inkişafında yeni mərhələnin əsasını qoymuşdu. Qurultayda əlifba islahatı, ortaq elmi terminologiya, türk dillərinin tədqiqi və mədəni əlaqələrin genişləndirilməsi kimi məsələlər müzakirə edilmişdi.

Təəssüf ki, sonrakı illərdə sovet totalitarizmi bu ideyaların əksəriyyətinin həyata keçirilməsinə imkan vermədi. Qurultayın iştirakçılarının mühüm hissəsi repressiyalara məruz qaldı, türk xalqları arasında təbii əlaqələr məhdudlaşdırıldı, ortaq mədəni və elmi məkanın formalaşması prosesi süni şəkildə dayandırıldı. Buna baxmayaraq, Qurultay Türk dünyasının intellektual tarixində milli özünüdərk və mədəni inteqrasiyanın simvollarından biri kimi qaldı.

Məhz bu baxımdan yüz il sonra həmin tarixi hadisənin yenidən Bakıda yad edilməsi və beynəlxalq konqres səviyyəsində qeyd olunması, yalnız keçmişə ehtiram deyil, həm də gələcəyə yönəlmiş strateji baxışın təzahürüdür. Bu təşəbbüsün siyasi və ideoloji əhəmiyyətini artıran əsas amillərdən biri onun Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən irəli sürülməsidir.

“Prezident İlham Əliyev 2025-ci il oktyabrın 6-7-də Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü zamanı Türkoloji Qurultayın 100 illiyinin geniş şəkildə qeyd olunması təşəbbüsü ilə çıxış etmişdi. Bu təşəbbüs, əslində Azərbaycanın son illərdə Türk dünyasında oynadığı birləşdirici missiyanın məntiqi davamı idi. Çünki Azərbaycan artıq yalnız coğrafi baxımdan deyil, siyasi, iqtisadi, nəqliyyat, enerji və humanitar sahələrdə də türk dövlətləri arasında körpü rolunu oynayır.

Türk Dövlətləri Təşkilatının fəaliyyətinin intensivləşdiyi, ortaq iqtisadi məkan, nəqliyyat dəhlizləri, rəqəmsal əməkdaşlıq və humanitar inteqrasiya layihələrinin sürətlə inkişaf etdiyi bir dövrdə Türkoloji Qurultayın yubileyinin keçirilməsi xüsusi məna daşıyır. Əgər 1926-cı ildə əsas məqsəd türk xalqları arasında elmi və mədəni əlaqələrin yaradılması idisə, bu gün həmin məqsəd daha geniş miqyasda, ortaq strateji məkanın formalaşdırılması kontekstində aktuallıq qazanır”, - deyə A.Kərimli vurğulayıb.

Deputat əlavə edib ki, “Türk Dünyası Həftəsi”nin mühüm tərəflərindən biri də türkoloji tədqiqatların müasir çağırışlara uyğun şəkildə yenidən nəzərdən keçirilməsidir. Qloballaşma, rəqəmsallaşma, informasiya müharibələri və mədəni identiklik uğrunda mübarizənin gücləndiyi şəraitdə dil, tarix və mədəniyyət məsələləri artıq yalnız akademik problem deyil, milli təhlükəsizlik və dövlətçilik məsələsinə çevrilib. Türk xalqlarının ortaq tarixi irsinin sistemli şəkildə öyrənilməsi, saxtalaşdırma cəhdlərinə qarşı elmi əsaslandırılmış yanaşmaların formalaşdırılması və ortaq mədəni irsin beynəlxalq səviyyədə tanıdılması strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, Bakı konqresi türkoloji elmin yeni mərhələyə keçidinin rəmzi kimi də qiymətləndirilə bilər. Bir əsr əvvəl dil, əlifba və etnoqrafik tədqiqatlar əsas mövzu idisə, bu gün süni intellekt texnologiyalarının türk dillərinə tətbiqi, rəqəmsal dil korpuslarının yaradılması, ortaq elmi bazaların formalaşdırılması, türk xalqlarının tarixi-mədəni irsinin beynəlxalq platformalarda təşviqi kimi məsələlər ön plana çıxır. Azərbaycanın bu prosesdə aparıcı rol oynaması təsadüfi deyil.

Onun sözlərinə görə, son illərdə ölkəmiz Türk dünyasının siyasi və humanitar inteqrasiyasının əsas təşəbbüskarlarından birinə çevrilib. Qarabağda əldə olunan tarixi Qələbədən sonra Azərbaycanın regional nüfuzu daha da artıb, ölkəmiz türk dövlətləri arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində mühüm layihələrə liderlik edib. Türkoloji Qurultayın 100 illiyinin məhz Bakıda qeyd olunması da Azərbaycanın bu sahədə qazandığı etimadın və nüfuzun göstəricisidir. Əslində 1926-cı ilin Bakı Qurultayı ilə 2026-cı ilin yubiley konqresi arasında görünməyən, lakin çox möhkəm bir mənəvi körpü var. Birinci Qurultayın iştirakçıları türk xalqlarının gələcək birliyini və mədəni inkişafını arzulayırdılar. Onların bir çoxunun ömrü repressiyalar və siyasi təqiblərlə yarımçıq qalsa da, ideyaları yaşayaraq bu günə qədər gəlib çatıb. Yüz il sonra həmin ideyaların daha geniş coğrafiyada, müstəqil türk dövlətlərinin əməkdaşlığı şəraitində yenidən müzakirə olunması tarixi ədalətin müəyyən mənada bərpası kimi də qəbul edilə bilər.

“Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Bakı konqresi keçmişlə gələcək arasında strateji körpü rolunu oynayan mühüm hadisədir. Bu tədbir bir tərəfdən türkoloji elmin zəngin ənənələrinə ehtiramın ifadəsi, digər tərəfdən isə Türk dünyasının yeni geosiyasi və mədəni inteqrasiya mərhələsinin ideya platforması kimi çıxış edir. Prezident İlham Əliyevin Qəbələdə irəli sürdüyü təşəbbüsün reallaşması Azərbaycanın Türk dünyasının intellektual və siyasi mərkəzlərindən biri kimi mövqeyini daha da möhkəmləndirir və ortaq türk gələcəyinin formalaşdırılmasına xidmət edən mühüm strateji addım kimi tarixə düşür”, - deyə A.Kərimli qeyd edib.
Geri dön